- Bu balıqları tutmaq isə QƏTİ QADAĞANDIR, ekoloq xəbərdarlıq etdi
Sentyabr həm də balıq ovu mövsümünün başlanması ilə seçilir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı il 27 avqust tarixində “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilib. Qanunun tətbiqi ilə bağlı müvafiq Fərman da imzalanıb.
Yeni Qanunun qəbul edilməsi Azərbaycanda balıqçılıq sahəsində dövlət nəzarətinin, balıq və digər su bioresurslarının mühafizəsinin, akvakulturanın, balıqartırmanın və sahənin iqtisadi tənzimlənməsinin vahid hüquqi çərçivədə tənzimlənməsi ilə yanaşı, balıqçılığın rəqəmsallaşdırılması, elmi təminatının gücləndirilməsi və dayanıqlı inkişafı üçün yeni hüquqi əsaslar yaradıb.
Qanunun rəsdiqi balıq ovu həvəskarlarına hansı üstünlüklər verir, mövsümdən sui-istifadəyə can atanların qarşısına hansı maneələr çıxarır?
Ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında qeyd etdi ki, həvəskar balıqçılar üçün ov mövsümündə əksər su hövzələri, göllərdə balıq tutmağa icazə var: 
- Həvəskar balıqçılıq üçün xüsusi dövlət icazəsi və ya balıqovlama bileti tələb olunmur. Qanunvericiliyə əsasən, moratorium - kürüləmə qadağası, adətən bu may ayından sentyabr ayınadək davam edir, bu dövr istisna olmaqla, həvəskar balıqçılar müəyyən edilmiş qaydalara və limitlərə əməl etməklə balıq ovlaya bilərlər. Burada qayda maksimum 5 kq balıq tutmaqdır. Bundan çox olmaz. Qarmaq sayı da limitlidir. Qaydalara əməl etməklə ümumi istifadədə olan su hövzələrində sərbəst şəkildə balıq tuta bilərlər.
Qeyd edək ki, ölkədə balıqçılıq fəaliyyəti “Balıqçılıq haqqında” Qanun və Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi qaydalarla tənzimlənir. Balıq ovu həvəskar və sənaye məqsədli olmaqla iki qrupa bölünür. Deyildiyi kimi, həvəskar balıqçı gün ərzində 5 kiloqramdan artıq balıq tutmalıdır. Digər su canlılarına gəlincə, ən çoxu 10 ədəd xərçəng və maksimum 0,5 kq krevetka tutmağa icazə verilir. Tilovda ümumi qarmaq sayı 10-dan artıq olmamalıdır. Dəniz kənarında sahildən və ya qanuni estakadalardan həvəskar tilovla ov etmək sərbəstdir. İri çaylar və su kanallarının sənaye ovu aparılmayan hissələrində, həmçinin Yuxarı Qarabağ, Yuxarı Şirvan və s. kimi böyük su kanallarında ov etmək olar. Dövlətə məxsus açıq göllər və su anbarlarında da - Mingəçevir, Şəmkir, Yenikənd, Araz, Varvara su anbarları və Sarısu gölü kimi dövlət fondunda olan böyük su obyektlərində həvəskar balıqçılığa tam icazə verilir.
Ekoloq əlavə etdi ki, əlbəttə, brakonyerlik qadağandır. Kimyəvi və partlayıcı maddələrdən istifadə etməklə, suya zəhərli, kimyəvi və ya partlayıcı maddələr atmaqla, elektrik cərəyanı, “elektro-tilov" və elektrik cərəyanı sızdıran digər cihazlardan, sintetik torlardan istifadə də qadağandır. Akvalanq və digər süni tənəffüs cihazları ilə suyun altına düşərək zıpkınla balıq vurmaq da həmçinin qadağandır. Bir də “Azərbaycanın Qırmızı Kitabı”na adı düşmüş nadir balıq növlərini, bura nərə balıqları, qızılbalıq daxildir, ovlamaq olmaz:
- Xüsusi rejimli və ya icazə tələb olunan ərazilərdə, elə su hövzələri var ki coğrafi mövqeyinə və ya hüquqi statusuna görə orada sərbəst ov etmək olmaz, bunun üçün xüsusi prosedurlar tələb olunur. Məsələn, sərhəd zonalarındakı çaylar və su anbarlarında balıq tutmaq üçün mütləq Dövlət Sərhəd Xidmətindən xüsusi icazə vərəqəsi alınmalıdır. Qoruq zonalarında balıq ovu qəti qadağandır.