Pandemiyadan sonra yeniyetmələrin cinayət "fəaliyyəti" artıb - SOSİOLOQ

"Valideyn-uşaq bağları qırıldıqca aqressiv nəsil yetişir”

"Uşağı yalnız geyindirmək tərbiyə deyil"

Son dövrlər ölkə gündəmində tez-tez qan donduran qətl hadisələrinə rast gəlirik. Faciəvi olayların uşaqlar və yeniyetmələr tərəfindən törədilməsi isə "sağlam cəmiyyət" anlayışına şübhəli yanaşmağa vadar edir. Əllərində qələm, dəftər tutmalı olan uşaqların silah və bıçağa sarıldığını görürük.

Təhsil ocaqları "krimimal zonaya" çevrilib. Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində ard-arda 14-19 yaşlı şagirdlərin silaha sarılıb, məktəbə hücum etdiklərinə şahid olduq. 4 gün bundan qabaq, Yasamalda 14 yaşlı uşaq, sinif yoldaşının üzərinə spirt tökdükdən sonra alışqanla yandırıb. Bu gün isə daha bir gənc qızımız, sinif yoldaşlarının şantajı ucbatından intihara təşəbbüs edib. Həftə bitməmiş cinayət və qətl hadisələrinin ardı-arası kəsilmir. 

Axı düşmənin belə düşməninə rəva bilmədiyi hərəkətləri, öz soydaşlarımıza necə edə bilirik? 

Mövzu ilə bağlı sosioloq Nailə İsmayılova Sherg.az-a bildirib ki, valideyn-uşaq-müəllim üçbucağı prinsipinin zamanla zəifləməsi yeniyetmələrin öz daxili dünyalarına qapanmasına səbəb olur:

“Burada valideynlə, müəllimin uşağa olan münasibətindən söhbət gedir. Gününün böyük hissəsini məktəb və repetitor yanında keçirən uşaqların valideynləri ilə emosional və ünsiyyət əlaqələri zəifləyir. Ana və ata qayğısından məhrum qalan uşaqlar cəmiyyətin aqressiv üzvünə çevrilir. Valideynlər heç olmasa bir dəfə, övladıyla söhbət edib, onun iç dünyasını və maraqlarını öyrənməlidir. Məktəbə təlim-tərbiyə mərkəzi kimi baxanlar yanılır. Əslində tərbiyənin kökü ailədən gəlir. Ailədaxili münaqişələr və uşağın ətrafına yığılan dırnaqarası “dostlar” da aqressiyanı tətikləyən amillərə daxildir”. 

Sosioloqun sözlərinə görə uşağa göstərilən münasibət bumeranq rolunu oynayır:

“Siz ona necə davranırsınızsa, o da sizə həmin davranışları geri qaytaracaq. Onlarla münasibətdə həssas diqqətli və qayğıkeş olmalıyıq. Uşağı yalnız geyindiribkeçindirməklə ona qayğı göstərmiş olmursunuz. Bu onların maddi ehtiyaclarının ödənilməsinə xidmət edir. Əsas məsələ uşağın mənəvi ehtiyacını qarşılamaqdır. Ailədə olan hər bir fərd yeniyetmələrin psixologiyasının formalaşmasında mühüm rol oynayır. Uşaqlar ürəylərində yığılıb qalanları sözlə deyil, davranışla göstərməyə çalışırlar. Böyüklər isə problemi danışıqlarla həll etməyə üstünlük verirlər”. 

N. İsmayılova vurğulayıb ki, yeniyetmələrə uşaq kimi deyil, formalaşmaqda olan şəxsiyyət kimi yanaşmaq vacibdir:

“Onların fikirlərini dinləmək və qərarlarını ciddiyə almaq yetkin fərd kimi inkişaflarına müsbət təsir göstərir. Məsələn Məhəmməd Peyğəmbər uşaqlara da böyüklər kimi salam verərdi. Artıq həmin uşaq ona göstərilən hörmət və diqqət sayəsində özünü şəxsiyyət kimi hiss edəcək. Unutmayaq ki, tərbiyə ailəyə, təlim isə məktəbə məxsusdur. Məsuliyyətin 50 faizi valideynin, digər yarısı isə müəllimin üzərinə düşür”. 

Ekspertin fikrincə, uşaqların aqressiv davranışlarının arxasında sosial platformalar da rol oynayır:

“Sosial şəbəkələrə daxil olan kimi, ölüm və qətl hadisələri ilə qarşılaşırıq. Hazırda dünya miqyasında neqativ olaylar daha çox diqqət və maraq çəkir. Təssüflər olsun ki, bu kontentlər yaşından asılı olmayaraq hər kəsin qarşısına çıxır. Xüsusilə də pandemiya dönəmində, uşaqlara tədrisin distant olaraq verilməsi, onları telefona daha da bağladı. Fikir verirsinizsə, həmin dönəmdən sonra yeniyetmələrin qətl, cinayət, dələduzluq əməllərində fəaliyyəti artıb. Pandemiya dövrü onsuz da telefondan asılı olan uşaqlarda bu vərdişi daha da dərinləşdirdi”. 

N.İsmayılova qardaş Türkiyədə yeni qəbul olunan qərarın təqdirəlayiq olduğunu bildirib:

“Bu qərarın Azərbaycanda da qəbul edilməsi uşaqların zehni inkişafının sağlam şəkildə formalaşmasına şərait yaradacaq. Məktəblərdəki psixoloqlar mütəmadi olaraq şagirdələrlə söhbət aparıb, onların psxioloji durumunu öyrənməlidir. Lakin psixoloqların psixologiya sahəsində peşəkar olmaları əsas şərtdir. Əgər onların savadı yoxdursa, uşaqlarla iş apara bilməyəcəklər. Müəllimlərə şagirdlərlə düzgün davranış qaydalarının psixoloji baxımdan öyrədilməsi də vacibdir”.