Yola düzülən beton maneələr hərəkəti çətinləşdirəcək





Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan "Şamaxinka” deyilən əraziyə girişdə nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilir. "Azəravtoyol” ASC-dən verilən məlumata görə, xüsusən günün pik saatlarında sözügedən əraziyə nəqliyyat vasitələrinin həm "Bakı Dairəvi-1” avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olması və bir çox hallarda sürücülərin avtomobili nizamsız şəkildə idarə etməsi tıxaca, hərəkətin iflic olmasına səbəb olur.

Sıxlığın, o cümlədən hər iki istiqamətdən daxil olan nəqliyyat vasitələrinin biri-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədi ilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf "Bakı Dairəvi-1” avtomobil yolundan gələn avtomobillər üçün ayrılır. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülür. Maneələr tunelin üzərində yerləşən birinci geri dönməyə qədər düzüləcək. Bununla da dairəvi yoldan gələn nəqliyyat vasitələri məcburi şəkildə ancaq tunelin üzərindəki ikinci geri dönmədən istifadə edərək geri dönməni həyata keçirə biləcəklər. "Şamaxinka” ərazisində ediləcək daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndiriləcək. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb. Genişləndirmədən sonra yolda daha 1 hərəkət zolağı yaranmış olacaq. Bu da öz növbəsində sözügedən ərazidə sıxlığın qarşısını almaq üçün müsbət bir addım olacaq. Genişləndirmə işləri ilkin etapda Moskva prospektinin "Bakı Dairəvi-1” avtomobil yolu ilə kəsişməsindən "2-ci Alatava” küçəsi ilə kəsişməyədək olan hissəsində aparılacaq. İşlərinin qısa müddət ərzində və hərəkətə maksimum dərəcədə maneə yaratmadan aparılaraq yekunlaşdırılması planlaşdırılır.

"Şamaxinka”da həyata keçirilən infrastruktur dəyişiklikləri ilə tanış olduğunu deyən Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri, nəqliyyat üzrə ekspert İlqar Hüseynli "Şərq”ə açıqlamasında deyib ki, "Bakı Dairəvi-1” avtomobil yolundan "Şamaxinka” istiqamətinə çıxışı genişləndirmək daha məqsədəuyğun olardı: 

"Həmin yolun sağ tərəfində genişləndirmək üçün müvafiq imkanlar da var. Amma yola düzülən dəmir-beton maneələr daha da hərəkəti məhdudlaşdıracaq. Xüsusən də axşam radələrində, təxminən saat 17:00-dan sonra "Binə” və "Sədərək” ticarət mərkəzlərindən şəhər istiqamətinə çoxsaylı avtomobil axını müşahidə olunur. Odur ki, nəqliyyat vasitələrinin hərəkət imkanlarını artırmaq üçün daha fərqli və əlverişli vasitələrdən istifadə etmək olar. Günün pik saatlarında Dövlət Yol Polisi əməkdaşlarının ərazidə dayanaraq nəqliyyat axınını tənzimləməsi daha məqsədəuyğun olar, nəinki yola dəmir-beton maneələr düzülməsi. Bir şeyi də nəzərə almaq lazımdır ki, sözügedən istiqamətdən gələn nəqliyyat vasitələri yalnız şəhərin mərkəzinə yox, eyni zamanda şəhərin digər istiqamətlərinə, mikrorayonlar istiqamətinə də hərəkət edirlər. Yola dəmir-beton maneələr düzüldüyü halda isə artıq avtomobillərin sola dönmə imkanları çətinləşəcək”.

İ.Hüseynlinin sözlərinə görə, nəzərdə tutulan dəyişikliklər həmin yoldakı sıxlığın, o cümlədən hər iki istiqamətdən daxil olan nəqliyyat vasitələrinin biri-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədi ilə həyata keçirilsə də, əks nəticələrə gətirib çıxaracaq. 

"Düzdür, yol sağa doğru 3-4 metr enində genişləndiriləcəyi halda nəqliyyat vasitələrinin hərəkətində intensivlik müşahidə olunacaq. Amma sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülməsi” yuxarıda da qeyd etdiyim kimi, nəqliyyat vasitələrinin sol tərəfə dönməsini məhdudlaşdıracaq. Sağ kənar zolağı digərlərindən ayırma üçün düz xəttin çəkilməsi daha effektiv olar. Bilirsiniz ki, avtomobillərin düz xəttin üzərinə keçməsi ciddi qanun pozuntusu hesab olunur. Sola dönməni təmin etmək üçün də bir neçə yerdə kəsik zolaqlı xətlər qoymaq kifayətdir”.

Şəymən