Ermənistanda iyunun7-də keçiriləcək parlament seçkiləri ölkənin siyasi gündəmini zəbt edib. Hazırki Baş nazir Nikol Paşinyan "Mülki müqavilə" partiyasının lideri olaraq yenidən baş nazir postuna nazmizəddir. Lakin Paşinyanın siyasi gündəmini ağırlaşdıran məqamlar var. Çünki seçkilərdə onun qarşısında revanşist müxalif qüvvələri təmsil edən sabiq prezident Robert Koçaryanın dəstəsi dayanır. Hakimiyyət uğrunda rinqə çıxan tərəflər bir-birini təhqir etməkdən çəkinmirlər. Paşinyan ötən gün brifinqdə, müxalif qüvvələrin hakimiyyətə gəlməsi ilə müharibənin başlayacağından bəhs edib. O, Ermənistanın yeni konstitusiyasında “Müstəqillik Bəyannaməsi”nin çıxarılmasının vacibliyini vurğulayıb. Çünki bəyannamə özündə Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə turur. Bu da Azərbaycanla imzalanacaq yekun sülh müqaviləsinə ziddir. Bəyannamənin çıxarılması məsələsi və Azərbaycanla Ermənistanın sülh prosesi, müxalif qüvvələrin etiraz ruhunu alovlandırır. Ermənistanın müdafiə naziri Suren Papikyan da, Paşinyanla ortaq mövqedən çıxış edərək, müxalif qüvvələrin qonşu ölkələrə ərazi iddialarının olduğundan söz açıb. Görünən odur ki, bir-birinə qənim kəsilən rəqiblərin taleyi parlament seçkilərinin nəticələrindən asılı olacaq.
Mövzu ilə bağlı politoloq Natiq Miri Sherg.az-a bildirib ki, S. Papikyanın dedikləri həqiqəti əks etdirir:

“Ermənistanın müxalifət zümrəsi, “Qarabağ Miatsum ideologiyası” fonunda Rusiya tərəfindən hakimiyyətə gətirilmiş qüvvələrdir. Yenidən hakimiyyətə can atan müxalifətçilər, birbaşa Rusiyaya xidmət edən və Moskvada milyonlar qazanan oliqarxlardır. Onların drijor çubuğu Rusiyanın əlindədir. Belə bir vəziyyətdə müxalifətin hakimiyyətə gəlməsi yeni müharibəni tətikləyə bilər. Müxalif qüvvələr, ictimai rəydə ehtiyyatlı bəyanatlar versələr də, məkrli planlarını ictimaiyyətdən gizlədirlər. “Qarabağ klanı”nın önündə gedən Koçaryanlar, sülhün əleyhinə olmadıqlarını bəyan etsələr də, Qarabağla bağlı revanşist fikirlərindən əl çəkməyiblər. Onlar hələ də Qarabağı Azərbaycanın tərkib hissəsi saymırlar. Rusiyanın Ermənistanda maşaları hakimiyyətə gəlməklə, yenidən “Qarabağ yarası”nı qanada bilərlər. Çünki Qarabağ probleminin yaranmasında və onilliklər boyu idarə olunmasında əsas rol məhz Rusiyaya məxsus olub.
Politoloqun sözlərinə görə, erməni xalqı parlament seçkilərində sülh və müharibə arasında seçim etməli olacaq:
“Sovet İttifaqının dağıldığı dövrdə, Rusiyanın təşəbbüsü ilə müttəfiq respublikalar üzərində təsir rıçaqlarını saxlamaq məqsədilə süni etnik münaqişələr yaradıldı. Cənubi Qafqazda ərazi iddiaları, Mərkəzi Asiyada isə sərhəd mübahisələri, regionları münaqişə ocağına çevirdi. 2020-ci il Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra parlament seçkilərində çoxları Nikol Paşinyanın uduzacağını gözləyirdi. Lakin o, 2021-ci il növbədənkənar parlament seçkilərində topladığı yüksək səslə, yenidən hakimiyyətdə qalmağı bacardı. Çünki Paşinyan seçicilərə postmüharibə dövründə sülh və sabitlik siyasətini davam etdirəcəyini vəd etmişdi. Arıq Azərbaycanla Ermənistan arasında paraflanan sülh sənədinin imzalanmasına az qalıb”.
N.Miri qeyd edib ki, ermənilər miflərə aldanıb, zülmətə səs verərək özlərini qaranlığa qərq etməməlidirlər:
“Erməni analar yenidən gənc övladlarını müharibəyə qurban verməyi gözə alıblarsa, müxalif qüvvələrə səs versinlər. Əgər xalq, Ermənistanı Rusiyanın təsirindən azad, müstəqil və sülh şəraitində yaşayan bir dövlət kimi görmək istəyirsə, seçimləri sülhdən yana olmalıdır. Bu addım həm Azərbaycan-Ermənistan münasibətlərinin, həm də Ermənistanın gələcək iqtisadi inkişaf perspektivinin yolunu açacaq. Bu normal insan təfəkkürənə təqdim olunan ən işıqlı seçimdir. Mən inanıram ki Erməni xalqı sülhdən yana səs verəcək. Çünki Ermənistan dövləti yaranandan bəri, heç bir zaman bu gün kimi müstəqil və suveren olmayıb. Öz müdafiəsini və təhlükəsizliyini başqa dövlətlərə buraxan ölkə müstəqil siyasət apara bilməz”.