Saxta nikahla ölkədə qalmaq istəyənləri deportasiya gözləyir - ŞƏRH

  • Dövlət Miqrasiya Xidmətinin aidiyyəti strukturları bu cür halları kifayət qədər rahat şəkildə aşkarlayırlar

Bir sıra ölkələrdə əcnəbilərlə bağlanan nikah əsasında müvəqqəti yaşama icazəsinin alınması qanunvericilikdə nəzərdə tutulan hüquqi əsaslardan biridir. Lakin son illərdə bu mexanizmdən sui-istifadə hallarının artması bir çox dövlətləri qanunvericiliyi sərtləşdirməyə və nəzarət mexanizmlərini gücləndirməyə sövq edib. Bu gündən etibarən Gürcüstanda xarici ölkə vətəndaşları ilə bağlı qanun düzəlişləri qüvvəyə minib. Bundan sonra yaşayış icazəsi almaq məqsədilə saxta nikaha daxil olan əcnəbi Gürcüstandan çıxarılacaq və 2 ildən 10 ilədək müddətə ölkəyə giriş qadağası qoyulacaq. Ölkəmizdə də bəzən bu cür hallara rast gəlinir. 

Millət vəkili Azər Allahverənov Sherg.az-a bildirib ki, dünyanın bir sıra dövlətlərində əcnəbilərlə bağlanan nikah hesabına həmin əcnəbinin bu və ya digər ölkədə müvəqqəti yaşama icazəsi alması praktikası geniş yayılıb:

"Hətta bəzi dövlətlərdə bu məsələ müəyyən mənada narahatlıq doğuracaq səviyyəyə gəlib çatıb. Çünki müəyyən olunub ki, son illərdə məhz bu üsulla müvəqqəti yaşama icazəsi almaq istəyən insanların sayı kəskin şəkildə artıb.

Bu məsələ bəzi sui-istifadələrə də yol açıb. Xüsusilə də qanunvericilikdə daha loyal, yaxud liberal prinsiplər mövcud olduğu hallarda bundan yararlanmaq istəyən şəxslərin sayı çox olub.

Xüsusilə də Gürcüstanda qanunvericiliyə dəyişiklik edilməsi və saxta nikah hallarında 2 ildən 10 ilədək müddətə ölkəyə girişin qadağan olunması məsələsi gündəmə gəlib. Məsələn, Rusiya ərazisində də bu yolla müvəqqəti yaşama icazəsi almağa çalışanların sayı kifayət qədər çox olub.

Bu səbəbdən də Rusiya hökuməti bu məsələdə daha sərt mövqe tutub. Hətta bəzi hallarda müəyyən daha radikal addımların atılması da maraq doğuran siyasi müzakirə mövzularından biridir".

Parlamentari qeyd edib ki, bu əsasla müvəqqəti yaşama icazəsinin verilməsinin ümumiyyətlə qadağan edilməsinə dair də fikirlər səsləndirilir:

"Konkret olaraq bir sıra əsaslar var ki, onların əsasında müvəqqəti yaşama icazəsi almaq mümkündür. Həmin siyahıda olan müvafiq bəndin çıxarılmasının tərəfdarı olduqlarını bildirirlər.

Amma düzdür, müəyyən sərtləşmələr olsa da, nikaha daxil olan əcnəbinin həmin ölkə ərazisində müvəqqəti yaşama icazəsi almaq hüququ Rusiyada hələ də tanınır. Ancaq istənilən halda, əgər saxtakarlıq faktı aşkarlanarsa, bu, daha sərt cəzalara səbəb olur. Burada müvəqqəti yaşama icazəsinin ləğv olunması, deportasiya və digər tədbirlər nəzərdə tutulur.

Gürcüstanda da gedən son proseslər göstərir ki, böyük ehtimalla bu məsələ orada da kifayət qədər qabarıq şəkildə özünü göstərib. Nəticə etibarilə hökumət daha radikal addımlar atmağa məcbur olub".

Deputat vurğulayıb ki, Azərbaycanla bağlı bu məsələyə münasibəti birmənalıdır: 

"Əgər saxta nikah əsasında müvəqqəti yaşama icazəsi alınması faktı baş verirsə və bunun əsasında saxtakarlıq dayanırsa, mən bunun qəti əleyhinəyəm. Biz də hər zaman qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində həyata keçirdiyimiz maarifləndirmə tədbirlərində bunun yolverilməz olduğunu xüsusi olaraq bildiririk. Bu, mənim bu məsələyə münasibətimdir.

10-15 il bundan qabaq, mənim yadımdadır ki, belə faktlar olurdu və onları Dövlət Miqrasiya Xidməti aşkarlayırdı. Həmin faktlar aşkarlananda şəxsin müvəqqəti yaşama icazəsi ləğv olunurdu və həmin şəxs inzibati qaydada ölkə ərazisindən çıxarılırdı.

Təbii ki, bununla bağlı əlavə qərarlar da verilə bilərdi. Yəni, ölkə ərazisinə girişə məhdudiyyət tətbiq oluna və ya şəxsin üzərində hansısa inzibati sanksiya olduğu hallarda digər tədbirlər də görülə bilərdi. Amma sonrakı mərhələdə mən saxta nikah üzərindən müvəqqəti yaşama icazəsi almağa çalışan şəxslərlə bağlı hər hansı bir məlumata rast gəlmədim.

Xüsusilə son illərin təcrübəsinə nəzər saldıqda əminliklə deyə bilərəm ki, pandemiyadan əvvəl artıq bir sıra preventiv mexanizmlər mövcud idi. Bundan Dövlət Miqrasiya Xidməti geniş şəkildə istifadə edirdi.

Bağlanan nikahın saxta olub-olmaması ilə bağlı qərar da məhz həmin mexanizmlər vasitəsilə aşkarlanan hallar əsasında verilirdi. Yəni, əgər saxta nikaha daxil olma halları olurdusa, bu, həmin preventiv mexanizmlərin və görülən zəruri tədbirlərin nəticəsində üzə çıxarılırdı.

Nəticə etibarilə əcnəbilər bu üsulla müvəqqəti yaşama icazəsi almağın mümkün olmadığını gördükləri üçün bundan geniş istifadə etmədilər".

Müsahibimiz vurğulayıb ki, Gürcüstanda, Rusiyada və digər ölkələrdə olduğu kimi Azərbaycanda da bu məsələnin kütləvi xarakter aldığı barədə danışmaq olar:

"İstisna deyil ki, kimsə yenə də bu üsula əl atsın. Amma düşünürəm ki, Dövlət Miqrasiya Xidmətinin aidiyyəti strukturları bu cür halları kifayət qədər rahat şəkildə aşkarlayırlar. Nəticə etibarilə şəxslə bağlı müvafiq qərar qəbul edilir.

Adətən əgər müvəqqəti yaşama icazəsi hələ verilməyibsə, əvvəlcə nikahın saxta olub-olmaması araşdırılır. Saxta olduğu müəyyən edilərsə, şəxsə müvəqqəti yaşama icazəsi verilmir. Əgər onun başqa hüquqi əsası da yoxdursa, həmin şəxsin ölkə ərazisindən çıxarılması barədə qərar qəbul olunur.

Əsas yanaşma budur. Gələcəkdə bununla bağlı hər hansı narahatlıq doğuran hallar yaranarsa və qanunvericilikdə dəyişiklik edilməsinin zəruri olduğu barədə təkliflər irəli sürülərsə, bu məsələyə yenidən baxıla bilər".