- Eyyub Hüseynov: “Ətin rənginə və qoxusuna diqqət edin. Qiymə şəklində satılan ətdə saxtakarlığı aşkar etmək çətindir”
7500 restoran və kafedə monitorinq aparılıb, 626 müəssisədə yararsız ət aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Trend" İnformasiya Agentliyinə və "Xəzər" TV-yə birgə müsahibəsində deyib. Onun sölərinə görə, bu yoxlamalar zamanı 626 halda baytarlıq-sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb. Yararsız ətlər dövriyyədən kənarlaşdırılıb.
AQTA sədrinin bu açıqlaması “at əti yeyilə bilərmi?” sualını yenə gündəmə gətirib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirdi ki, məsələ hansısa restoranda at ətindən yemık hazırlanmasında deyil, problem at və ya başqa hər hansı heyvanın ətinin dana, mal əti adı altında istehlakçıya təqdim olunmasıdır:

- Bu o deməkdir ki, istehlakçı aldadılır. Əgər at ətini öz adıyla təqdim etsələr, bildirsələr ki, menyuda at ətindən hazırlanmış xörək var, kim arzu edirsə, hazırlayaq, təqdim edək, bu, başqa məsələ. Amma sahibkar at ətinə ölkəmizdə, əhali arasında tələbat olmadığını, əksəriyətin at ətindən imtina edəcəyini bildiyinə görə, onu başqa ad altında təqdim edirlər. İstehlakıçını aldadırlar, istehlakçı hüququnu pozurlar.
E.Hüseynov bildirdi ki, at əti də qida üçün yararlıdır. Bu ətdən Orta və Uzaq Asiya ölkələrində geniş istifadə olunur:
- Məlumdur ki, Türküstan, Monqulustan, Çində at əti yeyilir. Bu ölkələrdə at əti əsas qida məhsullarından hesab olunur. Amma Azərbaycan cəmiyyəti üçün at əti yaddır. Bizim milli mətbəximizdə at əti olmayıb. İndi də yoxdur. Hamımız islam dininə mənsubuq, türk əsilliyik, amma adətlərimizdə, mətbəximizdə fərqlər var. At əti açıq satışda olsa, bəlkə kimsə alacaq, istifadə edəcək. Amma açıq satışa çıxarılmır, inanmıram ki kimsə salam atı kəsib ətini satışa çıxarsın. Böyük ehtimalla xəstə, qocalmış atlar olur. Kim belə əti könüllü alar. Bunu bilən işbazlar, möhtəkirlər at ətini dana - mal əti adı altında restoranlara verirlər. Restoran sahibi olan şəxs illərdir bu sektordadırsa, dana ətini at ətindən fərqləndirməyi bacarmalıdır. Bəlkə də bilərəkdən ucuz və keyfyyətsiz ət alır, ona müxətlif ədviyyatlar qataraq dadını sün şəkildə dəyişir və müştəriyə təqdim edirlər.
E.Hseynov qeyd etdi ki, saxta və ya mənşəyi məlum olmayan əti əsl mal ətindən ayırmaq üçün rənginə, piy qatına, lif quruluşu və qoxusuna iqqət edilməlidir:
- Əsl mal əti parlaq qırmızı və ya açıq qırmızı rəngdə olur. Saxta ətlər isə mal ətinə nisbətən xeyli tünd, qonur və ya qaraciyərə bənzər tünd qırmızı rəngdə olur. Əsl mal ətinin üzərindəki piy qatı ağ və ya yüngül krem rəngində, bərk quruluşludur. Saxta ətlərdə isə piy sarımtıl, yumşaq, parlaq və yapışqanlı olur. Əsl mal ətində əzələ lifləri daha incə, yumşaq və nizamlı, saxta ətlərdə isə əzələ lifləri çox qalın, kobud və bərk olur. Mal əti özünəməxsus xoş, neytral çiy ət qoxusuna malikdir. At və ya eşşək əti isə şirintəhər və bir qədər acı qoxu verir. Bu qoxu xüsusilə ət bişirilən zaman köpüklənmə ilə birlikdə daha kəskin şəkildə üzə çıxır. Bir də, vətəndaşlarımız çalışsın ki əti qiymə, hazır çəkilmiş formada deyil, tikə, sümüklü halda alsınlar. Çəkilmiş ətdə fərqi ayırd etmək çətindir.