Azyaşlılar internetdən yalnız nəzarətli istifadə etməlidir

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu çərçivədə rəqəmsal xidmətlərin genişləndirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi, şəxsi məlumatların qorunması və xüsusilə uşaqların internet məkanında hüquq və mənafelərinin müdafiəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Müasir dövrdə sosial şəbəkələr ünsiyyət, təhsil və məlumat mübadiləsinin əsas platformalarından birinə çevrilsə də, bu mühitin yaratdığı risklər, xüsusilə azyaşlıların fiziki, psixoloji və mənəvi inkişafına mənfi təsirləri ciddi narahatlıq doğurur. Buna görə də dövlət rəqəmsal texnologiyaların inkişafı ilə yanaşı, onların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edən hüquqi mexanizmlərin formalaşdırılmasına xüsusi diqqət yetirir. Bu məqsədlə qəbul edilən qanunvericilik dəyişiklikləri uşaqların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsinə, sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqinə, valideyn nəzarətinin artırılmasına və platformaların məsuliyyətinin daha da genişləndirilməsinə xidmət edir.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib. Qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihə hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə təhlil edilib.

Bu xüsusda sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən edilib. Layihəyə əsasən, 16-18 yaş aralığında olan şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratması, həmin hesablardan istifadə etməsi və məzmun paylaşması yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti altında mümkün olacaq. Həmçinin platforma provayderlərinin uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli məlumatların operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı vəzifələri müəyyənləşdirilir.

Mütəxəssislər hesab edirlər ki, sözügedən qanun layihəsinin qəbul edilməsi uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsinə, təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial şəbəkə platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və dövlət nəzarəti imkanlarının artırılmasına xidmət edəcək.

Bu addımlar bir tərəfdən ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafına uyğun müasir hüquqi çərçivənin formalaşmasına, digər tərəfdən isə uşaqlar üçün daha təhlükəsiz və sağlam rəqəmsal mühitin yaradılmasına mühüm töhfə verəcək.

“Ümidli” Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri, uşaq hüquqlarının müdafiəsi üzrə ekspert Kəmalə Aşumova hesab edir ki, sosial şəbəkələrdə uşaqların qeydiyyatı zamanı yaşın yoxlanılması mexanizminin tətbiqi və bununla bağlı qanunvericiliyə edilən dəyişikliklər uşaqların hüquqlarının müdafiəsi baxımından mühüm və vaxtında atılmış addımdır.

Uzun illərdir uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərdiyini qeyd edən ekspert bildirib ki, uşaqların həyatının ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələr və rəqəmsal platformalar onlara təhsil almaq, ünsiyyət qurmaq və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradır:

“Lakin bununla yanaşı, kiberzorakılıq, cinsi istismar məqsədilə əlaqələrin qurulması, zərərli məzmun, dezinformasiya və psixoloji təzyiq kimi ciddi risklər də mövcuddur. Bu risklər artıq təkcə ölkəmizdə deyil, bütün dünyada narahatlıq doğuran problemlər sırasındadır. Məhz buna görə də dövlətin uşaqların yaş xüsusiyyətlərinə uyğun təhlükəsiz rəqəmsal mühit yaratmaq məqsədilə hüquqi mexanizmlər formalaşdırması olduqca əhəmiyyətlidir.

Bəzən qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlər yanlış anlaşılır və sanki uşaqların internetdən uzaqlaşdırılması kimi qiymətləndirilir. Halbuki məqsəd qadağa tətbiq etmək deyil. Məqsəd valideyn məsuliyyətini gücləndirmək, ailədaxili ünsiyyəti möhkəmləndirmək, uşaqlarda rəqəmsal mühitdən təhlükəsiz istifadə vərdişlərini formalaşdırmaq, eyni zamanda platforma sahiblərinin məsuliyyətini artırmaqdır.

Bu mexanizmlərin tətbiqi zamanı şəxsi məlumatların məxfiliyinin qorunması əsas prinsiplərdən biri olmalıdır. Yaşın təsdiqlənməsi prosesində minimum həcmdə məlumatın toplanması və həmin məlumatların təhlükəsizliyinin təmin edilməsi xüsusi diqqət tələb edir.

Yaşın yoxlanılması mexanizminin əsas məqsədi uşaqların yaş məhdudiyyəti tətbiq olunan sosial şəbəkə platformalarında nəzarətsiz qeydiyyatının və istifadəsinin qarşısını almaq, onların psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə biləcək məzmunlardan qorunmasını təmin etməkdir. Eyni zamanda bu mexanizm uşaqların hüquqlarının qorunmasına görə bütün tərəflərin – ilk növbədə valideynlərin, platforma sahiblərinin və aidiyyəti qurumların məsuliyyətini artırmağa xidmət edir”.

Hüquq müdafiəçisinin fikrincə, 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət tətbiqi beynəlxalq təcrübəyə uyğundur və əsas məqsəd onları rəqəmsal təhlükələrdən qorumaqdır:

“Bununla yanaşı, qanunun effektivliyi yalnız qadağa və sanksiyalarla deyil, valideyn nəzarəti, rəqəmsal savadlılığın artırılması, maarifləndirmə tədbirləri və uşaqlar üçün alternativ inkişaf imkanlarının yaradılması ilə təmin edilə bilər. Məqsəd uşaqları internetdən uzaqlaşdırmaq deyil, onların rəqəmsal mühitdən təhlükəsiz, məsuliyyətli və faydalı şəkildə istifadə etmələrini təmin etməkdir”.

Sosioloq Elçin Bayramlı isə "Şərq"ə bildirib ki, virtual mühitdə nəzarət problemi uzun illərdir gündəmdə olsa da, hələ də tam həllini tapmayıb:

“Real həyatda dövlət azyaşlıların qorunması üçün siqaret, alkoqol və digər zərərli məhsulların satışına məhdudiyyətlər tətbiq edir. Lakin internet qlobal məkan olduğundan burada nəzarət imkanları daha məhduddur. Bu səbəbdən əsas məsuliyyət valideynlərin üzərinə düşür.

Dövlət məktəblərdə telefon istifadəsini məhdudlaşdıra və maarifləndirici tədbirlər həyata keçirə bilər, amma uşaqların məktəbdən kənarda internetdən necə istifadə etdiyini tam nəzarətdə saxlamaq mümkün deyil. Bir çox valideyn övladına internetə çıxışı olan smartfon verərək onu nəzarətsiz şəkildə virtual mühitə buraxır. Nəticədə uşaqlar narkotik vasitələrin təbliği, əxlaqsız məzmun, kiberdələduzluq, şantaj və onlayn qumar kimi təhlükəli kontentlərlə qarşılaşırlar.

Azyaşlılar internetdən yalnız valideyn və ya müəllim nəzarəti altında istifadə etməlidirlər. Hətta 16 yaşına qədər uşaqlara smartfon verilməməsi məsələsi də müzakirə olunmalıdır. Çünki problem yalnız sosial şəbəkələrlə məhdudlaşmır, ümumilikdə internetə çıxışı olan cihazlardan istifadəyə aiddir. Nəzarətsiz internet istifadəsinin nəticələri bəzi hallarda uşaqları ağır psixoloji problemlərə, hətta intihara qədər sürükləyə bilər”.