"Xəzərin statusuna dair konvensiyanın ölkəmizə müsbət təsirləri çoxdur” - Politoloq

"Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmasına dair imzalanan konvensiyanın ölkəmizə müsbət təsirləri çoxdur”
Bu sözləri "Sherg.az” politoloq Rasim Ağayev söyləyib.
Onun qənaətincə, Xəzər dənizinin ətrafında yerləşən beş ölkənin birgə təşəbbüsü ilə atılan bu addım həmin dövlətlər üçün olduqca mühümdür:
"Vaxt keçdikcə bu konvensiyanın imzalanması həmin ölkələrə öz müsbət təsirlərini göstərəcək. Burada Xəzər dənizinin tərkibindəki sərvətlərin qanuni şəkildə bölüşdürülməsi baş tutacaq ki, bunun özü böyük bir amildir. 
Avqustun 12-də imzalanan konvensiya Xəzəryanı dövlətlərdə hər hansısa bir münaqişənin baş verməsini əngəlləyəcək. Həmçinin Xəzər dənizi Avrasiya materikində böyük strateji əhəmiyyətə malik bir nöqtədir. 
Bu da supergüclərin marağını, diqqətini hər zaman cəlb edir. ABŞ, Türkiyə, Avropa ölkələri, Çin, Rusiya kimi dövlətlərin bu fonda müəyyən anlaşılmazlıqları olub. Bu nöqteyi nəzərdən Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan konvensiya belə ziddiyyətlərin qarşısını ala biləcək bir qərardır. Amma dünyada hansı hadisələrin yaşanacağı heç kimə məlum deyil. Yəni bunu qabaqcadan proqnozlaşdıra bilmərik. Bir sözlə məlum konvensiya Xəzəryanı ölkələrin siyasi iradəsidir. Bunun ölkəmizə və digər ölkələrə müsbət təsirləri hər zaman özünü göstərəcək”.
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Kənan Eynuroğlu