Xarici valyutanın həcmi artır

Ölkəyə gələn turistlər pul xərcləməkdə xəsislik etmirlər



2018-ci ilin I rübündə Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2018-ci ilin mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatlar 105,8 mln. manat təşkil edib və ötən ilin mart ayı ilə müqayisədə 16 faiz artıb. 

Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 18 faiz artaraq 296,7 mln. manat təşkil edib.

İqtisadçı-ekspert Pərviz Heydərov "Şərq”ə açıqlamasında ölkəyə gələn əcnəbilərin sayında artım olduğunu söyləyib. Son dövrlər turizm sahəsində əsaslı addımların atılması nəticəsində bu sahə inkişaf etməyə başladı. Qeyri-neft sektoru gələcəkdə ölkə iqtisadiyyatını inkişaf etdirə biləcək əsas sahələrdən biridir. Bu sektorun əsas tərkib hissələrindən birini turizm sahəsi təşkil edir. Neftin qiyməti düşməzdən əvvəl Azərbaycan hökuməti, ayrı-ayrı sahibkarlar və özəl qurumlar ölkədə turizmin inkişafı üçün müvafiq infrastrukturun təşkili məqsədi ilə xeyli vəsait qoyuluşu həyata keçirib. 

Bu sahədə bir sıra tikinti işləri aparılıb. Müxtəlif şirkətlərin təmsilçiliyi ilə Bakıda, Qəbələdə, İsmayıllıda, cənub rayonlarımızda, eləcə də digər rayonlarımızda bir çox yüksək ulduzlu otellər tikilib. Bunların hamısı ölkəyə xarici turistlərin gəlməyinə xidmət edir. 2014-cü ildə neftin qiyməti düşdükdən sonra bu sahənin vacib olduğu önə çəkildi. Beləliklə də dövlət başçısı bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməsi üçün konkret tapşırıqlar verdi. Beynəlxalq reklamların təşkili, viza sisteminin asanlaşdırılması kimi addımlar sonda öz nəticəsini göstərməyə başladı. 2016-cı ildə ölkədə turist axının həcmi ondan əvvəlki ilə nisbətdə xeyli çoxdur. Keçən ildə bu prosedur artan dinamika üzrə inkişaf etdi. Bu il üçün də bu statistikanın artan dinamika üzrə inkişaf edəcəyi gözlənilir. Artıq bu ilin birinci rübü ilə ötən ilin birinci rübünün müqayisəsində xeyli fərq var. Bunu iki rüb arasındakı statistik göstəricidə aydın görmək olar. Xarici qonaqların səfərləri ölkəyə valyuta axınının təmin olunmasına şərait yaradacaq. Gələn turistlərin alqı-satqı prosesini aparması ilə ticarət dövriyyəsi genişlənəcək. Həmçinin ölkənin ümumdaxili məhsulu da turizmin payının genişlənməsinə bilavasitə zəmin yaradır. Bir neçə gün əvvəl "Formula 1” yarışlarının keçirilməsi, bundan əlavə beynəlxalq səviyyəli idman tədbirlərinin təşkili ölkəyə xarici turistlərin gəlişinə şərait yaradır. Bu da ölkənin turizm potensialını turistlərə tanıdır. Beləliklə də turist axını ildən-ilə artmağa başlayır. Turistlərin sayındakı artım iqtisadiyyatımızın inkişafını şərtləndirir”.

Kənan Eynuroğlu