Yazarlar Çingiz Abdullayevi qınadılar: “Guya bilmirdik ki, o, hansı işlərlə məşğuldur”

Bir neçə gündür ki, ölkədə müzakirə olunan əsas mövzulardan biri "26” adlı kafenin bağlanmasıdır. Hər kəs düşündü ki, kafe "26 Bakı Komissarı”nın adı ilə assosiasiya olduğu üçün bağlanıb. Lakin kafe sahibi məkanın "26 Bakı Komissarı” ilə heç bir əlaqəsi olmadığını, sadəcə rəqəmin uğurlu olduğunu deyir.
Bunlar bir yana, ciddi müzakirələrə və qalmaqala səbəb olan məqam kafenin önündə "Hər gün xanımlara qəlyan pulsuz” elanının qoyulmasıdır. Medianın gündəmini zəbt edən nüanslardan digəri isə yazıçı Çingiz Abdullayevin "26-lar” kafesinin icarədarı ilə heç bir müqavilənin olmadığına dair açıqlamasıdır.
Qeyd edək ki, xalq yazıçısı kafe bağlanan gün və onun ertəsi günü məsələyə dair olduqca hiddətli açıqlama vermişdi. Məlum olub ki, kafenin icarədarı Ramil Ruslan oğlu Məmmədovla icarə müqaviləsini imzalayan şəxs məhz Çingiz Abdullayevdir.
Bütün bu olanlarla bağlı qızğın müzakirələr səngiməmiş yazıçının şəxsi feysbuk hesabında paylaşdığı status böyük səs-küyə səbəb olub. O, kafenin bağlanması ilə bağlı mətbuatda gedən çoxsaylı yazılara etirazını bildirib:
"Bezdiriblər! Əgər bundan sonra hər hansı sayt bir sözümü belə çap eləsə, onu məhkəməyə verib ən yüksək dərəcədə cərimə tələb edəcəm!”
Yazıçının bu sözləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşların fikrincə, ziyalı bir şəxsin bu cür münasibəti düzgün deyil. Bəs, tanınmış gənc yazarlar Ç.Abdullayevin söylədikləri ilə bağlı hansı fikirdədirlər?
... bu adamı ziyalı adlandırmaq problematikdir
Yazıçı Qan Turalı Ç.Abdullayevin söylədikləri ilə razılaşmadığını deyib: 
"Bir "ziyalı” - əgər əsər demək olarsa - öz əsərlərini doğma dilində yazmırsa, o şəxsi ziyalı adlandırmaq yanlışdır. Burada medianın da günahı var ki, həmin adamı qabağa verib. Ç.Abdullayev Azərbaycan dilinə hörmət eləmirsə və doğma dilində yazmırsa, mənim söyləyəcək başqa sözüm yoxdur.
... mən heç Ç.Abdullayevin kitablarını oxumuram
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kəramət Böyükçöl isə deyib ki, Çingiz Abdullayevin belə bir açıqlama verməsi onun üçün təəccüblü deyil: 
"Çünki mən onu yazıçılıqdan çox ticarətçi, biznesmen kimi tanıyıram və bu cür də qəbul edirəm. O, bu sözləri yazıçı, qələm adamı və ziyalı kimi danışmır. Sadəcə olaraq maraqları uğrunda kafeni icarəyə verir və ordan pul qazanır. İndi də həmin kafe əldən çıxdı və bunu özünə sığışdırmır, "yanıb-tökülür”. Çünki Ç.Abdullayev özünü ölkədə söz sahibi hesab edən insandır. Belə vəziyyət ona pis təsir edir və bu cür açıqlama verir. Hansısa saytı məhkəməyə vermək isə "boş” söhbətdir.
Azərbaycanda sosial şəbəkələrdə vətəndaş jurnalistikası qarşısıalınmaz bir şəkildə inkişaf edir. İnsanlar öz fikirlərini rahatlıqla bildirirlər. Ç.Abdullayev də bu şeylərin qarşısında çox acizdir.
Ümumiyyətlə, bu məsələlərin hamısı lazımsızdır. Guya bilmirdik ki, o, hansı işlərlə məşğuldur? Heç nə təəccüblü deyil. Heç mən Ç.Abdullayevin kitabını oxumuram, nəinki onun açıqlamasını oxuyum. Mənim nəyimə lazımdır? Bu mövzu mənim üçün çox əhəmiyyətsizdir”.
... Çingiz bəy cəmiyyətin marağındadır
İnsanların Ç.Abdullayevi sorğulamasının normal hal olduğunu deyən yazar xanım Sevinc Elsevər bildirib ki, müxtəlif saytların da yazıçı haqqında yazmağı təəccüblü deyil: 
"Ç.Abdullayev ictimai bir adamdır. Məncə, onun bu fikirləri düzgün deyil. O ki qaldı AYB-nin ətrafındakı söz-söhbətlərə, bilirsiz ki, biz ta ədəbi mühitə qədəm qoyduğumuz gündən Yazıçılar Birliyi ilə heç vaxt yolumuz "toqquşmayıb”. Məhz o birlikdən kənar qalan, birliyə aidiyyəti olmayan bir adamam və sevinirəm ki, bu belə olub. Çingiz bəyin sözlərinə gəlincə, o, çoxlu kitab müəllifidir və kifayət qədər oxucuları var. Əlbəttə ki, cəmiyyətin marağındadır. Həm də məsul bir şəxsdir və Yazıçılar Birliyində vəzifəsi var. Fikrimcə, onun belə bir bəyanat yaymağı absurddur”.
Azərbaycan Yazıçılar Birliyi (AYB) son günlər birlik ətrafında yayılan xəbərlərlə bağlı rəsmi bəyanat yayıb. AYB-dən APA-ya verilən xəbərə görə, bəyanatda deyilir ki, Azərbaycan Yazıçılar Birliyinin katibliyi son günlər keçmiş adı "26” olan kafe ilə bağlı qaldırılan süni qalmaqalı müzakirə edib və buna münasibət bildirməyi qərara alıb: "Öncə məsələnin tarixçəsi. Uzun illərdir ki Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. Bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır. "Buranı bağlayacayıq, qoymayacayıq” və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə ağır maddi durumda olan yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz. Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz”.
Bəyanatda qeyd edilib ki, dünyada kafelər şəbəkəsi kimi məlum olan "26” kafeni Bakı komissarlarıyla əlaqələndirmək yanlışdır: 
"Güllələnmiş adamların şərəfinə kafe? Bu fikir o qədər gülünc və absurddur ki, heç cavab verməyə də dəyməzdi. Amma bu uydurma bəhanəylə kimlərinsə coşub özündən çıxması, "asacayıq, kəsəcəyik” deyə xox gəlməsi acı təəssüf doğurur. Kafeni işlədənlərin atası və qardaşının ermənilər tərəfindən qətlə yetirildiyini yada salanda şəhid ailəsini erməni havadarlığında suçlamaq abırsızlığın son həddidir. Bu azmış kimi hətta Yazıçılar Birliyinə də əl və dil uzadırlar. O təşkilata ki, Qarabağ fitnəkarlığı ortalığa atılandan bəri həmişə erməni millətçiləriylə mübarizənin ən fəal iştirakçısı olub. Bir çox yazıçılarımız, o cümlədən Birliyin rəhbərləri Bakı, Moskva, Türkiyə, Avropa ölkələrində xalqımızın haqq işini müdafiə edən, erməni təcavüzünü, dinc əhaliyə qarşı vəhşiliklərini ifşa edən yazılar yazıb, çıxışlar ediblər”. 
AYB bəyantında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Birliyin katibi Çingiz Abdullayevə verdiyi cavaba da münasibət bildirib: 
"Əvvəla, kafenin keçmiş adı Hacıbala müəllimin dediyi kimi "26-lar” yox "26”dır. İkincisi, kafenin adının həm də ingiliscə yazılması da heç cür komissarlarla əlaqələndirilə bilməz. Onda gərək Bakıda yüzlərlə müəssisənin, idarənin, dükanın, bankın, otelin adlarının həm də ingiliscə yazılması da komissarlarla bağlı olsun. Bakının bir çox ictimai iaşə yerlərində olduğu kimi "Xanımlara qəlyan çəkmək pulsuzdur” ifadəsi buranı əxlaqsızlıq yuvası və priton adlandırmağa əsas vermir. Əgər əxlaqsızlıq yuvaları axtarırlarsa, bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığışdırsınlar”. Bəyanatda həmçinin Bakının Sabunçu rayonunda hələ də "26 Bakı komissarı” adına küçənin qaldığı vurğulanıb: "Bu 26 ildə nəinki küçənin adı dəyişdirilməmiş, onun lövhəsi belə təzələnmiş və latın əlifbasıyla yenidən yazılıb divara vurulmuşdur. Xalqımızın cəlladlarının xatirəsinə havadarlıq etmək bax budur və elə həmin gün, yəni qəzetdə bu məlumat və şəkil çıxan gün hədəfi ayrı ünvana yönəltməkçün bu "26” kafe avanturasına start verildi. Əhsən deyək ki, bu kompaniyanın təşkilatçıları çox qıvraq hərəkət ediblər. 
Ayın 8-də olan hadisəyə 9-da çıxan rəsmi qəzetlərdə dərhal geniş material həsr olunub və həmişə hər şeyə hazır olanların rəyləri toplanıb. Elə bil yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün hayıf çıxırlar”. AYB bəyanatında yazıçıların nə külli miqdarda varı-dövləti, nə yüksək vəzifələri, nə müxtəlif imkanları olduğunu vurğulayıb: "Bircə silahları var - o da qələmləridir, amma unudulmasın ki, bu çox güclü silahdır və həmin silahla damğalananlar tarixdə bu damğayla qalacaqlar”. "Bununla da bu mübahisəyə son qoymaq istəyirik və qarşı tərəfi də Yazıçılar Birliyi kimi nüfuzlu təşkilata daha təmkinlə və hörmətlə yanaşmağa çağırırıq”, - deyə bəyanatda qeyd edilir.
Yeganə Bayramova