"Yol-nəqliyyat hadisələri ilə bağlı xüsusi elmi araşdırma mərkəzi yaradılmalıdır"- Təklif







"İstirahət günlərində baş verən yol - nəqliyyat hadisələri, qəzalar Dövlət Yol Polisindən asılı olmadı”.

Bunu "Sherg.az”a geridə qalan 5 istirahət günündə 13 nəfərin ölümü ilə nəticələnən yol qəzalarının səbəbini izah edərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. 

O vurğulayıb ki, bayram günlərində yollar qarlı, buzlu, sürüşkən olmasa da, qəzaların sayı azalmadı:

"Deməli, burada sırf sürücülərin məsuliyyətsizliyini qeyd etməliyik. İnsanlar baş verən qəzalara diqqətlə yanaşmırlar. Heç kim başqalarının başına gələnlərdən nəticə çıxara bilmir. Nə də öz həyatlarına məsuliyyətlə yanaşmırlar. Hər kəs bir-birinə, ən azından öz ailə üzvlərinə, yaxınlarına qarşı qayğıkeş olsa, yol- nəqliyyat hadisələri də nisbətən azalar.

Baş verən qəzalar analiz olunmalıdır. Əsas çətinliklərimizdən biri odur ki, hadisələrin səbəblərini müəyyən edə bilmirik. Azərbaycanda bununla bağlı xüsusi elmi araşdırma mərkəzi yaradılmalıdır ki, qəzaların baş vermə səbəblərini müəyyən etsin. Sürücülərin maarifləndirilməsi, bilgiləndirilməsi baxımından da işlər görülməlidir. Yol- nəqliyyat hadisələri obyektiv səbəblərdən baş veribsə, bunları aradan qaldırmaq lazımdır. Qəzalar baş verir, Dövlət Yol Polisi xəbərdarlıqla kifayətlənir.

Bayram günlərində yol qəzaları insanların məsuliyyətdən kənar davranması nəticəsində baş verir. Həmin hadisələr dəqiq analiz olunandan sonra müəyyən tədbirlər sistemi hazırlamaq olar”.

Qeyd edək ki, dekabrın 30-da ölkə yollarında 13 yol qəzası qeydə alınıb. Nəticədə 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Digər 4 günün yol qəzası statistikası isə belə olub.

31 dekabr: 12 qəza, 2 ölü, 16 yaralı.
1 yanvar: 5 qəza, 1 ölü, 6 yaralı.
2 yanvar: 8 qəza, 3 ölü, 10 yaralı.
3 yanvar: 11 qəza, 3 ölü, 13 yaralı.
Hər bir hadisə ilə bağlı zəruri araşdırmalar həyata keçirilir.

Aysel Aslan