Ermənistanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılır?

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın yaxın vaxtlarda ölkəsinə qayıdacağı bildirilir. Sherg.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ermənistan hakimiyyəti hələ yay aylarında Arsenyanı vəzifəsindən geri çağırmaq və onun yerinə Samvel Mkrtçyanı təyin etmək qərarına gəlib. Lakin yeni səfirin təyinatı uzandığı üçün Arsenyan fəaliyyətini davam etdirib.

Qəzetin iddiasına əsasən, Arsenyan artıq əşyalarını toplamağa başlayıb. Yeni səfir vəzifəsinə namizəd göstərilən Samvel Mkrtçyanın Rusiyadan aqreman alması məsələsinin isə hələ də gündəmdə olduğu bildirilir.

Qeyd edək ki, noyabrın 1-də Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Mkrtçyanın namizədliyini təsdiqləməkdən imtina etməsi barədə Ermənistan mediasında yayılan məlumatı təkzib etmişdi.