Yalan çıxdı...

Yevlaxda 13, 14 yaşlı qaraçı uşaqları evləndirilməyib
Kəmalə Ağazadə: “Həmin bəylə gəlinin Yevlaxdakı qaraçılara aidiyyəti yoxdur. İkincisi, qaraçı ailəsində ümumiyyətlə toy mərasimi keçirilmir”



Mehriban Zeynalova:"Bəlkə də sosial şəbəkələrdə yayılan fotolar qaraçı ailəsinə aid deyil. Amma bu, qaraçı ailəsində erkən nikahlar bağlanmır deməyə əsas vermir”






Sosial şəbəkələrdə erkən nikahı əks etdirən fotonun yayılması ictimai təşkilatları yenə ayağa qaldırıb. Qeyd edək ki, evliliklə bağlı paylaşılan fotoda "kiçik bəy”in 13, "kiçik gəlin”insə 14 yaşı olduğu göstərilir. Və bildirilir ki, bu evlilik Yevlax rayonunda, həm də qaraçı ailəsində baş verib.

Məlumdur ki, Azərbaycanda nikah yaşı qanunla qızlar və oğlanlar üçün 18 yaş təyin edilib. 18 yaşı tamam olmadan həyata keçirilən evliliklər qanunla qadağandır və cinayət məsuliyyəti nəzərdə tutur. Buna görə cütlüklərin valideynləri də cinayət məsuliyyətinə cəlb edilə bilər. Lakin görürük ki, qanun ara-sıra pozulur. Müxtəlif bölgələrdən bəzən erkən nikahlar, erkən yaşda evliliklərlə bağlı məlumatlar gəlir. Hətta bu yaxınlarda "Xəzər” televiziyasında yayımlanan "5-də 5” verilişində aparıcı Zaur Kamal orta məktəb şagirdi qıza elçilik də etmişdi. Bu da qeyri-hökumət təşkilatları, ictimai institutlar tərəfindən narazılıqla qarşılandı, aparıcı erkən nikahı təbliğ etməkdə suçlandı. Bununla da məsələ qapandı. Başqa qurumlardan, hüquq-mühafizə orqanlarından nə bir reaksiya, nə də tədbir görüldü.
Televiziya ekranından erkən nikah təbliğ olunursa, qaraçı dəstəsinin 13, 14 yaşlı uşaqları evləndirməsi də artıq "təbii” qarşılanacaq.

Belə olan halda qaraçıları qanunun tələblərinə riayətə necə vadar etmək olar?
Məsələyə münasibət bildirən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Şərq”ə açıqlamasında nikah yaşı tamam olmamış şəxslərin evləndirilməsinin həm uşaq, həm də ümumiyyətlə, insan haqlarına qarşı olduğunu dedi:

- Bu birmənalıdır ki, erkən nikah birbaşa qanun pozuntusudur. Amma konkret o fotolara gəlincə, deyə bilərəm ki, o şəkillər həmin toyda çəkilməyib. Onlar Avropa ölkəsində çəkilmiş fotolardır. Sadəcə, kimsə bunları guya Yevlaxdakı toyda çəkilmiş foto kimi təqdim edir. Sırf sensasiya xətrinə. Həmin bəylə gəlinin Yevlaxdakı qaraçılara aidiyyəti yoxdur. İkincisi, qaraçı ailəsində ümumiyyətlə toy mərasimi keçirilmir. Ailələr öz aralarında danışır, sövdələşir və bir ailənin qızı digər ailənin oğlu ilə evləndirilir. Qaraçılarda toy olmur. Amma əgər həqiqətən də qaraçı ailələrində erkən nikah faktları məlumdursa, əlbəttə, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Kim deyirsə ki, qaraçıları qanuna tabe etdirmək çətindir, düz deyil. Qaraçılar da Azərbaycan vətəndaşıdır. Hamısının da şəxsiyyət vəsiqəsi var. Bu ailələr bəlkə 100 ildir Azərbaycan ərazisində yaşayır. Vətəndaşlıq olmadan, şəxsiyyət vəsiqəsi almadan necə yaşaya bilərlər? Bu, mümkün deyil. Qaraçılar artıq köçəriliklə məşğul olmur. Onlar Azərbaycanın bir çox bölgələrində var və oturuşmuş ailələrdir. Amma miqrasiya edə bilirlər. Azərbaycandan başqa ölkələrə köçənlər də olur. Sənədləri olmasa, necə köçə bilərlər? Sadəcə, lazımdır ki, yerli orqanlar bu məsələlərə diqqət ayırsın, araşdırma aparsın, qanun pozuntusu halları varsa, qarşısı alınsın.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da "Şərq”ə açıqlamasında Azərbaycan vətəndaşı olduqlarına görə qaraçıların da qanun qarşısında məsuliyyət daşıdığını vurğuladı:

- Qaraçılar Azərbaycan Respublikası ərazisində yaşadıqlarına və Azərbaycan vətəndaşı olduqlarına görə, qanun qarşısında məsuliyyət daşıyırlar. Bəlkə də sosial şəbəkələrdə yayılan fotolar qaraçı ailəsinə aid deyil. Amma bu, qaraçı ailəsində erkən nikahlar bağlanmır deməyə əsas vermir. Sadəcə, qaraçı icması ictimaiyyətə qapalı olduğundan orada baş verənlər geniş cəmiyyətə sızmır. Məlumatlar icma daxilində qapalı saxlanılır. Qaraçılar nə qədər desələr də ki, başqa cəmiyyətlərə adaptasiya olunmurlar, (sadə desək, guya qanunlara tabe olmurlar- M.Z.) yenə də onlarla mütləq işləmək lazımdır. Azərbaycan qanunları bütün vətəndaşlara, ərazisində yaşayan hər kəsə şamil edilir və edilməlidir. O cümlədən də qaraçı ailələrinə.

M.Zeynalova erkən nikahların qarşısının alınmasında tutarlı vasitə kimi, cinayət məsuliyyətinə cəlb edilməni görür:

- Nə qədər iş aparılsa da, maarifləndirici tədbirlər, toplantılar keçirilsə də, qanun pozucuları cinayət məsuliyyətinə cəlb edilmirsə, bunun qarşısını almaq mümkün olmayacaq. Bizim təşkilat "5-də 5” verilişində yaşanan məlum hadisədən sonra Milli Teleradio Şurasına müraciət etdi. Cavabları bu oldu ki, "burada nə var, elçilik edib də”. Qanunla erkən nikaha təşəbbüs və onun təbliği də cinayət əməlidir. Cəzalanma yoxdursa, artıq cəmiyyətdə belə yanlış fikir formalaşır ki, qanunu pozmaq olar. Biri cəzalanmayıbsa, deməli, biz də eyni hərəkəti təkrarlaya bilərik. O zaman dövlətin və ictimai təşkilatların da erkən nikaha qarşı apardığı mübarizənin effektivliyindən danışa bilməyəcəyik.

Məlahət Rzayeva