Taxma dırnaq və laklar meyit qüslünə maneə sayılırmı? -İlahiyyatçıdan AÇIQLAMA

Son illərdə estetik məqsədlərlə istifadə olunan taxma dırnaqlar, qalıcı laklar və müxtəlif bədən boyaları gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin bu cür vasitələrin insan vəfat etdikdən sonra dini hökmlər baxımından hansı problemləri yaratdığı tez-tez müzakirə olunur. Xüsusilə meyit qüslü zamanı suyun bədənin bütün hissələrinə çatmasının vacib olması fonunda taxma dırnaq və dərini örtən boyaların hökmü maraq doğurur. Bəs İslam fiqhi bu məsələyə necə yanaşır? Meyitin üzərində olan bu cür maneələr təmizlənməlidirmi və bu mümkün olmadıqda hansı hökmlər tətbiq edilir?

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a açıqlamasında bikdirib ki, İslam fiqhinə görə taxma dırnaqla ölən adama meyit qüslü verilərkən dırnaqlar və lak kimi dərini örtən boyalar təmizlənməlidir:

"Əgər təmizləmək, dırnağı qoparmaq mümkün olmazsa, yaxud mümkün olduqda belə ölünün ehtiramı aradan gedərsə o zaman iki rəy var: Birincidə qeyd olunur ki, meyitə artıq qüsl mümkün olmadığı üçün torpaqla təyəmmüm edilməlidir. İkinci, yəni çoxluğun rəyinə görə isə qüsl edib dırnaq, boya kimi şeylərin də üzərinə məsh edilməlidir. Çünki bu üzrlü səbəb sayılır. Hər halda məqbul olan da budur. Qeyd edək ki, İslam fiqhində dəstəmaz, qüsl kimi təmizlik proseslərində suyun dəyməsi vacib olan əzaların üstü mütləq açıq olmalı, suya təmas etməlidir. Lakin xəstəlik, yara kimi qeyri-ixtiyari meydana gələn hallarda üzrlü səbəb olduğu üçün üzərinə məsh çəkilir. Fəqət qoyma dırnaq, lak, boya kimi amillər ixtiyari səbəbdən ortaya çıxdığı üçün qüsl və dəstəmaz zamanı aradan aparılmalıdır. Həmçinin ölü üçün vacib olan meyit qüslü zamanı yaxud qüsldən əvvəl ölünün dırnağı, boyası təmizlənməlidir".