Bir piyadanın səhvi faciəvi qəzaya səbəb olur - Nəqliyyat ekspertindən İZAH

  • Yasin Mustafayev: “Piyadalar ən həssas iştirakçıdır, amma məsuliyyətdən azad deyillər”

Piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması növbəti dəfə yol-nəqliyyat hadisəsinə səbəb olub. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin kameralarına düşən görüntülərdən məlum olur ki, Səbail rayonu, Dənizkənarı küçəsində, Dövlət Bayrağı Meydanı istiqamətində üç piyada yaxınlıqda – təxminən 200-220 metr məsafədə yeraltı piyada keçidi olmasına baxmayaraq, hərəkətin intensiv olduğu yolu qanunsuz şəkildə keçməyə cəhd edib.

Bu zaman piyadaları vurmamaq üçün qəfil manevr edən motosiklet sürücüsü idarəetməni itirərək qəzaya düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisənin ən təəssüf doğuran məqamlarından biri isə piyadaların xəsarət alan sürücüyə kömək göstərmək əvəzinə ərazini tərk etməsi olub. Əraziyə yaxın xidmətdə olan polis əməkdaşları dərhal hadisə yerinə gələrək sürücüyə ilkin yardım göstərib, daha sonra o, təcili tibbi yardım avtomobili ilə tibb müəssisəsinə çatdırılıb.

Baş verən hadisə bir daha göstərir ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması təkcə sürücülərin deyil, piyadaların da üzərinə ciddi məsuliyyət qoyur. Mütəxəssislər və yol polisi vətəndaşları yalnız müəyyən edilmiş piyada keçidlərindən, yeraltı və yerüstü keçidlərdən istifadə etməyə çağırır. Çünki qaydalara əməl edilməməsi saniyələr içində həm piyadaların, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə ata və ağır nəticələrə səbəb ola bilər.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Sherg.az-a bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması həm sürücülərin, həm də piyadaların üzərinə eyni dərəcədə məsuliyyət qoyur:

“Biz bu barədə dəfələrlə danışmışıq və xəbərdarlıq etmişik ki, həm sürücülər, həm də piyadalar yol hərəkətinin tamhüquqlu iştirakçılarıdır və hər iki tərəf qaydalara ciddi əməl etməlidir. Piyada yol hərəkətinin ən həssas iştirakçısıdır. Nəqliyyat vasitəsini idarə edən sürücüdən fərqli olaraq, onun heç bir qoruyucu vasitəsi yoxdur və qəza zamanı ən ağır xəsarət alan tərəf məhz piyadalar olur. Lakin bu, onları məsuliyyətdən azad etmir. Piyadalar mütləq şəkildə piyada keçidlərindən, yeraltı və yerüstü keçidlərdən, eləcə də onlar üçün nəzərdə tutulmuş digər keçidlərdən istifadə etməlidirlər”.

Ekspert qeyd edib ki, son illər şəhər infrastrukturunda piyadaların rahat və təhlükəsiz hərəkəti üçün mühüm addımlar atılır: “Bu gün insanyönümlü şəhər konsepsiyasının formalaşdırılmasına çalışırıq. Səkilərin genişləndirilməsi, eyni səviyyəli keçidlərin yaradılması və piyadalar üçün daha əlverişli şəraitin təmin edilməsi prioritet məsələlərdəndir. Bununla yanaşı, mövcud yeraltı və yerüstü keçidlərdən də səmərəli istifadə edilməlidir”.

Yasin Mustafayevin sözlərinə görə, bəzən bir piyadanın məsuliyyətsiz davranışı ağır nəticələrə gətirib çıxarır: “Bir nəfərin laqeydliyi zəncirvari qəzaların baş verməsinə, insanların xəsarət almasına və hətta həyatını itirməsinə səbəb ola bilər. Problemin həlli yalnız cərimələrin artırılmasından keçmir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, maarifləndirmə və ictimai məsuliyyətin artırılması daha effektiv nəticə verir”.

Ekspert vurğulayıb ki, bir çox vətəndaş yol hərəkəti qaydalarını tam bilmədiyi üçün təhlükəli vəziyyətlər yaranır: “Bəzi piyadalar yolu qaçaraq, bəziləri isə tərəddüd edərək, dayanıb-yenidən hərəkət etməklə keçirlər. Bu isə sürücülərdə çaşqınlıq yaradır və qəza riskini artırır. Ona görə də maarifləndirmə tədbirləri genişləndirilməli, eyni zamanda post-patrul xidmətinin keçirdiyi reydlərin sayı artırılmalıdır. İnsanlar öz məsuliyyətlərini dərk etməli və təhlükəli yerlərdən keçərək qəza şəraiti yaratmamalıdırlar”.