Hindistan 10 il ərzində beş yeni nüvə reaktoru istifadəyə verəcək

Hindistan cari onillik ərzində beş yeni nüvə reaktoru istismara verməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi Müstəqillik Günü münasibətilə etdiyi çıxışında bildirib.

"Nüvə enerjisi enerji təhlükəsizliyinin təmin edilməsinin əsas vasitələrindən biridir. 2047-ci ilə qədər onun gücünü 100 giqavatta çatdırmaq məqsədinə doğru irəliləyirik", - deyə o bildirib.

"Təkcə bu onillikdə beş yeni nüvə reaktoru istismara vermək niyyətindəyik", - deyə o vurğulayıb.

Modi xatırladıb ki, Hindistan 2026-cı ildə sürətli neytron reaktor texnologiyasının mənimsənilməsində irəliləyiş əldə edib.

"Bu, ölkənin nüvə yanacağı ilə özünütəmin etməsinə doğru mühüm bir addım idi", - deyə Modi qeyd edib.

Hindistanın Baş naziri dənizdə enerji kəşfiyyatı sahəsindəki irəliləyişləri də açıqlayıb.

"Əvvəllər Hindistan sahil xəttinin 99%-i qadağan olunmuş zonalar kimi təyin olunmuşdu. İndi bu ərazilər inkişaf üçün açıqdır. Biz dərin dənizlərdə kəşfiyyat işlərini fəal şəkildə davam etdiririk və yeni ehtiyatlar tapırıq", - Modi bildirib.