- “Zorakılıq qurbanını qohumları yenidən həmin mühitə qaytarır”
Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasına start verilir. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
M.Zeynalova Sherg.az-a açıqlamasında bildirib ki, zorakılıq qurbanları ilə işləməyin asan olduğunu düşünmək yanlışdır. Kampaniyada iştirak etməyi düşünən şəxslər peşəkar və həssas yanaşma metodlarına bələd olmalıdırlar. Bu işdə psixoloqların üzərinə böyük məsuliyyət düşür.
– Zorakılıq qurbanları bir neçə kateqoriyaya ayrılır. Bunu bilmədən onlarla işləmək bəzən nəticəsiz olur. Zorakılığa məruz qalmış şəxs bəzən zorakılığı dərk etmir və ondan xilas olmaq barədə düşünmür. Bu kateqoriyaya aid şəxslərlə işləyərkən “Sən zorakılıq qurbanısan və mən səni xilas etmək istəyirəm” demək heç bir nəticə verməyəcək. Yaxşı olar ki, bu şəxslərlə psixoloqlar işləsinlər. Bu proses o vaxta qədər davam etməlidir ki, şəxs özü zorakılıq qurbanı olduğunu dərk etsin və xilas olmaq barədə düşünməyə başlasın.
Başqa bir kateqoriyaya zorakılığı dərk edən, lakin onun səbəbkarı kimi özünü görən şəxslər daxildir. Belə insanlar özlərini ittiham edirlər: “Filan məsələni belə danışmasaydım, yaxud etməsəydim, zorakılıq baş verməzdi”. Bu halda da psixoloqların rolu mühümdür. Şəxs özünü ittiham etməkdən xilas olmasa, ona göstərilən dəstək də nəticə verməyəcək.
Üçüncü kateqoriyaya zorakılığı dərk edən və ondan xilas olmaq istəyən şəxslər aiddir. Əlbəttə, başqa mədəni mühitdə və fərqli ənənələrə malik cəmiyyətdə yaşasaydıq, bu şəxslərlə işləmək daha yaxşı nəticə verərdi. Bizdə isə əksər hallarda şəxsin zorakılığı dərk etməsi və ondan xilas olmaq istəyi ətrafı, qohumları və yaxınları tərəfindən məhdudlaşdırılır. Qohumlar zorakılıq zəncirinin şəxsin əlindən-ayağından açılmasına imkan vermirlər. Belə hallarda xidmət göstərən şəxslərin zərərçəkmişin ətrafı, qohumları və yaxınları ilə işləməsi olduqca vacibdir. Əks halda, görülən iş yenə də nəticəsiz qalacaq və zorakılıq qurbanı qohumları tərəfindən yenidən zorakılıq mühitinə qaytarılacaq.
Digər kateqoriyaya zorakılığı dərk edən və ondan xilas olmağa qəti qərar verən şəxslər daxildir. Bu insanlar prinsipialdırlar və öz bacarıqlarına əmindirlər. Onlar əvvəlcədən sosial və iqtisadi vəziyyətlərini hesablayır, uşaqları ilə bağlı planlı tədbirlər görürlər. Üzərlərinə düşən öhdəlik və vəzifələrə görə məsuliyyətlərini dərk edirlər. Belə şəxslər olduqca azdır. Lakin onların uğur hekayələrini görür və eşidirik.
Zorakılıq qurbanları ilə işləyərkən bu məqamlara mütləq diqqət yetirilməlidir ki, görülən işlər nəticə versin.