Son xəbərlər

Ermənistanda sağlam düşüncənin səsi güclənir: Azərbaycanla sülhün alternativi yoxdur

  • Ermənistanda Paşinyanın sülh kursuna dəstək artır

Ermənistanda Baş nazir Nikol Paşinyanın siyasi kursunu dəstəkləyənlərin əhatəsi genişlənməkdədir. Erməni cəmiyyətində getdikcə daha çox insan anlayır ki, ölkənin gələcəyi revanşist çağırışlardan, qonşulara qarşı ərazi iddialarından və müharibə ritorikasından deyil, Azərbaycanla münasibətlərin normallaşdırılmasından, sülhdən və regional əməkdaşlıqdan asılıdır. Bu reallığın dərk olunmasında Azərbaycanın yaratdığı yeni geosiyasi vəziyyət, Prezident İlham Əliyevin prinsipial mövqeyi və regionda formalaşan siyasi reallıqlar mühüm rol oynayır.

Bu günlərdə Ermənistanın sosial şəbəkə seqmentində, o cümlədən “Sisian xəbərləri” adlı ictimai qrupda yayımlanan bir yazıda da məhz bu məsələlərə toxunulur. Müəllif Ermənistanın keçmiş siyasi elitasını, Qarabağ avantürası ətrafında formalaşmış hakimiyyət sistemini və cəmiyyətdə revanşist əhval-ruhiyyəni qoruyub saxlamağa çalışan qüvvələri kəskin tənqid edir. Sherg.az həmin yazının redaktə olunmuş variantını təqdim edir.

Nəhayət, Ermənistan tarixində gözlənilməz və bir çoxları üçün təəccüblü siyasi fiqur olan Nikol Paşinyan ortaya çıxıb. Bu gün çoxları onu xain, erməni xalqının düşməni adlandırmağa hazırdır. Halbuki baş verənləri düzgün qiymətləndirmək üçün hər şeyin necə başladığını xatırlamaq lazımdır.

Hər şey valideynlərimizin və nənə-babalarımızın qondarma “Miatsum” - Qarabağın Ermənistana birləşdirilməsi şüarı ətrafında apardığı siyasətlə başladı. Həmin dövrdə kommunist rəhbərlər siyasi məsuliyyətdən yayınaraq geri çəkildilər. Onların itirəcəkləri çox şey var idi: sovet dövründə əldə etdikləri imtiyazlar və sərvətlər. Bəs onları kimlər əvəz etdi? Sovet sisteminin yetişdirdiyi müxtəlif avantüristlər, fırıldaqçılar və kriminal dairələrlə əlaqəli şəxslər birdən-birə ölkənin siyasi həyatında aparıcı mövqelərə sahib oldular.

Onlar “Qarabağ” hərəkatını siyasi hakimiyyətə gəlmək üçün vasitəyə çevirdilər. Özlərinə qəhrəman obrazları yaratdılar, hərbi və siyasi fiqurları mifləşdirdilər. Lakin nədənsə heç kim baş verənlərin digər tərəfini xatırlamaq istəmir: Azərbaycan torpaqları işğal edildi, minlərlə insan doğma yurdlarından didərgin salındı, hər iki tərəfdən çoxsaylı insan həyatını itirdi. İşğalçılıq siyasəti Ermənistanın gələcəyini də ağır böhranla üz-üzə qoydu. Nəticədə vaxtilə özlərini qalib elan edənlər yaratdıqları siyasi və iqtisadi sistemin girovuna çevrildilər.

Bir vaxtlar adi həyat tərzi ilə seçilən, lakin sonradan özlərini milli qəhrəman kimi təqdim edən şəxslər cəmiyyətin şüurunda süni ideallaşdırıldı. Yeni hakimiyyətlərin apardığı korrupsioner və cinayətkar iqtisadi siyasət nəticəsində ölkənin sərvətləri, dövlət əmlakı və iqtisadi resursları dar bir qrupun maraqlarına xidmət etməyə başladı. Ermənistanın siyasi və iqtisadi inkişafı şəxsi maraqların girovuna çevrildi.

Bütün bunlardan sonra Nikol Paşinyanı xain hesab edən, onu hakimiyyətdən uzaqlaşdırmağa və ölkəni yenidən keçmiş siyasi bataqlığa qaytarmağa çağıran qüvvələr mövcuddur. Onların əsas məqsədi cəmiyyətdə Azərbaycana qarşı nifrəti yenidən alovlandırmaq, bu nifrətdən siyasi dividend əldə etmək və sadə insanları yeni qarşıdurmaların qurbanına çevirməkdir.

Məncə, Paşinyanın xalqın dəstəyi olmadan başladığı siyasi kursu sona çatdırmaq üçün nə sağlamlığı, nə də gücü kifayət edər. Ermənistan cəmiyyəti isə bu məsələdə iki düşərgəyə bölünüb. Bir tərəfdə ölkənin gələcəyini sülh və inkişafda görənlər, digər tərəfdə isə keçmişin revanşist ideologiyasından əl çəkmək istəməyənlər dayanır.

Əslində, manipulyasiyaya məruz qalan insanlar Paşinyanın tərəfdarları deyil. Əsl manipulyasiya illərlə xalqdan öz siyasi və iqtisadi maraqları naminə istifadə edən, indi isə qəfil xalqın qayğısına qaldıqlarını iddia edən keçmiş hakimiyyət təmsilçilərinin fəaliyyətində özünü göstərir.

Sosial şəbəkələrdəki şərhlərə nəzər saldıqda görürsən ki, bir çox azərbaycanlı Paşinyanın sülh istiqamətində atdığı addımları Ermənistandakı bəzi siyasi qüvvələrdən daha obyektiv qiymətləndirir. Əgər Paşinyan həqiqətən də sadə insanların rifahını düşünürsə, bu siyasətin əsas meyarı Azərbaycanla münasibətlərin normallaşdırılması, qarşılıqlı etimadın yaradılması və regionda davamlı sülhün təmin olunması olmalıdır.

Bu gün Ermənistanın Azərbaycanla münasibətlərin yeni mərhələyə keçməsinə ehtiyacı var. Azərbaycanın mövqeyi isə bəllidir: dövlətin suverenliyi və ərazi bütövlüyü müzakirə mövzusu deyil. Davamlı sülh yalnız qarşılıqlı suverenliyin tanınması, ərazi iddialarından imtina, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması əsasında mümkündür.

Ümid edirəm ki, Azərbaycan cəmiyyəti və rəhbərliyi Ermənistanda sülhə, siyasi sabitliyə və revanşizmdən uzaqlaşmağa yönəlmiş prosesləri diqqətlə izləyəcək. Çünki Ermənistanın gələcəyi keçmişin münaqişələrini yenidən gündəmə gətirməkdən deyil, Azərbaycanla dinc yanaşı yaşamağı öyrənməkdən keçir. Əks halda, hər iki xalq üçün yeni fəlakətlərə yol aça biləcək qarşıdurma təhlükəsi aradan qalxmayacaq və region yenidən uzunmüddətli qeyri-sabitlik dövrünə sürüklənəcək.