Naib Niftəliyev: "Təkcə uşaqlar yox, böyüklər də yeni qaydalarla üzləşə bilər”
6-8 yaş üçün tam qadağa, 13-15 yaş üçün qismən məhdudiyyət planı gündəmdədir
Uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsi günümüzün aktual mövzusudur. Bu məsələ, xüsusən son zamanlar uşaqların bilavasitə iştirakıyla baş verən cinayət hadisələri fonunda daha da aktuallaşıb.
Birmənalıdır ki uşaqlar zərərli kontentlərə sərbəst baxış imkanı əldə edir, aqressiv məzmunlu videolar, internet oyunlarının təsirinə məruz qalırlar. Odur ki, uşaqlara sosial şəbəkələrdən istifadədə yaş məhdudiyyəti qoyulması vacib hesab edilir. Bəs hansı yaş senzi tətbiq edilsin? Dünya praktikasında örnəklər müxtəlifdir. 14-15, 16-17 və sair. 
Türkiyə hərəkətə keçdi...
Qardaş Türkiyədə 15 yaşını tamamlamayan uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qəbul edilib. Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi yeni qanuna əsasən, sosial şəbəkə platformaları 15 yaşdan kiçik istifadəçilərə xidmət göstərə bilməyəcək və bunun üçün yaş təsdiqi mexanizmləri tətbiq etməli olacaq. Qanuna əsasən, 15 yaşdan yuxarı uşaqlar üçün ayrıca, təhlükəsiz və nəzarət olunan xidmətlər təqdim olunmalıdır. Eyni zamanda, platformalar valideyn nəzarəti alətləri yaratmağa, istifadə müddətinin izlənməsi və məhdudlaşdırılması imkanlarını təmin etməyə borcludur. Bildirilib ki, sosial şəbəkə şirkətləri aldadıcı reklamların qarşısını almaq üçün də əlavə tədbirlər görməlidir. Yeni tələblərə əməl etməyən platformalara qarşı ciddi sanksiyalar nəzərdə tutulur. Bu çərçivədə reklam qadağası tətbiq oluna, eləcə də internet trafiki mərhələli şəkildə 50 faizdən 90 faizə qədər məhdudlaşdırıla bilər. Qeyd edilir ki, qanun dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək.
Azərbaycan təşəbbüs edir
Sosioloq Naib Niftəliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, sosial şəbəkələrə girişdə yaş məhdudiyyətinin tətbiq olunması çox mürəkkəb və diferensial bir məsələdir. Eyni zamanda buna ciddi ehtiyac həmişə duyulur:
- Peşə fəaliyyətimizlə əlaqədar olaraq bu sahəni diqqətlə izləyirik və dünya qanunvericiliyindəki müvafiq təşəbbüslər də bizə məlumdur. Türkiyədə belə təşəbbüslər var. Avropa ölkələrində - Almaniya, Fransa, Böyük Britaniyada bu cür məhdudiyyətlər tətbiq olunur. Eyni zamanda ABŞ-da da Konqres tərəfindən qəbul edilmiş müvafiq qərarlar mövcuddur və bu istiqamət getdikcə daha da genişlənir. Ölkəmizdə də qanunvericilikdə müvafiq qaydaların sərtləşdirilməsi və tətbiq qaydaları ilə bağlı məhdudiyyətlərin qoyulması artıq həyata keçirilir. Həm Cinayət Məcəlləsində, həm İnzibati Xətalar Məcəlləsində, həm də digər sosial qanunvericilik aktlarında, o cümlədən Ailə Məcəlləsində və “Uşaqlar haqqında” qanunda müvafiq düzəliş və əlavələr edilir. Yəni, bu istiqamətdə təşəbbüslər var və bəziləri artıq tətbiq olunur. Birinci və ikinci oxunuş mərhələsində uşaqlarla bağlı məhdudiyyətlərin qoyulması ilə bağlı qanun təşəbbüsləri mövcuddur. İlkin mərhələdə aidiyyəti komitələrdən keçirilir və Milli Məclis səviyyəsində müzakirəyə çıxarılması gözlənilir. Biz prosesləri fəal şəkildə izləyirik, lakin təbii ki, bu məsələni tam şəkildə daim monitorinqdə saxlamaq imkanlarımız müəyyən qədər məhduddur.
Sosioloq qeyd etdi ki, yaş məhdudiyyəti yalnız uşaqlara qarşı tətbiq olunmamalıdır:
- Ümumiyyətlə, internet və kommunikasiya texnologiyaları sahəsində, xüsusilə sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qəbul edilən qərarlar təkmilləşdirilir. Bəzi məhdudiyyətlər təkcə uşaqlara deyil, müəyyən cinayət riski və ictimai təhlükə yarandıqda böyüklərə də, bəzən hətta uzunmüddətli şəkildə tətbiq olunmalıdır. Yəni məhdudiyyətlər ictimai təhlükəsizliyi təmin etmək, insanların azadlığını, fəaliyyətini, şəffaf davranışını və demokratik fikir azadlığını qorumaq məqsədi daşıyır. Bu isə etik çərçivədə, etik qaydalara, əxlaq və mədəniyyət normalarına uyğun şəkildə həyata keçirilməlidir. Burada həm milli, həm də qlobal - bəşəri və humanist dəyərlər öz rolunu oynayır. Təbii ki, internetin təsiri yalnız uşaqlarla məhdudlaşmır, böyüklər də bu proseslərdən təsirlənir. Bəzi hallarda insanlar müxtəlif qrupların, icmaların və ya psixososial təsirlərin altında qala bilirlər. Bu baxımdan tənzimləmə xüsusilə uşaqlar üçün daha vacibdir.
Bəs neçə yaş?
N.Niftəliyev bildirdi ki, bu məsələdə differensial yaş məhdudiyyəti tətbiq olunmalıdır:
- Məsələn, 6–8 yaşa qədər uşaqlar üçün daha sərt məhdudiyyətlər, 13–15 yaş aralığında isə qismən məhdudiyyətlər tətbiq olunmalı və yaş artdıqca bu məhdudiyyətlər tədricən aradan qaldırılmalıdır. Eyni zamanda psixo-sosial müdaxilə və sosial maarifləndirmə tədbirləri də həyata keçirilməlidir. Profilaktik tədbirlər, internetdən istifadə qaydaları, asılılıq riskləri və davranış normaları ilə bağlı həm məktəbdə, həm ailədə düzgün tərbiyə sistemi qurulmalıdır. Texnologiyadan istifadə ilə bağlı zəruri məhdudiyyətlərin tətbiqi ön plana çəkilməlidir. Burada valideynlərin texnologiyalarla bağlı bilik və bacarıqları mühüm rol oynayır. Onlar bu prosesi düzgün idarə etməyi bacarmalıdırlar. Eyni zamanda müəllimlər də nə qədər peşəkar olsalar belə, şagirdləri və tələbələri bu istiqamətdə düzgün yönləndirməli və zəruri hallarda müdaxilə etməyi bacarmalıdırlar.
Qadağalar faydalı olacaqmı?
N.Niftəliyev bildirdi ki, sadəcə qadağa qoymaqla məsələ həll olunmur. Bunun üçün tətbiq mexanizmləri hazırlanmalı, müvafiq təlimatlar və prosedurlar müəyyən edilməlidir. Qanunların icrası üçün əlavə normativ sənədlər işlənməli və tətbiq şərtləri dəqiq şəkildə müəyyənləşdirilməlidir:
- Çox vaxt görürük ki, qanun qəbul olunur, lakin tətbiqi gecikir və sanksiyalar effektiv işləmir. Bu da insanların həmin məhdudiyyətləri asanlıqla aşmasına şərait yaradır. Çünki qanunların məhdudlaşdırıcı, sanksiyaedici və motivasiyaedici mexanizmləri tam işlək olmur. Dünya praktikasında da bu sahədə müəyyən çatışmazlıqlar mövcuddur. Eyni zamanda icraedici qurumlarla qanunvericilik arasında əlaqənin zəifliyi də müəyyən boşluqlar yaradır. Qanunlarda ictimai maraqlar, sosial sifarişlər və vətəndaşların təklif etdiyi strategiyalar nəzərə alınmalıdır. Bu təşəbbüslərin rəyləri və təklifləri əsasında həm qanunvericilik, həm də sosial proqramlar və xidmətlər effektiv şəkildə həyata keçirilməlidir. Əks halda qanun kağız üzərində qalır və real təsiri zəif olur. Bu məsələnin effektiv həlli yalnız düzgün şərtlər və qaydalar çərçivəsində mümkündür. Azərbaycanda da bu istiqamətdə geniş imkanlar mövcuddur. Məhdudiyyətlər insanları internetdən uzaqlaşdırmaq üçün deyil, onları məsuliyyətli istifadəyə təşviq etmək üçün tətbiq olunmalıdır. Yeniyetmələr istər-istəməz internetdən istifadə edirlər, valideynlərinə kömək edir və müxtəlif işlər görürlər. Lakin yaş xüsusiyyətlərinə görə bəzi səhvlər etmələri təbiidir. Bu səhvlərin qarşısını almaq üçün onları düzgün istiqamətləndirmək lazımdır. Həm qanunvericilik gücləndirilməli, həm uşaqlara düzgün izah aparılmalı, həm də valideynlər onları yaxından dəstəkləməlidir. Uşaqların sağlam və məsuliyyətli vətəndaş kimi yetişməsi üçün cəmiyyət, qanun və insan münasibətləri düzgün şəkildə uzlaşdırılmalıdır. Məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, əksinə, onlar üçün düzgün və təhlükəsiz istifadə mühiti yaratmaqdır. Sosial şəbəkələr və texnologiyalar üzrə balanslı məhdudiyyətlər qoyulmalı, eyni zamanda onların inkişafı, öyrənməsi və biliklərinin artırılması üçün imkanlar təmin edilməlidir. Yəni həm məhdudiyyət, həm də şərait paralel şəkildə yaradılmalıdır. Çünki yalnız qadağalar qoyulduqda, bu, əks təsir yaradır və yeniyetmələr qadağaları aşmağa çalışırlar. Doğru yanaşma isə məhdudiyyətlə yanaşı alternativ imkanlar yaratmaqdır ki, onlar sağlam şəkildə inkişaf etsin və cəmiyyətdə layiqli yer tuta bilsinlər.