İtlər ailə üzvlərinin qoxularını bir-birindən ayırd edə və oğurlamaq üçün məhz müəyyən bir şəxsin əşyalarını seçə bilərlər. Söhbət corab, alt paltarı və digər geyimlərdən gedir.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya Kinoloqlar Federasiyasının prezidenti Vladimir Qolubev RİAMO-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu əşyalar bədənlə birbaşa təmasda olduğundan onların üzərində insan qoxusunun konsentrasiyası digər əşyalarla müqayisədə daha yüksək olur.
“İtlər üçün tanış insan qoxusu təhlükəsizlik və mükafat hissi ilə əlaqələndirilir. Buna görə də bu qoxu onları cəlb edir”, – deyə mütəxəssis qeyd edib.
Qolubev bildirib ki, ev heyvanları ailənin müxtəlif üzvlərinin qoxularını yaxşı ayırd edirlər. Onlar hətta konkret bir şəxsin əşyalarını məqsədli şəkildə seçə bilərlər. Bunun səbəbi həmin insanın qoxusunun itə daha tanış və ya daha kəskin gəlməsi ola bilər.
Bununla belə, itlər, bir qayda olaraq, yerə düşən hər şeyi mümkün ov kimi qəbul edirlər.