Rəşad ürək kimi adam idi, elə ürəkdən də getdi... - Qrup yoldaşları danışır

Saytlardan birinə müsahibəsində "Çox istərdim ki, şəhid olum, lakin çox təəssüf, qismət olmadı" deyən, Vətənin dar ayağında qələmi silahla əvəz edən Rəşad Baxşəliyevin vaxtsız vəfatı onu tanıyan hər kəsi dərindən sarsıtdı. Rəşad Parlament Jurnalistlər Birliyinin üzvü, qazi jurnalist, keçmiş "Şərq"çi idi.

O, Vətən müharibəsi başlayanda Ağdamda, atəş altında reportaj hazırlayırdı, sonradan isə özü də döyüşlərə qatıldı. Sözün və səngərin adamı olan Rəşad, bu gün döyüş yoldaşlarının, jurnalist dostalarının və onun əziz olduğu hər kəsin qəlbində yaşayır. 

Sherg.az qrup yoldaşlarının Rəşad Baxşəliyev haqqında xatirələrini sizlərlə bölüşür: 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Nəmənd Rüstəmov:

"Danışmaq çətindir...O, tələbəliyimizin ən yaxın adamlarından biri olub. Yaşlaşdıqca görürsən ki, həyatın xatirlərinin içində ən əziz yer tutan tələbəlik dönəmidir. Ac, pulsuz olursan, çətinliklərlə üzləşirsən. Amma, onda adamlar bir-birinə daha yaxınlaşır. Rəşad da yaxşı, mehriban, zarafatcıl deyib-gülən həyat eşqi ilə dolu, qaynayıb-qarışan oğlan idi. Bilirdik ki, o, özümüzdəndir, öz dostumuzdur. Bir-birimizin xeyrində-şərində iştirak etmişdik. 

2001-ci ilə qədər fakültəmizin oğlan məzunlarına ehtiyatda olan leytinant hərbi rütbəsi verilirdi.

Biz o rütbəni almışdıq, indi də ehtiyatda olan zabitlərik. 44 günlük Vətən savaşına Rəşad Baxşəliyevlə bərabər patok yoldaşlarımız Rasim Bayramov və Amil Məhərrəmov getdilər. Onlar 44 günlük vətən müharibəsinin iştirakçısı oldular.

Rəşadın döyüşdə olan xatirələrinin çoxunu keçən il oktyabr ayında 44 günlük vətən müharibəsinin il dönümü ərəfəsində o, fakültəmizə qonaq gələndə onun dilindən eşitdim. 

Fakültə rəhbərinin və dekan müavini Samir Xalidoğlunun təşəbbüsü ilə fakültədə qələmi silaha dəyişmiş, 44 günlük savaşda iştirak etmiş, ixtisasca jurnalistika fakültəsinin məzunları ilə görüş keçirilirdi. Məndən də xahiş etdilər, mən də öz tələbə yoldaşlarımı: Rasim Bayramovla rəhmətlik Rəşad Baxşəliyevi dəvət elədim, gəldilər, danışdılar...".

Jurnalist N.Rüstəmov Rəşadın 44 günlük savaşda yaşadığı hadisələrdən dərin sarsıntı keçirdiyini söyləyib:

"Hər dəfə 44 günlük savaşdan, müharibədəki yaşadığı anlardan danışanda özü də ağlayırdı, bizi də ağladırdı. Onu hadisələr çox pis sarsıtmışdı.

Bəlkə də elə şeylər var idi ki, görmüşdü, amma danışa bilmirdi. Lakin Rəşadın ən özəl cəhətlərindən biri müharibəyə yollanma hekayəsi idi. Qızı çox ciddi bir xəstəlikdən qızdırma içində çabalyan bir vaxtda uşağı xəstəxanaya aparıb qızdırmalı-qızdırmalı həkimlərə verib, oradan da övladı ilə sağollaşmadan yollanmışdı müharibəyə... Bu hadisəni danışanda deyirdi ki, "qızımla görüşməyə ürəyim gəlmədi, birdən o məni görər, bir də mən onu görmərəm". O, uşağını xəstə-xəstə, qızdırmalı-qızdırmalı qoyub, Qarabağa vuruşmağa getmişdi...

Rəşad müharibədəki anlardan danışanda, kövrəlirdi, gözü dolurdu, ağlayırdı, xəyala dalırdı, amma heç vaxt peşmanam demirdi. Onun haqqında, o qədər xatirə var ki...Amma əsas odur ki, vətənini sevdi, millətini sevdi, dövlətini sevdi və vətənə borcunu ödəməyə çalışdı. 

Rəşadın əsas xüsusiyyətlərindən biri də bütün işlərə ürəklə getməsi idi. Müharibəyə ürəklə getdi, jurnalistikada ürəklə çalışdı, dostluqda ürəkli idi, hamının xeyrinə, şərinə ürəklə gəlirdi, amma elə ürəkdən də getdi. Rəşad elə ürək kimi adam idi...

Allah rəhmət eləsin, Allah o dünyasını versin, yeri həmişə görünəcək...".

Azərbaycan Radiosunun rəhbəri Billurə Aslanqızı:

"Rəşad tələbə ikən qrupumuzun ən zarafatcıl oğlanlarından biri idi. Məndən arxa partada otururdu. Bütün ciddiyyətimə baxmayaraq, arxadan deyilən zarafatlar, atmacalara laqeyd qalmaq olmurdu. Amma müharibədən gələndən sonra ən fikirli, ən qayğılı qrup yoldaşımıza çevrilmişdi...Səmimi idi, qayğıkeş idi, anlayışlı idi... Övladını xəstə qoyub, övladı olduğu Vətənini qorumağa getmişdi...Danışmaq çox çətindi mənə...Zəfər günü ərəfəsində fakültə tələbələri ilə görüşə gəlmişdi. Görüş bitdi, amma onun söhbəti, xatirəsi bitmədi...ürəyi dolu idi... çox dolu idi...elə ürəyi də dözmədi...

Bizim qrup (1996-2000) çox mehriban qrup olub, hələ də tez-tez görüşürük...Bütün görüşlərimizə hərbi geyimlə gəlirdi Rəşad...daha gələ bilməyəcək... Şair Hafiz Baxış yazırdı ki, bizim dost itirən vaxtımız deyil...amma böyük bir ağrı ilə deyirəm ki, bizim sıramızdan bir dost, bir qardaş, peşəkar bir jurnalist azaldı...Allah rəhmət eləsin".

ARB24 telekanalının rəhbəri Radik İsmayılov: 

"Rəşad mənim üçün sadəcə tələbə yoldaşı və jurnalist həmkarı deyildi. O, səmimiyyəti, sadəliyi və peşəsinə dərin bağlılığı ilə seçilən insan idi. Universitet illərindən etibarən jurnalistikaya xüsusi məsuliyyətlə yanaşırdı. Rəşad bu peşəni sadəcə iş kimi yox, bir missiya kimi sevirdi.

Onun həyatında Vətən anlayışı sözdə deyil, əməldə idi. Vətən müharibəsi başlayanda tərəddüd etmədən cəbhəyə yollandı, döyüşlərdə iştirak etdi. Bu, onun necə vətənpərvər, necə cəsarətli insan olduğunu bir daha göstərdi. Rəşad üçün Vətən sevgisi sadəcə danışılan bir hiss deyildi. O, bunu yaşadı və yazdı.

Vaxtsız gedişi ağır itkidir. Rəşad həm peşəkar jurnalist, həm də Vətənimiz üçün döyüşmüş ləyaqətli bir insan kimi yaddaşımızda əbədi yaşayacaq.

Allah rəhmət eləsin, məkanı cənnət olsun".

Sherg.az olaraq biz də həmkarımıza, keçmiş "Şərq"çi yoldaşımıza Allahdan rəhmət diləyir, ailəsinə səbr arzulayırıq. Ruhun şad, yerin cənnət olsun, Vətən Oğlu!