BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etmiş ölkələri iqlim dəyişikliyinə uyğunlaşma üçün ayrılan maliyyə vəsaitini üç dəfə artırmağa çağırıb.
Sherg.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Quterreş Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) yekunlarından sonra bəyanatla çıxış edib. O, konfransın hərtərəfli nəticə üzrə razılaşma əldə olunmadan başa çatmasından dərin məyusluq duyduğunu bildirib.
Baş katibin sözlərinə görə, qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün bu onillikdə istixana qazı emissiyaları sürətlə və köklü şəkildə azaldılmalıdır. O, fosil yanacaqlardan asılılığın iqlim böhranını dərinləşdirdiyini vurğulayıb.
Quterreş inkişaf etmiş ölkələri maliyyə öhdəliklərini yerinə yetirməyə, uyğunlaşma maliyyələşməsini üç dəfə artırmağa və vəsaitin iqlim böhranından ən çox zərər çəkən ölkələrə çatmasını təmin etməyə çağırıb. O, bu vədlərin konkret tarixlər və maliyyə mənbələri ilə dəstəklənməsinin vacibliyini qeyd edib.
BMT-nin Baş katibi, həmçinin COP31-ə ev sahibliyi etdiyinə görə Türkiyəyə, Prezident Rəcəb Tayyib Ərdoğana və türk xalqına təşəkkürünü bildirib.