NATO ölkələri vahid müdafiə istehsalı sistemi yaradır

NATO ölkələri və onların müttəfiqləri müxtəlif coğrafi regionlarda yerləşən istehsal müəssisələrini birləşdirən vahid silah istehsalı sisteminin formalaşdırılmasına başlayıblar.

Sherg.az xəbər verir ki, bu barədə “Roskongress” Fondunun “Miqyaslana bilmə və əlçatanlıq: NATO və müttəfiqlərinin hərbiləşdirilməsinə yeni yanaşma” adlı hesabatında bildirilib. Hesabatın məlumatlarını “RİA Novosti” yayıb.

Araşdırmaya görə, Qərbin hərbi-sənaye kompleksinin müasir və gələcək hərbi münaqişələrə uyğunlaşmasında əsas dəyişikliklərdən biri yanaşmanın yenilənməsidir. Belə ki, hazır hərbi texnikanın ənənəvi ixracı modeli müxtəlif ölkələrdə paylanmış istehsal sistemi ilə tamamlanır.

Hesabat müəllifləri qeyd edirlər ki, vahid müdafiə istehsalı sisteminin yaradılması texnologiyaların genişmiqyaslı ötürülməsini, birgə müəssisələrin qurulmasını və tərəfdaş ölkələrin ərazisində həm hücum, həm də müdafiə silahlarının yerli istehsalının lisenziyalaşdırılmasını əhatə edir.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun Rusiyanın mümkün “hücumu” ilə bağlı hesabatını və Alyansın Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkevıçın strategiyasını şərh edərkən bu cür bəyanatları “səyyar dəlixana” adlandırıb.