"Xaricdəki "soydaşlarımız"ı bu addımlara təhrik edən qüvvələr var" - Deputat

Tahir Mirkişili: "Azərbaycan xalqı isə seçkilərdə aktiv iştirak edərək cənab İlham Əliyevlə bir yerdə olacağını açıq və qəti şəkildə bütün dünyaya bəyan etdi. Bu, həmin qüvvələrə ən layiqli cavab idi”




"Xaricdə yaşayan, Azərbaycana təhqirlər ünvanlayan şəxslərin əsas məqsədi ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq və ölkənin simvollarına hücumdur”.

Bu barədə "Sherg.az”a millət vəkili Tahir Mirkişili bildirib. 

O qeyd edib ki, uzun müddətdir Azərbaycanda xalqla Prezident İlham Əliyev arasındakı oturuşmuş birlik Azərbaycanı istəməyən qüvvələrin qarşısında ən böyük səddə çevrilib:

"Müxtəlif üsullarla bu səddi dağıtmağa nail ola bilməyən qüvvələr indi də xalqımızın milli mənəvi dəyərlərinə yad olan vasitələrlə cəmiyyəti ləkələmək istəyirlər. Onların məqsədi siyasi mübarizə metodlarını xalqımıza yad olan müstəviyə daşımaqdır. Hədəf ölkəmizin sürətli inkişafını dayandırmaq, Azərbaycanı parçalamaq və ölkədə təhlükəsizliyi pozmaqdır. Bu insanlar alətdirlər, onları bu addımlara təhrik və təşviq edən qüvvələr var.

Azərbaycan xalqı isə seçkilərdə aktiv iştirak edərək cənab İlham Əliyevlə bir yerdə olacağını açıq və qəti şəkildə bütün dünyaya bəyan etdi. Bu, həmin qüvvələrə ən layiqli cavab idi”.

Qeyd edək ki, prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı xarici ölkələrdə yaşayan və Azərbaycana təhqirlər ünvanlayan şəxslər barədə fikirlərini səsləndirib. Ölkə başçısı bəyan edib ki, seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur.

Aysel Aslan