- Kobaxidzenin istefaya getməyəcək, Gürcüstan hökuməti ən böhranlı dövrünü geridə qoyub
Gürcüstanda hökumətdə dəyişikliklərin ediləcəyi ilə bağlı yayılan məlumatlar ölkənin siyasi gündəmində yenidən müzakirələrə səbəb olub. Xüsusilə Baş nazir İrakli Kobaxidzenin istefa verəcəyi və onun yerinə Acarıstan Muxtar Respublikasının hökumət başçısı Zurab Pataradzenin gətiriləcəyi barədə iddialar gündəmə gəlib. Lakin hökumət bu məlumatları təkzib edir. Baş nazir İrakli Kobaxidze yayılan xəbərləri cəfəngiyyat və böhtan adlandıraraq, hökumətdə dəyişikliklərlə bağlı hər hansı planın olmadığını bildirib. Hakim komanda üzvləri də hökumət dəyişiklikləri barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayırlar.
Politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, İrakli Kobaxidzenin istefası ilə bağlı ortada atılan iddianı daha çox bu ölkənin daxili siyasi qarşıdurmasının bir tərkib hissəsi kimi qiymətləndirə bilərik:
“Yəni bu iddianın müxalifət tərəfindən hökumətə qarşı psixoloji təzyiq vasitəsi kimi ortalığa atıldığını deyə bilərik. Gürcüstanda daxili siyasi qarşıdurma kəskin bir prosedə gedir. Biz bunu 2003-cü ildən sonrakı dövrdə daha aydın şəkildə görmüşük. Bu kəskin mübarizədə tərəflər, həm iqtidar, həm də müxalifət bir-birinə qarşı müxtəlif informasiyalar tirajlayır, iddialar ortaya atırlar. Məqsəd ictimai diqqəti ittiham olunan, iddia irəli sürülən tərəfə yönəltməkdir. Yəni bu prosesdə də, əsas istək əslində, İrakli Kobaxidzenin zaman-zaman istefasının gündəmə gətirilməsidir. Peşəkarcasına desək üxalifətin ictimai diqqəti hökumətin üzərinə yönəltmək və hökuməti psixoloji təzyiq altında saxlamaq məqsədi daşıyır. Amma yaxın dövrdə Gürcüstan hökumətində hər hansı bir dəyişikliyin olacağı ehtimalı zəif görünür. Bunu həm Gürcüstanın daxilindəki siyasi, sosial və iqtisadi vəziyyətə baxdıqda, həm də Gürcüstan ətrafındakı vəziyyətə baxdıqda bunu demək mümkündür. Yəni bu ehtimal da zəifdir. Gürcüstan hökuməti ən böhranlı dövrünü geridə qoymuş hesab oluna bilər.
Analitik qeyd edib ki, 2024-cü ildə Gürcüstanda xarici agentlər haqqında qanun dəyişikliyi etdikdən sonra Qərbin ciddi təzyiqi altına düşdü:
“Yəni həm Amerika, həm də Avropa Gürcüstan hökumətinə ciddi təzyiq edirdi və həmin vaxt hətta hökumətin dəyişə biləcəyi ehtimalları gündəmə gətirilmişdi. Amma daha sonra Gürcüstan hökuməti bu məsələlərdə müqavimət göstərərək, günün sonunda, prosesdən sağ çıxa bildi. Həmçinin Amerikada Trampın gəlişindən sonra da Qərbin təzyiqi zəiflədi. Yəni Amerikanın Gürcüstana təzyiq etməməsi fonunda Avropada da təzyiqlər azaldı. Əslində, həmin vaxt belə demək mümkündür ki, xarici təzyiqlər qarşısında Gürcüstan hökumətində müəyyən bir dəyişikliyin edilməsi təcrübəsi var. Yəni Qaribaşvili Qərbə qarşı çıxış edən əsas fiqur kimi formalaşmışdı. Həmin dövrdə, həm də ondan qabaq, xüsusən 2022-ci ildə Ukrayna müharibəsi başladıqdan sonra Gürcüstan və Qərb arasında müəyyən bir qarşıdurma yaşanırdı. Bu da Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasından irəli gəlirdi. 2022-ci ildən sonra Qaribaşvili Qərbə qarşı çıxış edən əsas fiqur kimi formalaşmışdı və 2024-cü ildə xarici agentlər haqqında qanun qəbul edilməsində bu təzyiq daha da gücləndi. Həmin prosesin tərkib hissəsi kimi biz Qaribaşvilinin istefasını göstərə bilərik. Yəni Gürcüstan hökuməti bu addımla Qərbə göstərdi ki, ona qarşı çıxanları neytrallaşdırır. Bu da həm sözügedən təzyiqi azaltmaq, həm də münasibətləri müəyyən qədər qoruma məqsədi daşıdı. Gürcüstan hökuməti ən ağır, ən böhranlı dövrünü keçirib artıq və o baxımdan da Gürcüstan ətrafındakı vəziyyətə baxdıqda deyə bilərik ki, hökumətdə nəsə bir dəyişiklik ehtimalı zəif görünür”.