PKK/KCK terror təşkilatı Türkiyədə davam edən “Terrorsuz Türkiyə” prosesi çərçivəsində İraqın şimalındakı Hakurk bölgəsində yerləşən 14 sığınacaq məntəqəsini boşaldıb.
Sherg.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri DHA-ya istinadən məlumat yayıb.
Məlumata görə, noyabrın 18-dən etibarən boşaldılan məntəqələr arasında Ciğer Təpə, Şərif, Alişer, Kendekola, PAJK, Baran Cephanelik, Hınere, Terzihane, Mazlum Doğan, Pratik Yönetim, Cephanelik, Yusuf-Asayiş, Hemin və Cesur əraziləri var.
Türkiyənin Milli Müdafiə Nazirliyi həmin mağara və sığınacaqları istifadəyə yararsız vəziyyətə gətirəcək.
Qeyd edək ki, PKK/KCK daha əvvəl, oktyabrın 8-də İraqın şimalındakı Metina bölgəsinin Baze ərazisində yerləşən 4 sığınacaq məntəqəsini də boşaltmışdı.
Türkiyənin təhlükəsizlik mənbələri bildiriblər ki, ərazidəki müsbət dəyişikliklər silahsızlanma mərhələsində irəliləyişin göstəricisidir və region ölkələrinin milli təhlükəsizliyinə, siyasi sabitliyinə töhfə verir. Onların sözlərinə görə, bu prosesin uğurla başa çatması üçün sahədə konkret və yoxlanıla bilən addımların atılması vacibdir.