Xəbər aparıcıları necə olmalıdır?

Elvin Basqallı: “Sadə kənd adamlarının məni izləməsindən daha böyük zövq ala bilirəm”Vaqif Aydınoğlu: “Xəbər aparıcısı o qədər mütaliəli olmalıdır ki, o, dünya siyasətini bilməlidir, mədəniyyətdən xəbərdar olmalıdır, sosial hadisələri də izləməlidir”
Uzun müddətir ki, Azərbaycan telekanallarında mövcud olan nöqsanlar, məxsusi olaraq aparıcıların intellektual potensialı və dünya görüşünün qənaətbəxş olmaması, Azərbaycan dilinin ədəbi normalarına riayət etməmələri, nəhayət, qeyri-peşəkar və qeyri-etik davranışları ictimaiyyətdə haqlı narazılıqlara səbəb olub. Dorğudur, məlum vəziyyətlə bağlı günahı televiziya rəhbərliyində axtaranlar da az deyil.
Buna rəğmən əksər ekspertlər belə neqativ halların səbəbini aparıcıların savadsızlığı və təcrübəsizliyi ilə əlaqələndirir. Maraqlıdır, görəsən, aparıcılar bu durumu nə ilə izah edirlər və ümumiyyətlə, teleaparıcı hansı meyarlara cavab verməlidir?
"Space” telekanalının xəbər aparıcısı Elvin Basqallı "Şərq”ə maraqlı açıqlamalar verdi. "Xəbər aparıcısı, düşünürəm ki, ilk növbədə jurnalist olmalıdı. Müasir televiziyanın xəbər aparıcısından söhbət gedirsə, təqdim etdiyi materiallardan özü məlumatlı olmalıdır. İfadə etdiyi fikirləri özü qavrayaraq dərk etməlidir. Xəbər aparıcısı əgər müxbirin əməyini göstərə bilmirsə, onun təqdim etdiyi də maraqlı görünmür. Bir deyim var, aparıcı efiri vəzir də edə bilər, rəzil də edə bilər. 
Tamaşaçı diktora baxmaq məcburiyyətində deyil. Televiziyanın bu gün böyük bir rəqibi var - internet. Canlı yayımda olan xəbər aparıcısı özünü həm də bir jurnalist kimi hiss etməlidir. Daha dəqiq ifadə etsəm, jurnalist olmalıdır. Mən bu qəbildən aparıcıyam. Öz timsalımda bir nümunə göstərə bilərəm ki, bir neçə illik müxbirlik fəaliyyətindən sonra aparıcı olmaq daha uğurlu olur. Ancaq anadan olandan, özümü dərk edəndən aparıcı olmaq arzum olub. "Aparıcı necə olmalıdı” sualının başında ilk əvvəl istedad dayanır. Mən efirə gəlmək, aparıcı olmaq üçün can atırdım. Amma nə yaxşı ki, televiziya fəaliyyətimin ilk illərində mənə mane oldudlar, efirə çıxmağa qoymadılar. Bu gün həmin insanlara təşəkkür edirəm. Tam səmimiyəm. Bilərəkdən, ya bilməyərəkdən, o zaman mənə mane olanlara bu gün minnətdaram. Nə yaxşı ki, ilk dəfə efirə 26 yaşımda çıxmışam. Xəbəri dərk etdikdən sonra xəbər aparıcısı olmuşam. O vaxta qədər müxbir kimi çalışmışam. Efirə isə çıxanda əksər hallarda suflyordan imtina edirəm. Sərbəst oluram, tamaşaçıya nəyisə demirəm, onunla danışıram, hər halda məqsədim budur.
Xəbər aparıcısının canlı yayımda suflyordan imtina etməsi çox riskli bir addımdı. "Bunun üçün aparıcının özünə əminliyi vacib sayılırmı” sualını isə Elvin Basqallı belə cavablandırdı: 
"Azərbaycanda bəlkə də bu gün yeganə xəbər aparıcısıyam ki, suflyordan imtina etmişəm. Məndən əvvəl Xəzər Televiziyasının aparıcısı Anar Nəcəfli Azərbaycan teleməkanında ilk dəfə replika janrından istifadə edib. Qısa münasibətlər bildirirdi reportajlara. Bir qədər təvazökarlıqdan uzaq olsa da, mən reportajın həm təqdimatında, həm reportaj bitəndən sonra, həm də hətta reportajı yarı saxlayıb, tamaşaçının eşitmək istədiyi sözü deyirəm, ekran qarşısındakı tamaşaçı reportajdan sonra hansı sözü işlədə bilərsə, mən də bəzən bu sözləri istifadə edirəm. Tutaq ki, özüm araşdırmaya heyran qalıram, bunu dərhal elə canlı efirdə bildirirəm, tamaşaçını sevindirən, kədərləndirən hansısa hadisəyə elə eyni münasibəti göstərirəm. Bu janrdan əsasən türk telekanallarının xəbər aparıcıları istifadə edir. Rusiya kanallarında xəbər aparıcıları əsasən analitik üsluba üstünlük verirlər. Düzdü, tamaşaçı ekranın digər tərəfində olur, mən onu eşidə bilmirəm, münasibətini görmürəm. Amma onunla ünsiyyətdə olaraq tamamən tamaşaçı ilə polemikaya girirəm. Hətta bu yaxınlarda reportaja baxıram. Həkim bir tibbi termin istifadə etdi. Əvvəldən məhz o süjeti izləmədiyim üçün efirdə gördüm və həkimin dediyi termini anlaya bilmədim. Ali təhsilliyəm. Ancaq ilk dəfədir bu tibbi termini eşidirdim. Hiss etdim ki, mən başa düşmürəmsə, mənim tamaşaçımın da böyük əksəriyyəti çox güman ki, bunu başa düşməyib. Mütləq eyhamımı vurdum. Mənə elə gəlir ki, o an tamaşaçı da mənim o sözü deməyi gözləyirdi. Sadə kütlənin sənin onlara təqdim etdiyin xəbəri anlaması daha doğrudur. Adətən tamaşaçıları da təbəqələrə bölmək dəb halını alıb, elit kütlə, sadə kütlə. Hətta bəzi aparıcılar özlərini elit kütlənin aparıcısı kimi görürlər. Mənim tamaşaçılarım arasında ziyalısı da var, sadə vətəndaşı da. Mən sadə kənd adamlarının məni izləməsindən daha böyük zövq ala bilirəm. Teleaparıcının necə olmasında müxtəlif məqamlar vacib sayılır. Mən çox sürətlə danışan xəbər aparıcısı kimi fərqləndim. İlk illərdə daha çox tənqid olunurdum. Hətta ailə üzvlərim, doğma qardaşım da məni tənqid edirdi. Hətta bir dostumun anası mənə yığıb tənqid etdi, eyni zamanda bildirdi ki, mən bir çox dünya kanallarını izləyirəm, amma heç kim öz dilində belə sürətli rahat danışmır. Bəlkə də elə fərqim, özəlliyim budur. Biz özümüzü daha çox tənqid edirik, özümüzdəkiləri rahat qəbul edə bilmirik. Necə ki, Türkiyədə Mehmet Əli Birand efirdə əlini stolo qoyub rahat danışırdı və qəbul olundu, yenə də Türkiyədə bu qədər sürətli xəbər aparıcısı olsaydı, maraqla qəbul olunardı”. 
Xəbər aparıcısının tamaşaçını inandırmaq məsələsi nə qədər xəbərdə vacibdi? Yaş həddi xəbər aparıcısında rol oynayırmı? 
Bu suallara da Elvin Basqallının özünəməxsus cavabı oldu: 
"Olduqca maraqlı bir məqama toxunmusuz. Mən 19 yaşında "Şərq”də jurnalist olaraq fəaliyyətə başlamışam. İllərlə təcrübə toplamışam. Həqiqətən xəbər aparıcısının yaşı imkan verməlidir ki, o, xəbər təqdim etsin. Çünki tamaşaçı sənə inanmalıdır. Ona görə qeyd etdim ki, yaxşı ki, 22-23 yaşında mənə o imkan verilməyib. Televiziyaya da tramplin kimi baxmıram. Allah nəsib etsin ki, televiziyada yaşa dolum. Arzu edirəm ki, mən 40-50 yaşında da xəbər aparım. Tamaşaçı inansın ki, mən 50 yaşında da dəyişmədim. 50 yaşında biri ilk dəfə efirə çıxırsa, bu o demək deyil ki, təcrübəlidir. O peşəkarlığı qazanmaq üçün illər lazımdı. Mən mətbuata az hallarda müsahibə verirəm. Sevinirəm ki, ən geniş müsahibəmi elə mənimçün bu gün də doğma olan "Şərq”ə verirəm. Tənqid edənlər çoxdu. Mən tənqidi normal qarşılayıram. Azərbaycan teleməkanının əfsanəvi simalarından Şərqiyyə xanımla şəxsi tanışlığım var. Məsələn, Şərqiyyə xanım mənə nə vaxtsa desə ki, Elvin, belə danışma, bu, televiziya qaydalarına ziddir, bu tənqidi daha səmimi və rahat qəbul edərəm. Gündəm adamı deyiləm, amma efir adamıyam. Sosial şəbəkələrdə varam, çünki tamaşaçıların münasibətini almaq istəyirəm. Hamını eşidirəm, amma az adamı dinləyirəm, hamını dinləyə bilmərəm. Mən peşəkarları dinləyə bilirəm. Maraqlısı odur ki, efirdə oluram, anamın mənə bir münasibəti olur, yoldaşımın başqa, qardaşımın başqa. Hamını dinləyə bilmərəm. Yalnız mütəxəssis rəyini dinləyə bilərəm. Şükür ki, mütəxəssislər tərəfindən tənqid almamışam. Buna sevinirəm. Xəbər aparıcısının diksiyası, səs tembri vacibdi. Peşəkarlıq və istedad da önəmlidir. Mən eyni zamanda xəbərlərin rəhbər müavini vəzifəsində çalışıram. Əməkdaşlarımıza da tövsiyəm odur ki, diksiyanıza diqqət yetirin, efir danışığı nəzərə alınsın. Mən əvvəlki efirlərimə baxanda özüm utanıram. Amma illər məni yetişdirə bildi. Artıq illərdi ki, ilin 365 gününü efirdə oluram. Bilirsiz, xəbər mənimçün həyatdı. Az qala xəbərdən aldığım həzzi həyatda az şeydən ala bilərəm. Hər gün efirdə olmaq məsuliyyətlidir, çətindir. Çünki sənin eyni zamanda sosial həyatın da var. Amma səmimiyyətimə inanın, mən hər dəfə efirdə eyni sevgiylə tamaşaçımı salamlayıram. Qısa deyirəm. Rəqabəti sevirəm. Hər bir tamaşaçım üçün də canımı verərəm ki, onu qazana bilim”.
ATV telekanalının xəbər aparıcısı Vaqif Aydınoğlunun da teleməkana, xəbərə maraqlı yanaşması oldu:
"Efirə gəlmək istəyən hər kəsin ən böyük istəyi və arzusu ilk növbədə aparıcı olmaqdı. Televiziyaya gəlmək iddiasında olan hər kəs aparıcı olacağını düşünür. Xəbər aparıcısı olmaq isə daha böyük məsuliyyət tələb edir. Xəbər aparıcısı ilk növbədə müxbir, jurnalist olmalıdır. Dünyada və ətrafında baş verən hadisələrdən xəbərdar olmalıdır. Normal jurnalistikadan xəbəri olmalıdır. Bu sahədə püxtələşəndən sonra xəbər aparıcısı olmaq barədə iddiası yarana bilər. Onların arasından ən yaxşıları seçilməlidir. Əvvəl diktor xəbərləri təqdim edirdi. İndi xəbər aparıcısı bu missiyanı yerinə yetirir. Özəl televiziyaların xəbər xətti isə belədir ki, orda artıq diktor yox, aparıcı xəbərləri təqdim edir və xəbər aparıcısı sima kimi formalaşır. Bəlkə də telekanalın əsas simaları xəbər aparıcıları olur. Çox təəssüflər olsun ki, bu sahədə bir müddət boşluqlar hiss olundu. Hazırlıqsız olanlar efirə çıxdı. Ekran səmimiyyəti də, riyakarlığı da tam göstərmək imkanı olan bir strateji tribunadır. 
Ekranın o tayında olan tamaşaçı aparıcının nə qədər səmimi olub-olmadığını müəyyən edə bilir. Xəbər aparıcısının intellektual səviyyəsi, savadı, hadisələrdən nə dərəcədə bilgili olması hiss olunur. Tənqidlər də məhz bu hallarda nöqsan varsa səslənir. Televiziyalar son illər daha çox tənqid olunsa da, amma xəbər aparıcılarının yetişməsi üçün zamana ehtiyac var idi. Gecikmədən biz bu sahəni daha təkmilləşmiş formada tamaşaçıya çatdırmağa məcburuq. Xəbər aparıcısını digər aparıcılardan fərqləndirən məqamlar var. Şou aparıcısının bəlkə də xəbər aparıcısından fərqi odur ki, o, siyasi proseslərdən xəbərsiz ola bilər. 
Amma xəbər aparıcısı hadisələrdən xəbərdar olmalıdır. Xəbər aparıcısı o qədər mütaliəli olmalıdır ki, o, dünya siyasətini də bilməlidir, mədəniyyətdən xəbərdar olmalıdır, sosial hadisələri də izləməlidir. Xəbər aparıcısı dövlətlərarası münasibətlərdən də asılı olmalıdır. Xəbər blokunda xəbər aparıcısı təqdim etdiyi materialı özü bilmirsə, onu tamaşaçıya necə təqdim edə bilər? Aparıcı bilmədiyi hər hansı xəbər barədə tamaşaçıya nə çatdıra bilər? Bu nə qədər inandırıcı olar? Xəbər aparıcısı inandırmağı bacarmırsa, o, tamaşaçı qazana bilməz. Xəbər aparıcısı nə danışdığını bilirsə, onu tamaşaçıya daha dolğun çatdıra bilər. 
Verdiyi materialın mahiyyətini özü dərk etmirsə, onun efirdə olması nə qədər düzgündü? Təbii ki, efir güzgüdü, qüsurlar tez görünür. Belə aparıcılar da təəssüf ki, teleməkanımızda var. Onlar sağlam tənqid olunsalar və nöqsanları aradan qaldırmaq üçün çalışsalar, yəqin ki, bu problemlər həllini tapa bilər. Xəbər televiziyanın vuran ürəyidir. Onun ritmi də, sağlamlığı da qüsursuz olmalıdır. Bir də xəbər aparıcısı məsuliyyətini hiss etməlidir. Tənqidlər varsa, onları aradan qaldırmaq mümkündür. Yetər ki, bunun üçün əmək sərf edilsin. 
Təəssüf ki, bizdə mental tənbəllik sindromu var. Tənbəl millətik. Qaldı xəbər aparıcıları efirdə qol hərəkətləri, hərəkətli təqdimatla xəbəri çatdırır, bunun da yaxşısı, pisi var. Əslində normaldı. Bu bir tərzdi. Hər xəbər aparıcısının özünəməxsus tərzi ola bilər. Yetər ki, o, efirdə səmimiyyətini və peşəkarlığını qorusun. Hazırda mən analitik xəbər aparıcısı olaraq tamaşaçı qarşısına çıxıram. Bu da mənim tərzimdi. Xəbər aparıcısı səmimiyyətini qorumalıdır. Bu, vacib məqamdı. İstər efirdə, istər efirdən kənarda yaratdığı və təqdim etdiyi obrazı qurmağa borcludur. Sən efirdən kənarda qalstuksuz ola bilərsən, amma yaratdığın obrazı dağıda bilməzsən. Əgər dağıdırsansa, artıq sənə olan inamı dağıtmış olursan.
 Xəbər aparıcısının diksiyasında, tələffüsündə maksimum qüsur olmamalıdır. Səs tembri tamaşaçını yormamalıdır. Yeni-yeni başlayanda mənim də diksiyamda qüsurlar olurdu. Mən bunu aradan qaldırmaq üçün əmək sərf etdim. Xəbər aparıcıları arasında rəqabət o qədər hiss olunmur. Təbii ki, rəqabət hər sahədə vacibdi, normaldı. Əsas sağlam rəqabətin olmasıdı”.
Tahirə Məmmədqızı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb