Yaxşı ədəbi nəşrlərimiz var

Problem alıcı azlığında və yazara verilən qonorar azlığındadırSəlim Babullaoğlu: "Əmin idim ki, jurnalı tərif edən şəxslərin yarısı pul verib o jurnalın bir nüsxəsini belə almırdılar"
Qan Turalı: "Onlayn mediada analitik ruh çatışmazlığı yaşandığından ədəbiyyat nümayəndələrinin, mədəniyyət adamlarının da mediada yer alması çətindir"
Tural Turan: "Rəqabət olarsa, həm qonorarlara müsbət təsir edər, həm də ədəbiyyat sahəsində bir rəngarənglik formalaşar"
Ayxan Ayvaz: "Qabaqlar ədəbiyyat media üçün önəmli idi, indi isə deyil"
(... əvvəli ötən sayımızda)
Ədəbiyyatın inkişafına təkan vermək, yeni yazarları və onların əsərlərini oxuculara təqdim etmək daim qəzet və jurnalların da ümdə missiyalarından biri olub. Mətbuat tariximizə nəzər salanda da bunu görmək olar. Bir sıra qəzet və jurnallar XX əsrin əvvəllərində ədəbiyyatın və ədəbiyyat nümayəndələrinin tanınmasına, inkişafına təkan verib. Onlar yalnız yazıçı ilə oxucu arasında körpü olmayıb. Onların missiyası hansısa yeni əsərin təqdimatı ilə məhdudlaşmayıb.
Zaman-zaman dərgilərin ədəbiyyatın yönünü müəyyənləşdirdiyini, ədəbi prosesə istiqamət verdiyini, onu diri tutduğunu bilirik. Dərgilərin ətrafında bir ədəbi xəttin, dünyagörüşün tərəfdarı olan yazarlar toplaşıb, qarşı görüşdə olan dərgilərin bir-biri ilə "müharibə”si ədəbi prosesə rəng qatıb, onun özünü canlı orqanizm kimi hiss etməsinə yol açıb.
Çar Rusiyası və 19-20-ci əsrlər Avropasına xas ədəbi dərgilər ətrafındakı yazıçı birlikləri daha effektli, daha dinamik, daha rəngarəng, daha faydalı olub. Bununla belə sovetlər dövründə də Azərbaycanda fəaliyyət göstərən yaradıcı təşkilatlar müəyyən qədər ədəbi prosesləri özündə əks etdirib.
Ancaq son illərdə Azərbaycanda ədəbiyyata marağın azalması ədəbi nəşrlərdən də təsirsiz ötüşməyib. Ölkədə ədəbi nəşrlər fəaliyyət göstərsə də, onları oxuyanların sayı həddindən artıq azdır. Bu məqam da istər-istəməz nəşrlərin fəaliyyətinə mənfi təsir göstərir.
Ədəbiyyatla bağlı jurnal və qəzetlərin fəaliyyətində müəyyən dərəcədə zəiflik hiss olunur. Eyni zamanda yazılanların bir çoxunda zamanla ayaqlaşma istiqamətində problemlərin olduğu da diqqət çəkir.
Azərbaycanda fəaliyyət göstərən ədəbi jurnalların durumu barədə "Şərq”ə açıqlama verən şair, esseist Səlim Babullaoğlu əvvəla ədəbiyyatın inkişafı ifadəsini düzgün hesab etmədiyini deyib. Onun sözlərinə görə, ədəbiyyat inkişaf etmir, sadəcə yazılır. Media isə yazılan ədəbiyyat nümunələrinin, kitabın populyarlaşmasına, təbliğinə xidmət edir:
 "Əksər ölkələrdə nəşriyyatlar kitabları elektron resurslar vasitəsilə satırlar. Bunun özü ayrıca bir biznesdir. Moskvada fəaliyyət göstərən "Ozon”, qərbdə "Amazon” saytları kitab satışı ilə məşğul olurlar. Eyni zamanda həm yazılı, həm də elektron mediada yazıçılardan alınan müsahibələr, açıqlamalar da eyniylə ədəbiyyatın, ədəbiyyatçıların təbliğinə yönəlik bir addımdır. 
Düşünürəm ki, medianın bu rolu gələcəkdə daha başqa üsullarla həyata keçiriləcək”.
Ölkədə fəaliyyət göstərən ədəbi nəşrlərin, ədəbiyyat saytlarının fəaliyyətinə gəldikdə isə S.Babullaoğlu bu sualın cavabını bilmədiyini deyib:
 "Yalnız onu deyə bilərəm ki, bir ədəbiyyatçı olaraq ədəbiyyatla bağlı nəşrlərin, kitabların, çap məhsullarının çox olmasını arzulayıram. Həmişə də fikirləşmişəm ki, daha çox ola bilər. Təbii ki, bu mənim subyektiv mövqeyimdir. Başa düşürəm ki, çap məhsulu əmtəədir və ona qoyulan vəsait özünü doğrultmalıdır. Azərbaycanda nəşr olunan ədəbi jurnallar, qəzetlər satılırmı? Sonuncu dəfə nə vaxt öz cibimizin puluna ədəbiyyat jurnalı almışıq? 3-4 il bundan əvvəl "Kitabçı” jurnalı layihəsini həyata keçirdik. Kifayət qədər peşəkar çevrələrdə, intellektli adamların dilindən eşitdim ki, bu jurnal xüsusi zövqlə hazırlanıb və olduqca vacib bir layihədir. Lakin əmin idim ki, jurnalı tərif edən şəxslərin yarısı pul verib o jurnalın bir nüsxəsini belə almırdılar. Deməyim odur ki, ədəbi nəşrlərin əhəmiyyətindən danışmaq, onun vacibliyini qeyd etməklə məsələ bitmir. Bunun üçün ortada kifayət qədər vəsait və oxucu tələbatı olmalıdır”.
Ədəbi materialları əldə etmək üçün "Ədəbiyyat”, "525-ci qəzet” və "Kaspi- Ədəbiyyat” qəzetlərini aldığını vurğulayan Səlim Babullaoğlu deyib ki, hər bir mətbu orqanın özünün strategiyası, ədəbiyyat və nəşriyyat siyasəti olur. Onlar da öz funksionallıqlarını həmin siyasət çərçivəsində uğurla icra etməyə çalışırlar, amma hər şey həmişə daha yaxşı ola bilər: "Böyük məmnuniyyətlə hər həftə "Ədəbiyyat” qəzetini alıram. Fikrimcə, bu qəzet son 30 ildə özünün ən yüksək inkişaf mərhələsindədir. Ədəbiyyata xüsusi yer verdikləri üçün mütəmadi olaraq "525-ci qəzet"in də şənbə sayını alıram. Həmçinin də "Kaspi” qəzetinin ədəbiyyat əlavəsini alıb, oxuyuram. Hər birinin də indiki fəaliyyəti qaneedicidir”.
Yazar Qan Turalı isə son vaxtlar ədəbiyyatımızda ciddi bir durğunluğun yaşandığını və bu durğunluğun konkret səbəbini aydınlaşdırmağın elə onun özü üçün də çətin olduğunu deyib: 
"Bəlkə də sosial şəbəkələr, vayn videolar, kinolar oxucuların ədəbiyyata olan marağını azaldıb. Yenə də dəqiq bir söz demək çətindir. Lakin Azərbaycan mediasının hər zaman ədəbiyyatımıza dəstək verdiyini düşünürəm. Bu dəstək "Molla Nəsrəddin” jurnalından üzü bu yana davam edir. Onlayn mediadan əvvəl "525-ci qəzet”, "Şərq”, "Ədalət” kimi qəzetlər hər zaman ədəbiyyatımızn inkişafına öz dəstəyini göstərib. Ancaq onlayn media üçün ədəbiyyat 5-6-cı dərəcəli əhəmiyyət daşıyır. 2000-ci illərin əvvəllərində bir çox yazıçılar köşə yazarı kimi mətbuatla sıx əməkdaşlıq edirdi. Lakin həmin imzalara bu gün media orqanlarında rast gəlmirik. Həmin müəlliflər internet mediasında görünmür. Onların köşələrini, kriminal, sensasion xarakterli xəbərlər əvəzləyir. Onlayn mediada analitik ruh çatışmazlığı yaşandığından ədəbiyyat nümayəndələrinin, mədəniyyət adamlarının da mediada yer alması çətindir”.
Gənc şair Tural Turan isə hazırda müasir ədəbiyyatımızın keşiyində duran üç mətbu orqanın adını çəkib: 
"Bunlardan birincisi, sözsüz ki, "Ədəbiyyat qəzeti"dir. Peşəkar mətbu orqan kimi bu qəzetin müasir və klassik ədəbiyyatımızın keşiyində durduğunu deyə bilərəm. "Ulduz" və "Azərbaycan" jurnallarının da bu istiqamətdə əməyi danılmazdır. "Kaspi" qəzetinin də ədəbiyyat əlavəsi var. Hər şənbə oxucuların görüşünə gəlir. Doğrudur, bütün bunlar müsbət haldır. Köklü mətbuat orqanlarıdır, bacardıqları qədər yüksək keyfiyyətlə çıxmağa çalışırlar. Amma dövlətin balansındadırlar. Yəni alternativləri yoxdur. Yaxşı olardı ki, müstəqil ədəbi dərgilərimizin sayı çox olsun. Bu, rəngarənglik baxımından da önəmlidir. Üstəlik qonorar sistemi hələ də tənzimlənməmiş qalır. Yaxşı olardı ki, istedadlı yazıçı və şairlərə yüksək məbləğli qonorarlar verilsin. Bu onların yaradıcılığında da müsbət təsir göstərəcək. Açığını deyim ki, əgər normal qonorarım olsa, heç jurnalistika sahəsində çalışmaram. Bir köşəyə çəkilib yazmaq istədiyim əsərlərimi qələmə alaram. Amma ədəbiyyat sahəsindəki qonorarım, yəni yazdıqlarıma görə aldığım pul 60-70 manatdan o yana keçmir. Bununla dolanmaq mümkün deyil. Gənclər bir yana, yaşlı və orta nəsil yazarların əksəriyyətinin qonorarları ürəkaçan deyil. Yəni sözümün canı odur ki, meydanda rəqabət yoxdur. Rəqabət olarsa, həm qonorarlara müsbət təsir edər, həm də ədəbiyyat sahəsində bir rəngarənglik formalaşar. Söhbət müstəqil ədəbiyyat dərgilərindən və qəzetlərindən gedir. Baxın, "Hoqqa” adlı bir dərgi çıxarırıq. İki sayı çapdan çıxıb, üçüncüyə hazırlaşırıq. Aylıq dərgidir. Fərqli formatdır. Mizahdır. Amma intellektual yumor hissi olan yazar tapa bilmirik. Bu da bir başqa problemdir. Yenilik gətirmək istəyirsən, səndən yenilik istəyirlər amma ədəbi cəmiyyət bu yeniliyə hazır deyil. Bunun əsas səbəblərindən biri də ədəbi mühitdəki mətbuat bozluğundan qaynaqlanır. Doğrudur, "Ədəbiyyat qəzeti” bu boşluğu doldurmağa çalışsa da, imkanları yetmir. Yenə də ədəbi mətbuatın bir tərəfi boş qalır. Jurnal sahəsində "Ulduz” və "Azərbayan” jurnalları da az iş görmür. Fəqət, bu da azdır. İş adamları, imkanlı şəxslər Azərbaycanda özəl ədəbi mətbuatın inkişafına yardım ayırmalıdırlar. Bu gün gənc və orta nəsil yazarları dolanışığını təmin etmək üçün başqa sahələrdə külüng vururlarsa, bunun günahkarı müvafiq qurumlarla yanaşı, həm də cəmiyyətin özüdür”.
T.Turanın dediyinə görə, ədəbiyyatın inkişafında onlayn medianın rolu böyük olduğu qədər də kiçikdir. Çünki etibarlı media orqanı deyil. Səbəbini isə bir müddət öncə bağlanan "Kulis” dərgisinin timsalında gördük:
 "Onlarla yazıçı və şairin əsərləri, ədəbiyyatımızın 6-7 ilini əhatə edən bir bölümü bir saytın bağlanması ilə silinib getdi. Belə hallar Azərbaycan ədəbi mühitində bir neçə dəfə təkrarlanıb. Yəni "Kulis” tək nümunə deyil. Digər tərəfdən, dünya ədəbi mühiti onlayn media üzərində ayaqda durmağa çalışır. Bu, inkişafın əsas istiqamətlərindəndir. Ona görə də bu spektordan geri qalmamalıyıq. İnternet media həm də bölgədə yaşayan şair və yazıçıların virtual ədəbi məkana, vahid ədəbi mühit naqilinə inteqrasiyasını təmin edir. Yəni kənddə və ya ucqar bir dağ köyündə yaşayan istedadlı qələm nümayəndəsi saytlara şeirlərini göndərir və dərc olunur. Dərc olunmuş yazı da sosial şəbəkələrdə müzakirə edilir və öz qiymətini alır. Yəni internet media heç kəsi prosesdən kənarda qoymur”.
Yazar Ayxan Ayvaz isə böyük təəssüf hissi ilə hazırda fəaliyyət göstərən ədəbi mətbu orqanların fəaliyyətinin zəif olduğunu deyib:
 "Daha doğrusu, ədəbi mətbu orqanlar azdı. Əvvəl "Kulis” vardı, xeyli canlanma yarada bilirdi. İndi "Sim-sim.az”ı oxuyuram, "Artkaspi” var, bir də "Ədəbiyyat qəzeti". Təəssüf ki, müstəqil qəzet və jurnallar, saytlar yoxdur. Bu da ədəbiyyatdakı canlanmanı sıfıra endirir. Media əlbəttə ki, əhəmiyyətli rol oynayır. Qabaqlar ədəbiyyat media üçün önəmli idi, indi isə deyil. Təəssüf ki, vəziyyət belədir. Hansısa kitabın çıxması, o kitab ətrafında söhbət yox dərəcəsindədir. Yalnız yazarların şousu, ölümü, intiharı xəbərə çevrilir. Bu da acı bir təəssüf doğurur”.
(Davamı olacaq...)
Şəymən