"Ziyalı təbəqə nə qədər çox maaş alırsa, o qədər ürəklə çalışır" - AÇIQLAMA




"Müəllimlərin və digər peşə sahiblərinin maaşları müəyyən edilərkən iqtisadçılar dövlətin imkanı və real tələb arasındakı ortaq nöqtəni tapmalıdır”.

Bu sözləri Sherg.az-a müəllimlərin əməkhaqqının ikiqat artırılması xəbərinə münasibət bildirərkən, professor Füzuli Məhəmməd deyib. 

O, bildirib ki, normal şəkildə hər bir ölkə öz daxili imkanları hesabına müəllimlərin və digər peşə sahiblərinin əməkhaqqını müəyyən edir:

"Amma belə bir vəziyyət yaranır ki, ziyalı təbəqə nə qədər çox maaş alırsa, o qədər ürəklə və məhsuldar çalışır. Ona görə də, maaşların artırılması bu sahədə müsbət haldır. Ümid edirəm ki, ölkə rəhbərliyi təhsilin inkişafına xidmət edən bu cür islahatları davam etdirəcək”.

F. Məhəmməd bildirib ki, bəzən ictimaiyyətdə müəllimlərin maaşının az olması barədə narazılıqlar səsləndirilir. Lakin  Azərbaycan dövlətinin indiki şəraitdə öz müəlliminə nə qədər pul vermək imkanına malik olması nəzərə alınmalıdır: 

" Bunu isə artıq peşəkar iqtisadçılar daha dəqiq şəkildə söyləyə bilər. Onlar dövlətin imkanı və real tələb arasındakı ortaq nöqtəni tapmalıdırlar. Lakin sözsüz ki, əməkhaqqının yüksək olması arzuolunandır”.

Qeyd edək ki, Yanvarın 1-dən Azərbaycanda 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Təhsil Nazirliyindən bildirilib ki, bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilməsən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunur.

Aysel Aslan