BMT İsrailin Livandakı tarixi abidələrin ətrafına hücumlarından narahatdır

BMT şiə Hizbullah hərəkatı ilə münaqişədə atəşkəsə baxmayaraq, İsrailin Livanın cənubuna davam edən hücumlarından narahatlığını bildirib.

Teleqraf xəbər verir ki, təşkilatın bəyanatında qeyd olunur: "Mülki infrastruktura, mədəni irsə və yerli icmaların tarixi yaddaşına dəyən ziyan dərin narahatlıq doğurur".

İsrail ordusunun bu yaxınlarda UNESCO-nun Təhlükədə olan Dünya İrsi Abidələri siyahısına daxil edilmiş köhnə Bofort qalasının ərazisini bombalaması ciddi narahatlığa səbəb olub.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz ordunun təxminən 700 ton partlayıcı maddə istifadə edərək "Bofort bölgəsindəki terror tunellərini" məhv etdiyini açıqlayıblar.

Livan prezidenti Cozef Aun hadisəni "son dərəcə təhlükəli eskalasiya" adlandırıb.

Aun vurğulayıb ki, Romada İsrail ilə danışıqların yeni mərhələsi ərəfəsində baş verən partlayışlar beynəlxalq sülh səylərinə xələl gətirir.

BMT mübahisəli məsələlərin həlli üçün diplomatik mexanizmlərin mövcud olduğunu vurğulayaraq, artan gərginliyə son qoymağa çağırıb.