“Bu oğruların çoxusu içki düşkünləri, narkomanlar və ya son dərəcə kasıb, bir tikə çörəyə möhtac adamlar olur”
Son vaxtlar ölkədə avtomobillərdən oğurluq hallarının sayı xeyli çoxalıb. Avtomobillərin şüşələrini qıraraq salondan oğurluq edilməsi halları ilə yanaşı, akkumlyator, marka nişanları və yan güzgülərin gecə saatlarında oğurlanması hadisələri kəskin artıb. Təkcə bir gecədə Xətai rayonu Gəncə prospektində 4-5 avtomobildən belə oğurluq edilib. Polisə müraciət edən Xətai sakini Nail Kərimov Gəncə prospekti 16-nın qarşısında saxladığı "Mercedes” markalı avtomobilinin arxa marka nişanlarının gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.
Avtomobilin güzgüsünü qopara bilməyən oğrular onu sındıraraq sürücüyə ziyan vurublar. Həmin ünvandakı binada yaşayan digər sakin Sadiq Musayevin isə elə həmin gecə "Mercedes” markalı avtomobilinin sağ və sol güzgüləri və sağ dönmə nişanı oğurlanıb. Eyni binada yaşayan Əvəz Şəmiyevin də başına oxşar hadisə gəlib. Onun maşınının da sağ və sol yan güzgüləri oğurlanıb.
Bundan başqa Xətai rayonu Xudu Məmmədov, Məhəmməd Hadi və Cavanşir küçəsinin sakinləri də belə əməllərlə bağlı polisə müraciət ediblər. Oğurluq hadisələrinin əksəriyyətinin "Mercedes” markalı avtomobillərdən törədilməsi də diqqət çəkir. Qeyd edək ki, bu günlərdə Suraxanı polisi Hövsan qəsəbəsində 37 avtomobildən oğurluq edən 2 nəfəri yaxalayıb. Digər rayonlardakı oğurluq hadisələrini törədənlərin tutulması istiqamətində iş aparılır.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altayın sözlərinə görə, kriminoloji, yəni cinayət hadisələrinin başvermə səbəbləri, onların kökünün araşdırılması baxımından yanaşanda zamana və şəraitə görə oğurluq formasını və mahiyyətini dəyişir:
"Məsələn, ölkədə maddi imkanlar çoxaldıqca, ortada pul dövriyəsi artdıqca, ona münasib olaraq oğurluğun keyfiyyəti də dəyişir. İmkanlı dövrdə əsas professional oğrular bank, bahalı ev, bahalı maşın oğurluğu ilə məşğul olur. Bu da hər dəqiqə olmur deyə o qədər də nəzərə çarpmır. Xırda oğurluqlar isə az olur, çünki belə oğurluğa əl atanlar əsasən gündəlik çörək və ya başqa ehtiyaclarını ödəmək üçün edir. Bu oğruların çoxusu da içki düşkünləri, narkomanlar və ya son dərəcə kasıb, bir tikə çörəyə möhtac adamlar olur. Maşın akumlyatoru, güzgüsü, maqnitofonu və ya hansısa nəzarətsiz evə, tikiliyə girib 10-20 manata sata biləcəkləri əşyaları oğurlayırlar.
Ölkədə imkan çox olanda isə bu cür ehtiyac sahibi olan insanlar həmin xırda vəsaiti oğurluq etmədən də əhalidən, ticarət obyektlərindən yaşayış payı kimi götürürlər. Camaatın da imkanı olduğu üçün azdan- çoxdan kasıb insanlara da yardım edirlər. Bu zaman da xırda oğurluqlara meyl azalır. Ölkə iqtisadi böhran içərisində olanda isə həm ortadakı pul dövriyyəsi, iş yerləri azalır, həm də əhali sabahından narahat olub yığcamlaşır, daha doğrusu, xəsisləşir. Aldıqları bəxşiş, yardım hesabına yaşayan insanlar isə oğurluğa meyl edirlər. Son nəticədə isə şəhərdə xırda oğurluq hallarının sanki püskürməsi baş verir”.
İ.Altayın sözlərinə görə, neftin baha olduğu vaxtlarda Azərbaycanın gəliri çox olduğundan əhalinin ehtiyac içərisində yaşayan təbəqəsinin sayı xeyli az idi.
Həmin illərdə ölkədə nəinki maşın hissələri, heç maşın oğurluğu da yox idi. İndi isə iqtisadi vəziyyətlə əlaqədar oğurluq və dələduzluq hallarının sayı artır. Belə getsə, günün günorta çağı qadınların zinət əşyaları, çantalarını da oğurlayacaqlar. Bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanları əvvəl pulun çox olduğu dövrdə on, yüz minlərlə manat vəsait mənimsəyən dələduzlarla məşğul idisə, indi böhranlı dövrdə bu kimi kiçik oğruları zərərsizləşdirməklə məşğul olacaq. Bu kimi oğurluqlara qarşı da polis orqanında cinayət-axtarış strukturu və sahə müvəkkilləri aidiyyəti üzrə mübarizə aparır. Yaxşı olar ki, əhali də bu cür dövrlərdə öz əmlaklarını, pullarını daha ehtiyatla qorusunlar”.
Şəymən