- Mətanət Məmmədova: “Bir insanın ölümü, digərinin həbsxanaya düşməsi ilə ortada yalnız uşaq qalır”
Ailə dramı yaşanıb növbəti dəfə. Boşanmış həyat yoldaşları ortaq övladla görüş üstündə mübahisə edib, nəticədə keçmiş ər xanmını ov tüfəngi ilə güllələyib, sonra da özünə atəş açıb. Ana qəbrə, ata həbsxanaya. Övlad atalı, analıykən - ayrılmış olsalar da - yetim qaldı.
Niyə insanlar problemlərini sakit, güzəştə gedərək, bir-birinə anlayış göstərərək, münaqişəsiz, qansız-qadasız həll edə bilmir. Xüsusən bir halda ki övladları var. Övladın gələcəyini heçmi düşünmür valideynlər?
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu cür hadisələrin baş verməsinin əsas səbəblərindən biri insanların utanma hissini itirməsi və sağlam düşüncəyə sahib olmamasıdır: 
- Son dövrlər belə hadisələrə çox tez-tez rast gəlinir. Küçədə bir-birini döyən, bir-biri ilə münaqişə edən, bir-birini öldürən, bir-birinə əl qaldıran, ucadan danışan, ucadan gülən, yüksək səslə musiqiyə qulaq asan, maşında maqnitofonun səsini yüksəldib özünün dinləməli olduğu musiqini küçə boyu səsləndirən insanlar görürük. Bütün bunlar, hesab edirəm ki, rəqəmsallaşma dövründə insanların utanma hissini itirməsinin nəticəsidir. Artıq utanmırıq ki belə hərəkətlər edirik. Həqiqətən də insanın etdiyi hər bir hərəkət üçün daxilindən gələn bir hiss var. Əgər səndə utanma hissi yoxdursa, demək ki, hər şeyi edə bilərsən. Atalar da deyib ki, "Utanmasan, oynamağa nə var ki?" Baş vermiş faciəyə gəlincə, boşanmış ailələrdə müəyyən aqressiya olur. Əgər onlar ayrı yaşayırlar və məhkəmə uşağın atası ilə görüşməsi üçün müəyyən günlər təyin edibsə, ata gəlib öz övladını görmək istəyirsə, buna niyə mane olunmalıdır? Atasının uşağı aparıb haradasa gəzdirməsi, əyləndirməsi, sənin işlədiyin aptekdə dərman qoxusu içində oturmasından nə qədər pis ola bilər ki, ana övladı atadan ayırıb öz iş yerində saxlamağa çalışır?! Bu onu göstərir ki, əgər uşağı uşaq bağçasına da qoya bilmirsə və ya başqa səbəbdən uşaq onun yanındadırsa, niyə uşağı atasına verməməkdə israr edir? Məhkəmə qərarı varsa və məhkəmə müəyyən günlər təyin edibsə ata həmin günlərdə öz övladı ilə görüşməlidir. Bu, onun atalıq hüququdur. Biz problemi özümüz yaradırıq, sonra da belə hadisələr baş verəndə təəccüblənirik ki, niyə küçənin ortasında belə hadisə baş verdi, niyə vəziyyət bu qədər aqressiv həddə çatdı ki, kişi keçmiş həyat yoldaşını küçənin ortasında vurdu.
M.Məmmədova bildirdi ki, kişinin ov tüfəngi ilə atəş açması hüquq-mühafizə orqanlarının araşdıracağı məsələdir:
- Sanki bu, əvvəlcədən hazırlanmış hadisə təsiri bağışlayır. Ana uşağı öz iş yerinə gətirib, kişinin üzərində silah olub. Ola bilsin ki, kişi uşağın ona verilməyəcəyini düşündüyü üçün silahla gəlib. Amma bütün bunlara hüquq-mühafizə orqanları araşdırmalardan sonra cavab verəcəklər. Əgər o ata sağlam düşüncəyə sahib insan olsaydı odlu silaha əl atmaz, məsələni hüquqi yolla həll etməyə çalışardı. Məhkəməyə müraciət edərdi, polisə, Daxili İşlər Nazirliyinə müraciət edərdi, uşağını görmək üçün yenidən hüquqi qaydada iddia qaldırardı. Həlli yolu olduğu halda, bir insanı öldürüb, həm onun həyatını, həm də öz həyatını məhv etdi. Nəticədə biri torpağın altına gedir, digəri həbsxanaya düşür, ortada isə uşaq qalır.
Sosioloq hesab edir ki, davranış qaydalarının pozulması, aqressiyanın artması və düşünülməmiş, çılğınlıqla edilən hərəkətlər belə bədbəxt hadisələrə səbəb olur:
- Hüquq-mühafizə orqanlarının və məhkəmələrin qərarlarına əsasən, əgər valideynlər ayrılıblarsa, atanın övladını görmək və gəzdirmək hüququ var. Eyni zamanda, kişi də uşağı görə bilmədiyi üçün qadını öldürə bilməz. Bu, hüquqa tamamilə ziddir. Belə hallarda hüquqi yollara müraciət etmək və problemi qanun çərçivəsində həll etmək lazım idi.
Digər tərəfdən, ananın uşağı atası ilə göndərmək istəməməsinin də səbəbləri ola bilər. Bəlkə alkoqol problemi var, bəlkə narkotik istifadəçisidir və ya başqa təhlükəli hallar mövcuddur. Buna görə də Daxili İşlər Nazirliyi hadisəni tam araşdırmadan və rəsmi açıqlama vermədən bu barədə qəti fikir söyləmək düzgün olmaz.
M.Məmmədova bildirdi ki, ana da, ata da sağlam düşüncəyə sahib olmalı və övladlarının gələcəyini düşünməli idi:
- Uşağın anası ölür, ata isə həbsxanaya düşür. Bəs bu uşaq necə yaşayacaq, kimlə qalacaq? Bu, uşağa qarşı sevgi deyil. Bu, daha çox qarşı tərəfə olan düşmənçilik hissidir. Ona görə də hesab edirəm ki, cəmiyyət belə insanları qınamalıdır. İctimai qınaq və düzgün münasibət müəyyən qədər belə halların qarşısını ala bilər. Düşünürəm ki, vəziyyət artıq kifayət qədər ağırdır və bunun qarşısını almaq getdikcə çətinləşir. Amma yenə də mübarizədən əl çəkməməliyik. Belə insanlarla maarifləndirici söhbətlər aparılmalıdır. Aidiyyəti qurumlar, psixoloqlar, qohumlar və yaxın çevrə həm qadınla, həm də kişi ilə ayrıca işləməli, xüsusilə boşanmış ailələrdə uşağın valideynlə görüşməsi mövzusunda maarifləndirmə aparmalıdır. Məhz bu cür maarifləndirmə belə halların qarşısının alınmasına kömək edə bilər. Və ən başlıcası, məncə, bu cür hadisələrin baş verməsinin əsas səbəblərindən biri insanların utanma hissini və sağlam düşüncəni itirməsidir.