Çünki Qərb dünyası Türkiyənin müstəqil rolundan ciddi narahatdır
Türkiyə ilə Yunanıstan arasında "bayraq böhranı” səngiməyib. Afinadan gələn təxribatçı çıxışlara rəğmən Türkiyə rəsmiləri Yunanıstanla qonşu olduqlarını, Egey dənizinin iki ölkə arasında dostluq dənizin olmasını arzu etdiklərini bildirirlər. Kardak qayalıqlarına iddia edən Yunanıstan tərəfi isə iddia edir ki, qayalıqların suverenliyi 1923-cü il Lozanna konfransı ilə tənzimlənir.
Türkiyə Xarici İşlər Nazirliyi isə Kardak qayalıqlarının Türkiyəyə aid olduğunu söyləyir. Hökumət sözçüsü Bəkir Bozdağın dediyinə görə, AKP hakimiyyəti dövründə Türkiyə-Yunanıstan münasibətlərinin müsbət inkişafı üçün ciddi addımlar atılıb. Lakin Yunanıstanda daxili siyasətdə nüfuz qazanmaq istəyən müəyyən dairələr Türkiyəyə qarşı təxribatçı bəyanatlar verməkdə davam edirlər: "Egey dənizində baş verənlərə Türkiyənin göz yumacağını heç kəs gözləməsin. Əgər Yunanıstan hesablanmamış addım atarsa, Egey dənizində batar gedər”. Bozdağ yunanların Aydın vilayətində sahilə sancdıqları bayraq məsələsinə də münasibət bildirib: "Türkiyə bu bayrağı oradan endirdi. Egey dənizində arzuolunmaz hadisələrin baş verməməsi üçün Yunanıstanın təxribatçı və təcavüzkar mövqedən əl çəkməsi lazımdır. Əks təqdirdə heç istəmədiyimiz hadisələr baş verə bilər.
Tərəflər arasındakı qarşıdurma ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Azər Rəşidoğlu deyib ki, Yunanıstan tərəfindən Türkiyəyə məxsus bir neçə ərazi işğal edilib. Politoloqun sözlərinə görə, Yunanıstanın təxribatçı addımları təhlükəli vəziyyətə səbəb olub:
"Bu baxımdan, Türkiyə və Yunanıstan arasında hərbi qarşıdurmanın olacağını proqnozlaşdıranlar var. Məsələ ondadır ki, Türkiyə Dəniz Qüvvələri Komandanlığı Suriya böhranından istifadə edərək, Aralıq dənizində yerləşməyə çalışan ABŞ, Britaniya, Fransa və təxribatları artıran Afinaya qarşı tədbir görüb. Aralıq dənizinin şərqi və Egey dənizi istiqamətində nəzarəti artırmaq üçün əraziyə 2 sualtı qayıq və 12 döyüş gəmisi cəlb edilib. Türkiyənin bu addımı yunanların narazılığına səbəb olur. Burada bir nüansa da diqqət yetirmək lazımdır.
Rusiya qazının Türkiyə və Yunanıstan üzərindən Avropanın cənubuna nəql edilməsi planlaşdırılan yeni boru xətti layihəsi yunanların təxribatlarına səbəb oldu. Türkiyə, Rusiya və Yunanıstan arasında geniş əlaqələr yaradılması təkcə iqtisadi olaraq deyil, həm də erməni və "Kipr problemi” üçün çıxış yolu sayıla bilərdi. Lakin Qərb dünyası Türkiyənin müstəqil rolundan narahatdır, odur ki, yunanların əli ilə Ankaraya diş qıcayır”.
İsmayıl