Xəzərlə bağlı anlaşmanın çox böyük tarixi əhəmiyyəti var

Artıq Azərbaycan üçün taleyüklü məsələlər əvvəllər olduğu kimi Rusiya və İran əsasında həll olunmur
“Azərbaycanın iştirakı və razılığı olmadan heç bir məsələdə qərar verilə bilməz. Bu, təkcə müstəqil olmanın verdiyi səlahiyyət yox, həm də güclü olmanın verdiyi imkandır”


Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin etdi. Tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək ki, bu da Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək. "Xəzər beşliyi” dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşdi.

Xarici ekspertlər də qeyd edirlər ki, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir. Rəylərə görə, bütün ölkələr, xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək. Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq.

Tarixi anlaşmanın əhəmiyyəti ilə bağlı "Şərq”ə danışan tanınmış politoloq Nəzakət Məmmədova bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair konvensiyanın imzalanması regional və beynəlxalq təhlükəsizlik və əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb edir.

 Ekspertin sözlərinə görə, anlaşmanın Azərbaycan üçün ən əsas əhəmiyyəti ondan ibarətdir ki, artıq Azərbaycan üçün taleyüklü məsələlər əvvəllər olduğu kimi Rusiya və İran əsasında həll olunmur: "Azərbaycan güclü, müstəqil dövlət kimi mühüm geosiyasi qərarlarda söz sahibidir. Azərbaycanın iştirakı və razılığı olmadan heç bir məsələdə qərar verilə bilməz. Bu, təkcə müstəqil olmanın verdiyi səlahiyyət yox, həm də güclü olmanın verdiyi imkandır. Konvensiyanın imzalanması Xəzərin dibinin və suyun səthinin bölünməsini təsbit etməklə regionda həyata keçirilməsi nəzərdə tutulan, lakin mübahisəli vəziyyət ucbatından dondurulmuş layihələrin canlanmasına təkan verə bilər. Bildiyimiz kimi, ölkəmiz Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarır və bu sahədə bir sıra ölkələrin şirkətləri ilə əməkdaşlıq edir. Məsələn, Britaniya ilə neft müqavilələri yenilənib və 2050-ci ilədək enerji resurslarının istismarı həyata keçiriləcək. Belə bir şəraitdə Xəzərin statusunun müəyyənləşməsi mübahisələri aradan qaldıraraq, Azərbaycanın, habelə Avropanın enerji siyasətinə töhfə verir. Xəzər akvatoriyasında əhəmiyyətli layihələrin həyata keçirilməsinə maneçilik nəhayət aradan qalxdı. Buna səbəb olan iki dövlətin - İranın və Rusiyanın öz inadından əl çəkməsi status məsələsinin həllini mümkünə çevirdi. Bildiyimiz kimi, İran Xəzərin göl kimi nəzərdə tutularaq, beş bərabər hissəyə bölünməsini, bununla da özünün malik olduğu 14 faizlik payın 20 faizə yüksəlməsini tələb edirdi. Rusiya isə bölünmə məsələsində daha doğru yanaşma ortaya qoysa da, Türkmənistan və Azərbaycanı birləşdirəcək Transxəzər qaz xəttinin çəkilişinə veto qoymaqla ümumilikdə statys məsələsinin həllini ləngidirdi.

Rusiya özünün "Qazprom” şirkətinin Avropadakı maraqlarına xələl gəlməməsi üçün Türkmənistanla Azərbaycan arasındakı qaz xətti çəkilməsinə vetodan bir şərtlə imtina edib. - Heç bir Xəzəryanı ölkə ABŞ və NATO-nun dənizdə hərbi iştirakına imkan verməyəcək. Bu tələb İranı da qane edir”.
Analitik düşünür ki, regionda baş verən bir sıra mühüm proseslər İran və Rusiyanı Xəzərin statusu məsələsinin həllinə təhrik etdi: "ABŞ-ın bu iki ölkəyə tətbiq etdiyi sanksiyalar sözsüz ki, ən əsas amildir. Digər tərəfdən, NATO-nun Gürcüstanda təlimlər keçməsi və bu ölkəni Alyansa üzv qəbul etmək planları, Ermənistanda ABŞ tərəfdarı qüvvələrin çevriliş yolu ilə hakimiyyətə gəlməsi, bu iki ölkəni Xəzər konvensiyasını bağlamağa təhrik etdi. Rusiya və İranın üzləşdiyi sanksiyalar və ABŞ-ın təzyiqləri balanslaşma siyasəti yenidən Azərbaycanın enerji maraqlarını nəzərə almağa vadar etdi. Əks halda adını çəkdiyimiz ölkələr Cənubi Qafqazdakı son strateji tərəfdaşı olan Azərbaycanı itirəcək, digər tərəfdən ABŞ və NATO-nun Xəzərdə möhkəmlənmə riski ilə qarşılaşacaqdı. Bu və digər səbəblər, habelə Azərbaycanın diplomatik mübarizəsi öz nəticəsini verdi. Konvensiya bir daha Cənubi Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya regionunda Azərbaycanla hesablaşmalı olunduğunu sübut etdi və regional sülh, təhlükəsizliyə ölkəmizin verdiyi önəmin parlaq təzahürü oldu”.

İsmayıl