Zəhərlənmə birdən baş verməyib

Zavod tullantılarının təbiətə atılması zərərlidir, o geri insanlara qayıdır
Azərbaycanda fəaliyyət göstərən müəssisələr qaydalara əməl etmirlər


Sumqayıtda kütləvi zəhərlənmə baş verib. Hadisə ötən gecə şəhərin Səməd Vurğun küçəsinin dənizkənarı istiqamətində zavodlar yerləşən ərazidə yaşanıb. Həmin ərazidən keçən 12 nəfər zəhərlənib və kimyəvi maddə ilə kəskin inqalyasion zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, zavod tullantılarının tam zərərsizləşdirilməsi həyata keçirilməlidir ki, ekologiya və ətraf mühit korlanmasın: "Xarici ölkələrin hər birində zavod tullantılarının zərərsizləşdirilməsi üçün istehsala qoyulan qədər xərc çəkilir ki, onlar birbaşa təbiətə atılmasın, içməli su hövzələrinə düşməsin. Bütün bunlar isə xeyli maliyyə tələb edir. Azərbaycanda fəaliyyət göstərən müəssisələr isə bu qaydalara əməl etmirlər. Bütün tullantılar havaya atılır və son nəticədə dövran edərək ətraf mühiti və ekologiyanı zəhərləyir. Ətraf mühitə vurulan ziyan isə insanın özünə qayıdır. Kanalizasiya suları dənizə axıdılır. İnsanlar da dəniz suyundan, dənizdə yaşayan heyvanların ətindən faydalanır, beləliklə də dənizə ötürdüyümüz zəhər bizim həyatımız üçün ciddi təhlükə yaradır”.
İnsan tələbatının ildən-ilə artdığını vurğulayan professorun sözlərinə görə, nəticədə istehsalın miqyası genişlənir, istehsal prosesinə cəlb olunan təbii sərvətlərin, enerji resurslarından istifadənin həcmi də durmadan artır. Bununla əlaqədar olaraq ətraf mühitə atılan istehsal tullantılarının həcmi də artır. Bu tullantılar və zərərli kimyəvi birləşmələr atmosferin havasını, su tutarlarını, torpaqları xeyli dərəcədə çirkləndirir, bir çox yerlərdə bitki örtüyünün, meşə və yaşıllıqların azalmasına və ya tamamilə məhv olmasına səbəb olur.
Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün Avropa ölkələri maksimum dərəcədə səylər göstərirlər. Məhz bu səbəbdən xarici məhsullar da keyfiyyət parametrlərinə görə yüksək, qiymətləri də baha olur”.
Şəymən