Yəmənin "Ənsar Allah" hərəkatının üsyançı husiləri Nəcran şəhərində "Saudi Aramco"nun obyektinə pilotsuz təyyarə ilə hücum etdiklərini bildiriblər.
"Report"un üsyançıların nəzarətində olan Yəmənin SABA agentliyinə istinadən məlumatına görə, bu barədə husilərin arasındakı hərbi mənbə xəbər verib.
"Yəmənin silahlı qüvvələri Nəcranda "Saudi Aramco"nun obyektinə dron vasitəsilə uğurla hücum ediblər", - agentlik mənbəyə istinadən bildirib.
Mənbənin sözlərinə görə, əməliyyat Səudiyyə Ərəbistanının döyüş təyyarələrinin şimal-şərq sərhədi olan Səda əyaləti üzərindəki hava məkanına daxil olmasına cavab olaraq həyata keçirilib.
Xatırladaq ki, 13 avqustda husilər Cizan şəhərindəki "Saudi Aramco"nun neft emalı zavoduna iki pilotsuz təyyarə ilə hücum etdiklərini açıqlayıblar.