- Telefonu erkən yaşda uşağın əlinə verməyin!
- Aysu Həsənzadə: “Uşaqlar sosial media risklərini böyüklər kimi qiymətləndirə bilmirlər”
2022-2024-cü illərdən etibarən sosial media 16-24 yaş qrupu arasında xəbər əldə etmək, əylənmək və gündəlik məzmun istehlakı baxımından televiziyanı üstələyib. Sosial platformalar lazımi insanlara və məlumatlara çıxışı asanlaşdırsa da, təəssüf ki, yaş həddi və sərhəd tanımır.
Qeyri-etik videolar, bəzi influenserlərin əxlaqa zidd ifadələri və davranışları həm böyüklərin, həm də uşaqların qarşısına çıxır. Yeniyetmələr onlara baxdıqda, doğrunu yanlışdan seçə bilmədikləri üçün gördüklərini mənimsəməyə başlayırlar. Məsələnin ciddiliyi hökuməti sosial platformalardan istifadəyə yaş məhdudiyyəti qoymağa vadar edib. Uşaqları sosial platformaların zərərli təsirindən qorumaq məqsədilə yeni qanun layihəsi qəbul olunub. Layihəyə əsasən, 16 yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilməyəcək. 16-18 yaş arası uşaqlar isə yalnız valideyn icazəsi əsasında, hesab yarada bilərlər. Qanun 12 aydan sonra qüvvəyə minəcək.
Yeni dəyişiklik uşaqların psixoloji və fiziki inkişafına dəstək ola bilərmi ?
Mövzu ilə bağlı psixoloq Aysu Həsənzadə Sherg.az-a bildirib ki, dəyişikliyi uşaqların psixoloji sağlamlığını qorumağa yönəlmiş müsbət addım kimi qiymətləndirirəm:
“Çünki son illərdə aparılan elmi araşdırmalar göstərir ki, sosial mediadan erkən yaşlarda və nəzarətsiz istifadə uşaqların emosional, sosial və idrak inkişafına mənfi təsir göstərir. Uşaqlarda risklərin qiymətləndirilməsi, impulsların idarə olunması və tənqidi düşünmə ilə əlaqəli “prefrontal korteks” hələ tam inkişaf etmədiyi üçün onlar sosial mediadakı məlumatları böyüklər kimi analiz edə bilmirlər. Nəticədə özlərini başqaları ilə müqayisə edir, “like” və izləyici sayına həddindən artıq önəm verməyə başlayırlar. Bu da, özünəinamın azalmasına, depressiv əlamətlərə, hətta sosial media asılılığına səbəb olur”.
Psixoloq uşaqların sosial şəbəkələrdə qarşılaşdığı risklərdən danışıb:
“Sosial media yalnız vaxt itkisi deyil. Burada onlayn zorakılıq, kibertəzyiq, qeyri-etik məzmunlar, yad insanlarla ünsiyyət və şəxsi məlumatların təhlükəsizliyi kimi risklər də var. Buna görə də sosial media hesabı açmaq üçün yaş həddinin müəyyən edilməsi, uşaqları bu risklərdən qoruyan preventiv tədbir hesab oluna bilər. 16-18 yaş aralığında valideyn razılığının tələb olunması da vacibdir. Amma əsas məsələ yalnız “icazə vermək” üzərində dayanmamlıdır. Valideyn övladının hansı platformadan istifadə etdiyini bilməli, onunla açıq ünsiyyət qurmalı, rəqəmsal təhlükələr haqqında məlumat verməli və lazım gəldikdə ona dəstək olmalıdır”.
A. Həsənzadə, valideynləri uşaqların telefon istifadəsinə nəzarət etməyə çağırıb:
“Təəssüf ki, bəzi valideynlər uşaq hələ körpə yaşında olarkən onu sakitləşdirmək və ya başını qatmaq üçün əlinə telefon verirlər. Halbuki erkən uşaqlıq dövründə, beyin ekran vasitəsilə yox, oyun oynamaq, hərəkət etmək, insanlarla ünsiyyət qurmaq və ətraf mühiti kəşf etməklə inkişaf edir. Araşdırmalar göstərir ki, erkən və uzunmüddətli ekran istifadəsi diqqət problemləri, dil inkişafında gecikmə və emosiyaların tənzimlənməsində çətinliklərə yol açır. Valideynlərə tövsiyəm odur ki, telefonu uşağı sakitləşdirmək üçün əsas vasitəyə çevirməsinlər. Bunun əvəzinə kitab oxumaq, birlikdə oyun oynamaq, rəsm çəkmək və açıq havada vaxt keçirmək kimi fəaliyyətlər həm uşağın inkişafını dəstəkləyər, həm də valideynlə övlad arasındakı münasibətləri möhkəmləndirər”.
Psixoloq qeyd edib ki, valideynlər özləri də uşaqlara nümunə olmalıdır:
“Çünki uşaqlar eşitdiklərindən daha çox gördüklərini öyrənirlər. Sonda isə onu qeyd etmək istərdim ki, məqsəd uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmaq deyil. Onların yaşına uyğun, təhlükəsiz və sağlam rəqəmsal mühitdə böyüməsini təmin etməkdir. Əgər bu qanun valideynlərin maarifləndirilməsi ilə paralel şəkildə tətbiq olunarsa, uşaqların psixoloji sağlamlığının qorunmasına ciddi töhfə verə bilər”.