- "Hesab edirəm ki, Azərbaycan hökumətinin hüquq mühafizə orqanları, müvafiq dövlət orqanları bu məsələyə ciddi yanaşacaq"
Politoloq Mübariz Əhmədoğlunun “Ar olsun Borçalıda yaşayan kişilərə” ifadəsi cəmiyyətdə ciddi etirazlara və müzakirələrə səbəb olub. Məsələ ilə bağlı səslənən mövqelərdə bütöv bir bölgə əhalisinin bu cür ümumiləşdirici ifadələrlə təhqir edilməsinin yolverilməz olduğu vurğulanır.
Politoloq, əslən Borçalıdan olan Elşad Həsənov Sherg.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlunun çıxışını etirazla qarşılayıb:
"Uzun illərdir politologiya sahəsində çalışan Mübariz Əhmədoğlu bu günlərdə Borçalı haqqında hədyan danışıb, Borçalı kişilərini aşağılayıb, qadınları haqqında isə təhqiramiz ifadələr işlədib.
Böyük bir bölgənin əhalisini bu şəkildə alçaltmağa heç kimin səlahiyyəti və ixtiyarı yoxdur. İnsan özünə nə qədər arxayın olmalıdır ki, böyük bir bölgənin əhalisinə, kişilərinə qarşı "ar olsun" ifadəsini işlətsin, qadınlarını təhqir etsin.
Bu gün demokratiyadır, azad mətbuat mövcuddur. Lakin bu azadlıqdan istifadə edərək belə ifadələr işlətmək yolverilməzdir.
Mübariz Əhmədoğlu məhz özünə ar olsun deməlidir ki, Borçalıda yaşayan insanlara, kişilərə qarşı belə ifadələr işlədir.
Bəli, Borçalıda uzun müddət Azərbaycanla əlaqələrdə müəyyən problemlər yaşanıb. Xüsusilə pandemiya dövründə yolların bağlanması nəticəsində əlaqələr zəifləyib. Orada yaşayan insanların həyat şəraitində müəyyən çətinliklər yaranıb. İranın fars-molla rejimi də məhz bu vəziyyətdən istifadə edib.
Bölgədə kəndlərdə məscidlər tikiblər, insanları Qum şəhərinə apararaq dini təhsil veriblər, İran ideologiyasını yaymağa başlayıblar. Məhz bunun nəticəsində Xameneinin ölümündən sonra Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası keçirənlər olub. Lakin bu, heç də bütün Borçalı əhalisinə aid edilə bilməz. Orada müəyyən bir qrup insan var ki, həmin ideologiyanın təbliği ilə məşğuldur. Bu istiqamətdə fəaliyyət göstərir".
Politoloq bildirib ki, Borçalıda təkcə həmin insanlar yaşamırlar:
"Bu gün orada 420 mindən artıq azərbaycanlı türkü yaşayır. Belə kəskin ifadələrlə bütöv bir bölgənin əhalisini aşağılayaraq təhqir etmək, məsuliyyətsizlikdir. Qətiyyən qəbulolunmazdır.
Çünki Borçalı Azərbaycanın ayrılmış bir parçasıdır. 1736-cı ildə Nadir şah Borçalı ərazisini Tamaraya, Gürcüstana hədiyyə edib. Bu gün də borçalılar həmin ərazidə yerli əhali kimi yaşayırlar. Təbii ki, onların müəyyən problemləri, çətinlikləri var. Biz isə müstəqillik dövründə, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərindən başlayaraq Gürcüstanda yaşayan soydaşlarımıza daim dəstək göstərmişik.
Azərbaycan neftinin və qazının Gürcüstan ərazisindən nəql olunması prosesində Ulu Öndər Heydər Əliyevin Gürcüstana göstərdiyi dəstək hər kəsə məlumdur. O, Gürcüstana böyük yardım göstərib, dəstək verib. Eyni zamanda, vurğulayıb ki, Gürcüstan bizim dost və qonşu ölkəmizdir, orada isə bizim qardaşlarımız, soydaşlarımız yaşayır. Bu mənada Gürcüstana nəql olunan enerjidən əldə edilən faydanın bir hissəsinin də orada yaşayan soydaşlarımızın rifahına yönəldilməsi məsələsi diqqətdə saxlanılıb.
Ulu Öndərimiz Gürcüstanda yaşayan azərbaycanlılara daim dəstək olub, onların qayğısına qalıb, problemlərinin həlli istiqamətində addımlar atıb".
Analitik qeyd edib ki, sonrakı dövrlərdə də bu siyasət davam etdirilib:
"Müəyyən dövrlərdə gərginliklər yaşanınıb. Həmin vaxt yaranmış boşluqdan İranın fars-molla rejimi istifadə edib. Bölgəyə böyük maddi və mənəvi təsir göstərib, dini təsir imkanlarından yararlanaraq özünə bağlı şəxslər yetişdirə bilib.
Ancaq bu o demək deyil ki, Borçalıda yaşayan insanların hamısı İran tərəfdarıdır, İranı dəstəkləyir və ya fars-molla rejiminin ideologiyasını qəbul edir. Xeyr! Bir daha qeyd edirəm ki, orada belə insanlar var. Lakin bu, bütün Borçalı əhalisinə, orada yaşayan kişilərə qarşı "ar olsun" ifadəsinin işlədilməsinə heç bir halda haqq qazandırmır. Belə yanaşma qəbuledilməzdir.
Hesab edirəm ki, məhz buna görə Mübariz Əhmədoğlu qanun qarşısında cavab verməlidir. Onun ictimai çıxışında bütöv bir bölgənin əhalisi təhqir olunur. Buna görə də o, qanun qarşısında məsuliyyət daşımalıdır.
Eyni zamanda, Borçalı Azərbaycan dövlətçiliyinə, ictimai-siyasi həyatına və elminə çoxsaylı görkəmli şəxsiyyətlər bəxş edib. Borçalıdan olan tanınmış ziyalılarımız, elm adamlarımız, şairlərimiz və yazıçılarımız var. Azərbaycanın ilk baş naziri Nəriman Nərimanovun adını çəkmək kifayətdir. Abdulla Şaiq, müstəqil Azərbaycanın ilk baş naziri Həsən Həsənov və bu gün dövlət idarəçiliyində, elm sahəsində çalışan yüzlərlə Borçalı əsilli ziyalımız var".
Müsahibimiz bütün bu insanların, eləcə də Borçalıda yaşayan soydaşlarımızın Mübariz Əhmədoğlunun bu həqarətinə kəskin etiraz etdiklərini dilə gətirib:
"Biz də onun bu təhqiramiz ifadələrinə görə qanun qarşısında cavab verməsini tələb edirik.
Hesab edirəm ki, bu hansısa qüvvələrin öyrətdiyi bir çıxışdır. Çünki bütöv bir bölgənin əhalisini təhqir etmək, Azərbaycanla Borçalı, eləcə də Azərbaycanla Gürcüstan arasında nifaq salmağa xidmət edən yanaşmadır. Bu cür fikirlər orada yaşayan insanların hisslərinə toxunur.
Mən bu gün də Borçalıda yaşayan yaxınlarımızla, soydaşlarımızla əlaqə saxlamışam. Onlar Mübariz Əhmədoğlunun bu çıxışına, həqarətinə çox ciddi etiraz edirlər və onun məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Hesab edirəm ki, Azərbaycan hökumətinin hüquq mühafizə orqanları, müvafiq dövlət orqanları bu məsələyə ciddi yanaşacaq. Belə adamların çıxışlarına son qoyulacaq və Mübariz Əhmədoğlu qanun qarşısında öz layiqli cəzasını alacaq".