Əsl ziyalı, əsl vətəndaş, əsl insan olan, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Rəşid Mahmudovun bu gün 88 yaşı tamam oldu. Rəşid müəllim hərtərəfli şəxsiyyətdir: onun adının qarşısına yaxşı insanlara məxsus bütün titulları yazmaq olar. Hətta yaşadığımız cəmiyyətdə qiymətdən düşmüş «Ağsaqqal», «Müəllim», «Kişi» deyilişləri məhz Rəşid Mahmudovun adının əvvəlində öz həqiqi dəyərinə qayıdır.
Müdrikcəsinə deyilmiş bir ifadə var: ömrünü xalqının mənəvi inkişafına və maariflənməsinə həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidir. Rəşid Mahmudov da Azərbaycanın bəzəyidir – bu gün xalqımıza, millətimizə doğru yol göstərən, maarifləndirən əsl ziyalımızdır.
Rəşid müəllim çox nadir insanlardandır ki, bu gün də susmur. Onun səmimi və açıq sözü xalq arasında böyük rəğbətlə qarşılanır, cəsarəti və müdrikliyi ilə fərqlənən bütün çıxışları alqışlanır. Onun çıxışlarının hamısı millət və xalq sevgisi üzərində qurulub. Bütün çıxışlarında sadə xalq dilində danışır.
Dəfələrlə eşitmişəm, deyib: «Bizim millətdən yoxdu, bizim millət hamısından yaxşıdı, qəhrəman oğullarımız, yaxşı sənətkarlarımız var. Yaxşı nə var, onu Azərbaycana gətirək. Avropada qazandığımız maaşı millətə verək. Bu milləti sevək, Vətənimizin qədrini bilək. Torpağı göz bəbəyi kimi qorumalıyıq. Dövlət bizimdir, müstəqil dövlətimiz var, qoy əbədi olsun. Dövlətimizə qarşı çıxanları xalq sevmir. Bu xalqa hamı borcludur. Mən də bu xalqın quluyam. Pulumuzu təhsilə xərcləyək, millətimizin sayını artıraq. Mənfi əməllərdən uzaq duraq, savadlı olaq, ziyalı olaq, xalqa yol göstərə bilək, yaltaq olmayaq».
Rəşid müəllimin hər kəlməsi bir fəryad və düşündürücü, müdrik ATA sözüdür. Rəşid müəllim bizim güvənc yerimiz, qürur mənbəyimizdir. Bu gün müasirimiz olan Rəşid müəllimlə bir elin, bir xalqın nümayəndəsi olmaq özü bir xoşbəxtlikdir. Şübhəsiz ki, millətimizin, xalqımızın dəyərli və nadir insanlarından biri kimi, onunla biz eloğluları da, bütün Azərbaycan xalqı kimi, qürur duyuruq və bu şərəfli gün münasibətilə onu təbrik edirik.
Hörmətli Rəşid müəllim, 88 yaşınız mübarək olsun! Sizə hələ çox ehtiyacımız var. Tanrı sizi qorusun! Gözəl günlərin hamısı sizə qismət olsun! Arzularınızın hamısı həyata keçsin! Başı uca və sağlam yaşayın!
Arif Cəfərov