Yeni ildə əfv olacaqmı?

Hüquq müdafiəçilərinin, əfv komissiya üzvlərinin dəqiq məlumatı yoxdur




Azərbaycanda hər il bayramlar ərəfəsində məhbusların əfv olunması ənənə halını alıb. Müxtəlif bayramlarda imzalanan əfv fərmanları ilə yüzlərlə məhbus azadlığa çıxır. Ona görə, insanlar bu il də Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində əfv fərmanını gözləyir. Görəsən, gözləntilər özünü doğruldacaqmı?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə bir qayda olaraq ölkəmizdə dekabr ayının sonlarında əfv sərəncamı verildiyini deyib. Onun sözlərinə görə, insanlar buna köklənib və gözləyirlər: "O cümlədən də biz əfv sərəncamının olacağını gözləyirik”. Millət vəkili ilin sonunda əfvin olacağına ümid etdiyini deyib.
"Ümid edirəm ki, bu dəfə də cənab Prezident çoxsaylı ailələri, insanları sevindirəcək. Biz bunu gözləyirik”.

Əfv Komissiyasının üzvü Rəşad Məcid isə Yeni il ərəfəsində əfv sərəncamı olmayacağını güman edir. Onun sözlərinə görə, əfv sərəncamı verilməzdən əvvəl Əfv Komissiyasının üzvlərinə xəbər verilir və buna uyğun iclaslar, tədbirlər keçirilir:

"Lakin hələlik bizə belə bir məlumat verilməyib. Buna görə də güman edirəm ki, Yeni il bayramı münasibətilə əfv olmayacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da əfv olmasını gözləyənlər sırasında yer alıb. Lakin N.Cəfəroğlu fərmanın olub-olmayacağını dəqiq bilmədiyini də əlavə edib: 

"Eşitdiyimizə görə, bu sahədə işlər aparılır. Gözləyirik ki, əfv olacaq”. 

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə əfv olacağına inanır. Onun sözlərinə görə, bu sahədə işlər aparılır:

"Daha dəqiq məlumatı sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası verə bilər. Lakin bayram ərəfəsində yeni əfv fərmanının imzalanması ehtimalı böyükdür”.


Hər il olduğu kimi bu ilin sonunda da Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanmasının gözlənilən olduğunu qeyd edən Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, ənənəyə uyğun olaraq bu il də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına məhkumlardan və ailələrindən çoxsaylı müraciətlər daxil olub:

 "Azadlıqdan məhrum edilən şəxs təbii ki, azadlığa çıxmaq istəyir. 

Məhkumların özləri, ailə üzvləri, vəkilləri tərəfindən çoxsaylı müraciətlər edilir. Azərbaycanda hər il tarixi əhəmiyyətli günlərdə, xüsusi bayram günlərində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamları imzalanır. Ənənəvi olaraq bu ilin sonunda da əfv haqqında sərəncamın olub-olmaması insanlarda sual doğurur. 

Hazırda bununla bağlı komissiya iş aparır, müraciətlər araşdırılır. Komissiyanın iclasları da hələlik başlamayıb. Nə qədər məhkumun əfv olunacağı ilə bağlı dəqiq rəqəmlər demək mümkün deyil, çünki müraciətlərin sayı olduqca çoxdur. Əfv sərəncamının nə zaman imzalanması barədə də heç bir söz demək olmur. Çünki bu yalnız cənab Prezidentin səlahiyyətində olan bir məsələdir”.

Şəymən