Yazıçı Pərvindən intellektual izah : "Ən pis yola düşmüş qadın belə...."

"...9 ay zəhmətlə bətnində böyütdüyü körpəsini, onun parçası olan övladını küçəyə atmaz. Sözsüz ki, burada psixoloji pozğunluq var"


"Ananın övladını dünyaya gətirib, küçəyə atması halları dünyanın hər yerində baş verir”.

Bunu "Sherg.az”a yeni doğulmuş körpələrin küçəyə atılmasının səbəblərini izah edərkən yazıçı-publisist Pərvin deyib. 

O bildirib ki, ölkəmizə gələn xarici qonaqlardan vaxtaşırı bu cür hadisələr eşidir:

"Hətta bu yaxınlarda qonaqlarımızdan biri öz başına gələn hadisəni nəql etdi. O deyirdi ki, övladı uşaq dünyaya gətirdikdən sonra öz övladını görmək istəməyib. Bu ananın doğuşdan sonrakı psixoloji, hormonal durumu ilə bağlıdır. Daha sonra həmin ana ilə psixoloji söhbət aparıb, uşağa baxaraq qadını psixoloji gərginlikdən xilas ediblər.

Bir məqam var ki, bu tibbi problem də ola bilər. Çox sevdiyim ukraynalı pediatr doktor Y.O. Kamarovski də çıxışlarında bildirir ki, uşaq dünyaya gələndən sonra ananın hormonları, psixoloji durumu yerində olmur. Bu müddətdə uşaqla bərabər anaya da qulluq olunmalıdır. Amma bizdə belə qayda var ki, uşağı ananın üzərinə atırıq ki, baxsın. Lakin uşaq dünyaya gələndən sonra ananın psixi, tibbi durumu nəzərə alınmadığı üçün belə fəsadlar baş verir. 

Mən də anayam və düşünürəm ki, normal düşüncədə olan, psixi pozğunluğu olmayan insan 9 ay çətinliklə bətnində daşıdığı, dünyaya gətirdiyi övladını küçəyə ata bilməz. Burada mütləq psixoloji, hormonal, tibbin müdaxiləsi ilə həll olunacaq problem var”.

Cəmiyyətimizdə oğlan övladına üstünlük verilməsinə diqqət çəkən yazıçı küçəyə atılan körpələrin əksəriyyətinin qız olmasını da bununla izah edib:

"Bəzi ailələr qadın hamilə olarkən ona deyirlər ki, biz oğlan dünyaya gətirməyini istəyirik. Bu isə psixoloji durumu yerində olmayan insana mənəvi terror deməkdir. Hətta ən pis yola düşmüş qadın belə 9 ay zəhmətlə bətnində böyütdüyü körpəsini, onun parçası olan övladını küçəyə atmaz. Sözsüz ki, burada psixoloji pozğunluq var.

Qeyd etdiyim kimi, bəzən də tibbi cəhətdən qadının durumunda müəyyən təsirlər ortaya çıxır. Hormonların qarışması, orqanizmdə baş verən dəyişiklik və s. problemlər də ola bilər. Bu məqamda belə, qadınların cəmiyyətin basqısına məruz qalması psixoloji cəhətdən təsirlənmiş insana daha mənfi təsir edir”.

Xanım yazar əlavə edib ki, maarifləndirmə tədbirləri ilə cəmiyyətdə belə mənfi hadisələrin yaşanmasını azaltmaq mümkündür:

"İstənilən cəmiyyətdə sosial, psixoloji problemin qarşını almağın başlıca yolu maarifləndirmədən keçir. Analarla söhbət aparmaq, ailələrə övlad ayrı seçkiliyinin düzgün olmadığını anlatmaq lazımdır. Mənə elə gəlir ki, düşüncəsi normal olan, nadan olmayan ana, şəxs belə addım atmaz”.

Qeyd edək ki, bu gün paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 4 ünvanında küçədən yeni doğulmuş qız uşağı tapılıb. Uşaq körpələr evinə təhvil verilib.

Hazırda körpənin küçəyə kimin tərəfindən atılması araşdırılır.

Aysel Aslan