Hindistanın cənubunda güclü leysan yağışları və daşqınlar nəticəsində azı 14 nəfər həlak olub.
Sherg.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, Kerala ştatında 11 nəfər ölüb, minlərlə sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb. Qonşu Karnataka ştatında baş verən torpaq sürüşməsi nəticəsində isə daha üç nəfər həyatını itirib.
Bildirilib ki, Kerala ştatı üzrə təxminən 7 700 nəfər təhlükəsiz ərazilərdə yaradılmış müvəqqəti sığınacaqlara təxliyə edilib. Ştat rəhbərliyi zərərçəkənlər üçün yaradılan düşərgələrin vəziyyətini qiymətləndirmək məqsədilə yerli hakimiyyət nümayəndələri ilə görüş keçirəcək.
Sinoptiklər bazar ertəsi də bəzi bölgələrdə güclü yağış və küləyin davam edəcəyini proqnozlaşdırırlar. Əlverişsiz hava şəraiti səbəbindən bir sıra məktəblər bağlanıb, müəllimlərin işə qəbulu üzrə dövlət imtahanı isə təxirə salınıb.