- “Təzyiqə məruz qalan hər bir qadını müdafiə etməyə hazırıq”
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə sosial şəbəkələrdə qadınların şəkillərindən qanunsuz istifadə olunması ilə bağlı çoxsaylı müraciətlər daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, naməlum şəxslər zərərçəkmiş qadınların sosial şəbəkələrdə paylaşdıqları fotoları süni intellekt proqramları vasitəsilə manipulyasiya edərək əxlaqsız və təhqiramiz məzmunlu görüntülər hazırlayıblar. Daha sonra həmin saxta görüntüləri müxtəlif sosial platformalarda yayıb, onların silinməsi müqabilində zərərçəkənlərdən hədə-qorxu yolu ilə pul tələb ediblər.
Kiberpolisin keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, onlar "TikTok", "Instagram" və "Telegram" platformalarından qadınlara məxsus fotoları götürərək süni intellekt proqramları ilə montaj edib, üzərlərinə təhqiredici və nalayiq məzmun əlavə ediblər. Sonra isə saxta hesablar vasitəsilə həmin görüntüləri yayaraq, silinməsi üçün zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.
Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb, hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.
DİN vətəndaşlara xəbərdarlıq edib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda sosial şəbəkələrdə paylaşılan foto və videolar manipulyasiya edilərək qanunsuz məqsədlərlə istifadə oluna bilər. Bu səbəbdən şəxsi foto və videoların tanınmayan şəxslərlə paylaşılmaması, həmçinin şübhəli mesaj və təkliflərə etibar edilməməsi tövsiyə olunur.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Sherg.az-a açıqlamasında qadın haqlarının qorunması və məişət zorakılığına qarşı aparılan mübarizədən bəhs edərək bildirib ki, rəhbərlik etdiyi qurum qadınların hüquqi savadlılığın artırılması istiqamətində seminarlar keçirir. O, evdə və ya cəmiyyətdə, sosial şəbəkələrdə təzyiqə, eləcə də şantaja məruz qalan bütün qadınları və gənc qızları hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb:
"Süni intellektdən istifadə edilməklə qadınların şantaj olunması da zorakılığın və psixoloji təzyiqin bir formasıdır. Bu cür hallarla üzləşən qadınlar susmamalı, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
Biz qadınlar arasında liderlik bacarıqlarının artırılması məqsədilə mütəmadi seminarlar təşkil edir, onlara öz hüquqlarını necə müdafiə etməli olduqlarını öyrədirik. İstər ailədə - yoldaşı və ya övladları tərəfindən, istərsə də kənarda hər hansı bir qadına və ya gənc qıza təzyiq göstərilirsə, mütləq polisə müraciət edilməlidir. Polislə sıx əməkdaşlıq edirik və əminəm ki, bu cür müraciətlərə dərhal reaksiya veriləcək, qadınlarımızın təhlükəsizliyi təmin olunacaqdır. Maarifləndirmə tədbirlərimizdə bu məsələləri hər zaman diqqətimizdə saxlayırıq.
Məsələn, hazırda icraatımızda valideynləri tərəfindən zorla ərə verilmək istənən bir gənc qızın işi var. Biz bu məsələni araşdırır, valideynlərlə görüşüb izahedici söhbətlər aparmağı planlaşdırırıq. Zorakılığın hər növünə qarşı mübarizə bizim əsas gündəmimizdir. Şantajla və ya təzyiqlə üzləşən hər bir qadın bizim nömrələrimiz vasitəsilə komandamızla əlaqə saxlaya bilər. Biz hər bir qadını müdafiə etməyə tam hazırıq, narahatlığa heç bir əsas yoxdur."