Yerli istehsal olduqca vacibdir

Bununla ərzaq təhlükəsizliyi təmin ediləcək



Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov modern.az-a açıqlamasında Rusiya və digər ölkələrdən idxal edilən mallara baxanda yerli malların daha keyfiyyətli olduğunu deyib. AİB sədrinin sözlərinə, Rusiyada yerli istehlak üçün nəzərdə tutulan malların keyfiyyəti Azərbaycana idxal edilən malların keyfiyyətindən çox yüksəkdir: Çünki mal-məhsulun uzun müddət yol gəlməsi, istiyə, soyuğa davamlı olması üçün tərkibinə çox sayda kimyəvi maddələr vurulur. Baxmayaraq onların paketlənməsi, dadı, qoxusu cəlbedicidir, qidalılığı, insan orqanizminə zərəri çoxdur”. Hüquq müdafiəçisi ölkə başçısının məsələ ilə bağlı göstərişlərinə də dəstək verib: "Hesab edirəm ki, birmənalı şəkildə Prezidentin çağırışına dəstək olmaq üçün yerli mallara üstünlük verilməli və onların brendi yaradılmalıdır. İstehlakçı hüquqlarında belə bir məsələ var ki, insan doğulduğu yerdən maksimum 500 kilometr radiusda istehsal edilən ərzaqla, məhsulla qidalanmalıdır. Hətta insanın bədənində onun ilk doğulduğu yerdə içdiyi suyun kodları yaşayır. Hamı yerli mal alsın, xeyri vətənə qalsın. Mən əminliklə deyirəm ki, xaricdən ölkəyə gətirilən ərzaq məhsulları insanların fikirlərində formalaşdırdığı kimi keyfiyyətli deyil”.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov "Şərq”ə açıqlamasında deyib ki, yerli məhsulların brendini yaratmazdan əvvəl onların istehsalı stimullaşdırılmalıdır: "Yerli istehsalın inkişafı yalnız istehlakdan asılılığı aradan qaldırmaq deyil. Yerli istehsalın güclü olması manatın devalvasiyası və yumşalması hallarında bazarda qiymət artımlarının qarşısını almağa kömək edir. O baxımdan Azərbaycan üçün yerli istehsal, xüsusilə
də ərzaq təhlükəsizliyi baxımından olduqca vacibdir. Ölkəmiz yerli istehsalın bərqərar olmasına çalışmalıdır. Hazırda Azərbaycan bir sıra ərzaq məhsullarını Rusiyadan idxal edir. Xarici istehsaldan asılılığı azaltmaq üçün isə hökumət istehsalla məşğul olan sahibkarlara differensial vergilər tətbiq etməlidir.

Düzdür, Azərbaycanda investisiyanın təşviqi sənədinin tətbiq olunması investorları əmlak və torpaq vergisindən azad edir. Amma bununla yanaşı, subsidiyaların ayrılmasına da ehtiyac var. Digər əhəmiyyətli məqam isə biznesə müdaxilələrin tamamilə aradan qaldırılmasıdır, xüsusən də regionlarda. Eyni zamanda yerli istehsal formalaşdırılan zaman daxili bazarda olan tələbat və istehsal olunan məhsulların ixrac imkanları nəzərə alınmalıdır. İxrac imkanlarına uyğun yerli istehsalın təşkil edilməsinə ehtiyac var”. Sadəcə Rusiyadan deyil, digər ölkələrdən də idxalın azaldılmasının mümkün olduğunu vurğulayan ekspert deyib ki, Azərbaycan mövcud ixrac qabiliyyətini, qonşu ölkələrdə məhsullarımıza olan tələbatı nəzərə almaqla, kənd təsərrüfatı sektorunda qida sənayesinin inkişafı ilə bağlı yerli istehsalın təmin edilməsi və gücləndirilməsini həyata keçirməlidir: "Kənd təsərrüfatı məhsullarının emal edilərək dünya, eləcə də daxili bazara çıxarılması yerli istehsalın inkişafını stimullaşdıracaq. Həm də Azərbaycan fermerləri daha çox ixrac imkanlarına malik olacaqlar. Qeyd edim ki, bu gün dünyada məhsul idxal etməyən ölkə yoxdur. Bu, həmin ölkələrin yerli istehsalının zəif olması demək deyil. İstehlakçılar hər zaman digər ölkələrdə istehsal olunan məhsullara tələbat yaradırlar. Ona görə də tam olaraq istehlakın yerli istehsal hesabına ödənilməsi hədəf olmamalıdır. Amma Azərbaycan üçün ənənəvi sektorlar üzrə idxaldan asılılığın aradan qaldırılması əsas hədəf kimi götürülməlidir. Azərbaycanda yerli istehsalın bir çox sahələrinin inkişaf etdirilməsi üçün geniş potensial var”.

Şəymən