“Yeni Qafqaziya”...

Mühacirət mətbuatının ilk nümunəsi sayılır



Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra ölkəmizdə qurulan bolşevik idarəçiliyinin ömrü gözləniləndən daha çox oldu. Azərbaycandakı üsyanlara bəslənən ümidlər də özünü doğrultmadı. Azərbaycan hüdudlarından kənar yaşamağa məcbur olmuş siyasi mühacirət başa düşdü ki, xaricdəki bütün milli qüvvələr arasında "könül və fikir birliyi” yaradacaq, milli şüuru diri tutacaq mətbuat orqanlarına böyük ehtiyac var.

Sovet hakimiyyətinin qurulması ilə milli-maarifçi mətbuata son qoyulması görüləcək işin əhəmiyyətini daha da artırdı. Bu şərtlərdə İstanbulda 15 gündən bir nəşr olunan ədəbi, ictimai və siyasi məcmuə, öz deyimləri ilə "siyasi Azərbaycan qaçqınlarının” ilk mətbu orqanı - "Yeni Qafqaziya” yaradıldı. 1923-cü ilin sentyabrın 26-dan İstanbulda Məhəmməd Əmin Rəsulzadənin təşkilatçılığı ilə nəşrə başlayan "Yeni Qafqaziya” jurnalı Azərbaycan mühacirət mətbuatının ilk nümunəsi sayılır.
Azərbaycan mühacirətinin 1928-ci ildən etibarən ardıcıl olaraq nəşr etdirdiyi "Azəri türk”, "Odlar yurdu”, "Bildiriş”, "Azərbaycan yurd bilgisi”, o cümlədən türküstanlıların İstanbuldakı "Yeni Türküstan”, İdil-ural türklərinin Berlindəki "Yeni yul” jurnalları məhz "Yeni Qafqaziya”nın mənəvi varisləri idilər.

İstanbulda Çağaloğluda yerləşən Amedi mətbəəsində çap edilən jurnal 16 səhifədən ibarət idi. Ərəb hərifləri ilə şəkilli, adətən ayın biri və on altısı tarixlərində nəşr edilirdi. Həmçinin, 28 may İstiqlal və 27 aprel işğal günlərində jurnalın xüsusi sayları hazırlanırdı. Səbahattin Şimşirin məlumatına görə, ilk sayı 1923-cü ilin 26 sentyabr tarixində çıxan "Yeni Qafqaziya”nın son sayı 1927-ci ilin oktyabr ayında nəşr edilib. Jurnalın "sahibi-imtiyaz və müdiri-məsul”u dağıstanlı Səid Tahir Əfəndi olub. Dördüncü ilin 3-cü sayından etibarən isə jurnalın adının altından "sahibi və baş müharriri: Resulzade Mehmed Emin” ibarəsi yazılmağa başlanıb. Dövrün Sovet kəşfiyyat idarəsinin məlumatlarına əsasən, jurnalın tirajı 200 nüsxəyə çatırmış.

"Yeni Qafqaziya” elə ilk sayında bildirirdi ki, nəşr yalnız Qafqaz sahəsi ilə məhdudlaşmır. Bütün Şərqdən, xüsusilə xaricdəki türklərin vəziyyətindən mümkün olduğu qədər məlumat verməyə səy göstərir. Jurnalın yazar heyəti geniş coğrafiyanı əhatə edirdi. Bu da həmin məcmuənin bir çox ölkədə oxunduğunu göstərirdi. Yazar heyəti tam olaraq bilinməsə də, nəşr həyatı boyunca jurnalda 139 imza dərc edildiyi məlumdur. Jurnalda iştirak edən əsas müəlliflər və imzalar - M.Ə.Rəsulzadə, Əhməd Naim, Əhməd Cavad, Hüseyn Cavid, Mirzə Bala Məmmədzadə, Yusuf Akçura, Əhməd Zəki Validi, Almas İldırım və başqaları olublar. Adətən bir müəllif bir neçə imzadan istifadə etdiyi üçün xeyli imzanın sahibi məlum deyil. Buna görə də, şübhəsiz, yazar heyəti 139-dan az olub. Bundan əlavə, jurnalda 1923-27-ci illər ərzində 374 imzasız yazı yer alıb.

Tədqiqatçılara görə, "Yeni Qafqaziya”da yazı müəlliflərinin adlarını gizlətməsinin əsas səbəbi jurnalın Sovet Rusiyasına qarşı mübarizə aparması idi. Belə ki, jurnala bolşeviklər tərəfindən ciddi şəkildə göz qoyulurdu. Nəticədə bir qismi Türkiyə xaricində yaşayan yazarları bolşevik təhlükəsindən yayınmaq üçün fərqli imzalar istifadə etməyə məcbur olurdular.

Jurnalın baş yazarı və təsisçisi M.Ə.Rəsulzadə ilk saylarda adını gizlətsə də, sonrakı saylarda açıq imza ilə yazıb. Jurnalın ilk açılış yazısı - "Atəş çalan Prometey” də Rəsulzadənin qələmindən çıxıb. Yazıda yunan mifologiyasında odu tanrılardan oğurlayıb insanlara verən Promotey simvolik şəkildə Qafqaza, onun ciyərini parçalayan zalım quş isə Rusiyaya bənzədilir: "Qafqasiyanın köksünü didən Rusiya imperiyası bir qartal deyilmi?”

Jurnalın adının Qafqazla bağlı olması da xüsusi diqqət çəkir. Xaləddin İbrahimli 1996-cı ildə Bakıda nəşr etdirdiyi "Azərbaycan siyasi mühacirəti” kitabında bu barədə yazır: "Dərginin "Yeni Qafqaziya” adlandırılmasından da görünürdü ki, Azərbaycan mühacirləri bütün Qafqaz mühacirləri ilə iş birliyi yaradılmasının ilk təşəbbüsçülərindən olub. Son dərəcə zəruri olan bu birliyin gerçəkləşməsi üçün "Yeni Qafqaziya” həm mühacirlərin, həm də Türkiyə ictimaiyyətinin siyasi zümrəsinin ideoloji-siyasi cəhətdən hazırlanması istiqamətində çox iş görüb. Fikrimcə, jurnala belə bir adın seçilməsi Rəsulzadənin xüsusi təşəbbüsü olub. Çünki 1930-cu illərdən etibarən Qafqaz birliyi-konfederasiyası ideyasının reallaşması istiqamətində əsas təşəbbüskarlardan biri kimi azərbaycanlılar içərisində onu görürük. Jurnala Qafqazla bağlı adın seçilməsi, çox güman, həm regiondan olan mühacirlərin dəstəyini qazanmaq, həm də Sovet hakimiyyətinə qarşı mübarizə aparan qüvvələri bir mərkəz ətrafında birləşdirmək məqsədi daşıyıb. Ümumiyyətlə isə, jurnalın yayım siyasətinin müəyyən olunmasında M.Ə.Rəsulzadənin mövqeyi xüsusi rol oynayıb. İlk gündən millətçi-istiqlalçı xətti götürən, Azərbaycan milli müdafiə orqanı sayılan "Yeni Qafqaziya”nın 1924-cü il yanvar sayında Stalinə ünvanlanan açıq məktubda, Rəsulzadə məqsədlərini açıq-aşkar bəyan edirdi: "...Moskvada olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız özlərində olduğuna qəti surətdə inandım... Sizin istədiyiniz baş tuta bilməz. Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər...”.

M.Ə.Rəsulzadə müəllifi olduğu baş məqalə və digər yazılarda əsasən bolşevik həqiqətlərini, Şimali Azərbaycanda bolşevik siyasəti və repressiyaları, kəndli üsyanlarını, türk inqilabını, Türkiyədə kommunist propoqandasını, Rusiya-Türkiyə münasibətlərini, Qafqaza aid məsələləri işıqlandırıb. Lakin bütün bu yazı və məqalələrin arxa fonunda həmişə kommunizmin tənqidi və ifşası ilə millətçi təbliğat dayanıb. Bu baxımdan, Rəsulzadənin jurnalın 3-cü ilində yazdığı və kommunizmə elmi tənqidi yanaşması ilə seçilən "İxtilalçı sosializmin iflası” məqalələr seriyası diqqət çəkir. Həmin məqalələrin 1928-ci ildə İstanbulda ayrıca kitab şəklində "İxtilalçı sosializmin iflası və demokratiyanın gələcəyi” adı altında çap edilməsi, Rəsulzadənin kommunizmin elmi əsaslarla tənqidinə böyük əhəmiyyət verdiyini göstərir.

Tarixçi S.Şimşir "Yeni Qafqaziya”da Məhəmməd Əmin Rəsulzadəyə aid olduğunu düşündüyümüz imzalı və ya imzasız 215 civarında məqalə olduğunu yazır və yazarın istifadə etdiyi imzaları qeyd edir. Nəsiman Yaqublu da Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyasında Şimşirə əsasən eyni məlumatı verir. Jurnaldakı mətnləri araşdırmış Adəm Cana görə isə yazar açıq imzalarla - "Resulzade Mehmet Emin”, "Mehmet Emin Resulzade”, "Resulzade”, "M. E”. Və "Mim Elif” adı ilə cəmi 42 yazı yazıb. İmzasız yazılar barədə isə dəqiq say demək olmaz. Hər halda imzasız yazıların ümumi sayını nəzərə alsaq və imzasız baş yazıların redaktor tərəfindən yazıldığını təxmin etsək, Şimşirin gəldiyi qənaətin reallığa uyğun olduğunu deyə bilərik.

"Yeni Qafqaziya”da ən çox yazısı olan digər yazar tanınmış mühacir Mirzə Bala Məmmədzadədir. Bolşeviklərin təqibindən İran Ənzəlisinə qaçan Mirzə Bala jurnala öz məqalələrini oradan göndərib. Müəllif bolşevik agentlərini çaşdırmaq üçün məqalələrinin altında hər dəfə başqa-başqa ünvanlar qeyd edib: "Mirzə Bala Əfqanıstan”, "Mirzə Bala İstanbul”, "Daşdəmir Bakı”, "A.K. Ənzəli” və s. Yazarın jurnala müxtəlif imzalarla təxminən 70 yazı yazdığı müəyyən edilib. Tanınmış mühacir jurnalda siyasi xarakterli məqalələrlə yanaşı, Azərbaycan ədəbiyyatı ilə bağlı məqalələr də yazıb. Bundan əlavə, mühacirət nəsrinin tədqiqatçılarına görə, Mirzə Balanın "Yeni Qafqaziya”nın 15 dekabr 1925-ci il tarixli sayında işıq üzü görmüş "On dəfə öldürülən” hekayəsi Azərbaycan mühacir nəsrinin ilk nümunəsidir. Həmin hekayəni Rəsulzadənin "Qəzetəçi Seyid”i və Fuad Əmircanın "İntiqam alan kölgə”si izləyib. Jurnalda Mirzə Balanın "Vətən qaldı” və "İldırım” adlı daha iki hekayəsi çap edilib.
Jurnalda yazıları çap olunan digər maraqlı, amma kimə məxsus olduğu bilinməyən imza Azəridir. Azərinin yazdığı 52 məqalədən çoxu siyasi mövzuları əhatə edib və bolşeviklərə qarşı kəskin hücumları özündə əks etdirib. Tədqiqatçılara görə, jurnala əvvəldən axıra qədər yazması və bolşeviklərin Azərbaycan siyasətini yaxşı bilməsi, Azərinin Rəsulzadəyə yaxın adam olduğunu göstərir.
Göründüyü kimi, jurnalın vizionunda təkcə Azərbaycanın müstəqilliyi deyil, bütün Qafqaz xalqlarının rus-bolşevik işğalından qurtarılması, türk dünyasının siyasi istiqlalı və mədəni vəhdəti, habelə Şərqin müasirləşməsi-demokratikləşməsi əhəmiyyətli yer tutub. Jurnal özünün xeyli uğurlu fəaliyyətinə baxmayaraq, nəşr həyatı boyu davamlı olaraq bir sıra təzyiqlər və əks-propaqanda ilə üzləşib. Jurnalın Azərbaycana keçirilməsinin qarşısını ala bilməyən Sovet hökuməti "Yeni Kafkasya”nın millətçi və bolşeviklərin siyasət və yalanlarını ifşa edən məqalələrinə qarşı öz mətbuat orqanlarında ən yüksək səviyyədə cavab verməli olub.

Kommunist Partiyasının rəsmi mətbuat orqanları - "Kommunist” və "Bakinski raboçi”, o cümlədən "Yeni fikir”, "Zarya Vostoka”, "Pravda”, "İzvestiya” kimi qəzetlərdə Müsavat Partiyası və siyasi mühacirət əleyhinə yazılar yazılıb.

1925-ci ilin dekabr ayında Türkiyə ilə SSRİ arasında imzalanan "Dostluq və tərəfsizlik müqaviləsi” jurnalın naşirləri üçün fəaliyyət şərtlərini çətinləşdirib. Nəhayət, Sovet rejiminin davamlı diplomatik təzyiqləri nəticəsində 1927-ci ilin sonunda Türkiyə Daxili İşlər Nazirliyinin təklifi ilə "zərərli” nəşriyyat kateqoriyasına aid edilərək bağlanıb.

İsmayıl


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb