“Qatil robotlar”la bağlı qərar 2028-ci ilə təxirə salındı - BMT-də razılıq əldə olunmadı

Süni intellektlə idarə olunan ölümcül avtonom silah sistemlərinə beynəlxalq qaydaların tətbiqi ilə bağlı BMT-nin dəstəklədiyi Cenevrə danışıqları konkret razılaşma əldə edilmədən başa çatıb.

Sherg.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, bir həftə davam edən müzakirələrdə iştirak edən ölkələr ölümcül avtonom silah sistemləri ilə bağlı mümkün razılaşmanın hazırlanması prosesini 2028-ci ilədək uzatmaq barədə razılığa gəliblər.

“Qatil robotlar” adlandırılan bu silah sistemləri hədəfləri müəyyənləşdirmək və onlara hücum etmək qabiliyyətinə malikdir. Onlar bəzi hallarda insan nəzarəti minimum səviyyədə olmaqla, hətta belə nəzarət olmadan fəaliyyət göstərə bilirlər.

Məsələ ilə bağlı ilk ekspert görüşü 2014-cü ilin mayında Cenevrədə keçirilsə də, indiyədək hüquqi baxımdan məcburi beynəlxalq qaydalar qəbul edilməyib.

“Reuters”in məlumatına görə, danışıqların nəticəsiz qalmasında Rusiyanın etirazları mühüm rol oynayıb. ABŞ kimi süni intellekt əsaslı silahlar hazırlayan digər böyük dövlətlərin də bu sahədə fəaliyyət azadlığını qorumağa çalışdığı bildirilir.

Müzakirələri çətinləşdirən digər amil qərarların 128 ölkənin hamısının razılığı əsasında qəbul edilməsinin tələb olunmasıdır.

BMT-nin tərksilah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu əldə olunan nəticəni “mühüm nailiyyət” adlandırıb. Bununla belə, yeni razılaşmanın hazırlanması tərəfdarları ölkələrin əksəriyyətinin bu istiqamətdə işi davam etdirməyə dəstək verdiyini vurğulayıblar.