Yaz allergiyası gəlib

Həkimlər xəstələrə antibiotiklər yazır, ancaq bunun heç bir əhəmiyyəti yoxdur
Pediatrın sözlərinə görə, bu fəsildə insanların immun sistemi zəiflədiyinə görə, allergiyalar artır



Baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir. Yaz fəslində bir çox mövsümi xəstəliklər - burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır. Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədovun da dediyi kimi, bəzi ağaclar var ki, onların tozlanması allergiyaya meyilli olanlarda narahatlıq yaradır.

Məsələn, fındıq, qızılağac, küknar, tozağacı və bəzən az da olsa tut və çinar ağaclarının tozcuqları havaya daxil olaraq həssas insanlarda allergiya əlamətlərinin baş qaldırmasına səbəb olur. Onun dediyinə əsasən allergiya selikli qişaların güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir. Xəstəliyin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödəmləşməsi, burunda və gözdə qaşınma və asqırmaların artmasıdır. 

Bəzən pollinozlu xəstə 30-40 dəfə asqırmaq məcburiyyətində qalır. Baş allerqoloqun verdiyi məlumata görə, yaz allergiyası mütəmadi təkrar olunanda müayinələr aparılır və xəstəliyin dərəcəsinə görə müalicələr təyin olunur. 

Mövsümqabağı allergenləri xüsusi durulaşdırmaq yolu ilə dərman hazırlanır və payızın axırlarından başlayaraq peyvəndi xatırladan iynələr vurulur və bunun nəticəsində bir müddət sonra xəstə orqanizmində qoruyucu anticisimlər əmələ gəlir.

Allerqoloq Aytəkin Həsənzadə allergiyaların müxtəlif növlərinin olduğunu deyib. Allergik xəstəliklərin orqanizmin xarici mühit amillərinə qarşı hiperreaksiyası olduğunu vurğulayan həkim deyib ki, normada immunitet ancaq orqanizmin düşmənlərinə, məsələn, virus və bakteriyalara qarşı mübarizə aparmalıdır. Amma immun sistemin işi pozularsa, o, orqanizm üçün tam zərərsiz maddələrə belə kəskin reaksiya verir. Hər hansı bir stressdən sonra immun sistemin işi pozula bilər.

Həkimin sözlərinə görə, mövsümi allergiyaların əsasında daha çox irsi meyillilik dayanır: "Valideynlərdən birində allergiya varsa, onun uşağa keçmə ehtimalı 40 faiz, həm ana, həm də ata allergikdirsə, 80 faiz həmin xəstəlik uşaqda da özünü göstərir. Allergiyası olan insanların orqanizmi bir çox bitkilərə normal insanlardan fərqli reaksiyalar verir. Bitkilərin, çiçəklərin tozlanması nəticəsində mövsümi allergiya əlamətləri özünü büruzə verməyə başlayır. Məişət tozları kimi mikroskopik gənələr də allergiyalı insanlarda həssaslıq yaradır. Bu cür allergiyalar əsasən tənəffüs sistemində özünü büruzə verir. Sonradan isə bu, mərhələli şəkildə atopik astmaya çevrilir və ağciyərlərə keçir.

Allerqoloqun sözlərinə görə, allergiya bəzən əsəbdən də yaranır:

 "Əsəb-sinir sistemi elə bir sistemdir ki, insan orqanizmində müxtəlif narahatlıqlar yarada bilir. Sinir sisteminin oyaq vaxtlarında damarların tonusu dəyişir. Bu zaman da oradakı hüceyrələr allergik iltihabların meydana gəlməsində iştirak edir”.

Aytəkin xanımın sözlərinə görə, Türkiyədə allergiyanın müalicəsi üçün antibiotiklərin necə gəldi istifadəsinə məhdudiyyətlərlə bağlı çağırışlar edilib. Bizdə isə həkimlər hər kəsə antibiotik yazırlar. Əgər sırf allergik iltihabdan söhbət gedirsə, antibiotiklərin heç bir əhəmiyyəti olmur. Hətta bəzi antibiotiklər şok effekti yaratdığı üçün onu istifadə etməzdən əvvəl mütləq xəstənin bu dərmana qarşı həssaslığını yoxlamaq lazımdır.

Pediatr, tibb üzrə fəlsəfə doktoru Mehriban İbrahimova isə deyib ki, yaz aylarında tozcuqların havaya yayılması burun qaşınması, asqırma, burun tıxanması, gözlərdə sulanma, qaşınma kimi allergik əlamətlərin ortaya çıxmasına səbəb olur: "Bəzi insanlarda allergik elementlər qida ilə daxil olur, bəzilərində isə tənəffüs yolları vasitəsilə. Tənəffüs allergiyası mövsümi xarakter daşıdığı üçün yaz allergiyası da deyilir. Bahar aylarında ağaclar çiçək açdığı üçün havada tozcuqlar çoxalır. Bu da həssas insanlarda allergik reaksiyalar verir. Bu cür allergiyalar mədə-bağırsaq traktı olan insanlara təsir eləmir, çünki onlarda allergiya ancaq aldıqları qida ilə bağlı olur. Buna səbəb isə həzm sistemində olan selikli qişa reseptorlarıdır”.

Pediatrın sözlərinə görə, bu fəsildə insanların immun sistemi zəiflədiyinə görə, allergiyalar artır.
Tənəffüs yollarının allergiyasının əlamətlərinin qida allergiyasından fərqləndiyini vurğulayan Mehriban xanım deyib ki, yaz aylarında allergik xəstələrin gözləri, burun və ağciyərlərində həssaslıq yaranır. Onlar burunlarının tıxalı olmasına baxmayaraq, qoxulara qarşı həddindən artıq həssas olurlar. Onların gözündə qaşınma, sulanma olur, tez-tez asqırırlar. Qida allergiyası olanların isə qarın ağrısı, qusma, bulantı olur. Onlar köpdən və qaşınmadan əziyyət çəkirlər.

Həkim qeyd edib ki, allergiyadan qorunmaq üçün immun sisteminin möhkəmləndirilməsi vacib əlamətdir. Hansısa dərmanlar vasitəsilə bu xəstəliyi müalicə etmək mümkün deyil. Allergik şəxslər yaz gəlməmişdən immumitetini möhkəmləndirməli, tozcuqlara qarşı maskalardan, günəş eynəklərindən istifadə etməlidir.

Yaz allergiyasının müalicəsində peyvəndin nə dərəcədə təsirli olmasına gəldikdə isə M.İbrahimova bu barədə deyilənləri absurd hesab edir:

- Peyvənd difteriya,tetanus və göy öskürəyə qarşı immunitet yaradan bir vaksindir. Uşaqlar həmçinin su çiçəyinə, qızılcaya qarşı peyvənd olunur. Dünya təcrübəsində allergiyaya qarşı peyvənd olunması kimi bir hal yoxdur.

Şəymən