Qocalar evi anlayışını yenidən düşünməliyik - Sosioloqdan cəmiyyətə çağırış

“Bir çox ahıl insan evdə tək və nəzarətsiz yaşayır”

Diqqətsiz və sosial həyatdan təcrid olunmuş şəkildə yaşayan ahıl insan üçün peşəkar baxım və təhlükəsiz mühit daha sağlam seçim ola bilər

Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb. 1935-ci il təvəllüdlü, Xaldan qəsəbəsində tək yaşayan Zümrüd Sabit qızı Əhmədova yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinin yanması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ahıl qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır. 

Xatırladaq ki, ölkəmizdə baxıma, qayğıya ehtiyacı olan, ailəsi olsa da baxımsızlıqdan əziyyət çəkən, eləcə də tənha yaşayan qocalar kifayət qədərdir. Tez- tez mediada onların bağlı qapı arxasında həyatını itirməsi barədə məlumatlar alırıq. Bu səbəbdən tənha yaşayan ahılların təhlükəsizliyi və gündəlik qayğıları ilə bağlı hansı proqramlar həyata keçirildiyi maraq doğurur. 

Dünya ölkələrində həm dövlət, həm də özəl qocalar evləri fəaliyyət göstərir. Məsələn, bu gün Türkiyədə İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə yüzlərlə qocalar evi və baxım evi xidmət göstərir. Azərbaycanda isə özəl qocalar evləri fəaliyyət göstərmir. Öz evində tənha yaşayan ahıllara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri yardım edirlər. Nazirlər Kabineti tək yaşayan ahıllara göstərilən xidmətlər və xidmətlərə görə vaxt müəyyənləşdirilib, onlara həftədə 2 dəfə olmaqla yardım edilir.

Lakin sosioloqlar hesab edir ki, həftənin 2 günü, 2 saat xidmət tənha qocaların ehtiyacını tam ödəmir, digər sosial qurumların köməyinə ehtiyac var.

Sosioloq Yusif Nəbiyev Sherg.az-a bildirib ki, Azərbaycanda tənha yaşayan yaşlılarla bağlı problemlərin dərinləşməsi təkcə sosial-iqtisadi səbəblərlə deyil, həm də ailə münasibətlərinin dəyişməsi və “qocalar evi” anlayışına formalaşmış mənfi münasibətlə bağlıdır. Onun fikrincə, cəmiyyət uzun illər yaşlı valideyni sosial xidmət müəssisəsinə yerləşdirməyi ayıb, hətta ailə dəyərlərinə xəyanət kimi qəbul edib. Halbuki bir çox hallarda evdə tək, diqqətsiz və sosial həyatdan təcrid olunmuş şəkildə yaşayan ahıl insan üçün peşəkar baxım və təhlükəsiz mühit daha sağlam seçim ola bilər:

“Azərbaycanda yaşlı valideynə qayğı anlayışı çox vaxt formal yanaşmaya çevrilir. Biz düşünürük ki, yaşlı insanı evdə saxlamaq avtomatik olaraq ona qayğı göstərmək deməkdir. Amma reallıqda çox sayda ahıl insan gününü evdə tək, ünsiyyətsiz, tibbi nəzarətsiz və psixoloji gərginlik içində keçirir. Dünyanın bir çox ölkəsində isə qocalar evi xəyanət məkanı yox, peşəkar qayğı və sosial dəstək sistemi hesab olunur”. Cəmiyyətin bu məsələyə münasibətində əsas maneələrdən biri ictimai qınaq və stereotiplərdir. Azyaşlı uşağı bağçaya və ya “daycare” mərkəzinə qoymaq normal qəbul edilirsə, daimi qayğıya ehtiyacı olan yaşlı valideynin xüsusi baxım müəssisəsinə yerləşdirilməsi niyə xəyanət sayılmalıdır? Əsas məsələ insanı harada saxlamaq yox, ona hansı şəraitin yaradılmasıdır. Qocalar evində yaşayan valideyn tərk edilmiş hesab olunmamalıdır. Onu ziyarət etmək, birlikdə vaxt keçirmək mümkündür”.

Sosioloq hesab edir ki, problemin bir hissəsi hətta “qocalar evi” ifadəsinin yaratdığı mənfi assosiasiyalarla bağlıdır:

“Bəlkə də cəmiyyətin qəbul etmədiyi məqam məhz həmin addır. Əgər bu müəssisələr “Qayğı ocağı” və ya Türkiyədəki kimi “Hüzur mərkəzi” kimi təqdim olunsa, insanlarda fərqli təsəvvür yarana bilər. Amma bunun üçün ilk növbədə həmin mərkəzlərin keyfiyyəti, personalın peşəkarlığı və etik standartları təmin olunmalıdır. Fikrimcə, əsas məsələ yaşlı insanın harada yaşaması deyil, onun nə qədər təhlükəsiz, qayğılı və ləyaqətli həyat sürməsidir”.