- Bakı-Roma xəttində yeni strateji mərhələ başlayır
Azərbaycan və İtaliya arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək siyasi, iqtisadi, enerji və digər mühüm istiqamətlər üzrə dinamik inkişaf edir. İki ölkə arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr həm ikitərəfli əməkdaşlıq, həm də Azərbaycanın Avropa ilə münasibətlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olması, enerji təhlükəsizliyində mühüm rol oynaması və ölkəmizin Avropa bazarına çıxış imkanlarının genişlənməsinə töhfə verməsi bu əməkdaşlığın strateji əhəmiyyətini artırır.

Noyabrın 23-də Prezident İlham Əliyevin İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul etməsi də ikitərəfli münasibətlərin gündəliyində duran məsələlərin müzakirəsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı siyasi əlaqələrin möhkəmləndirilməsi, iqtisadi-ticari dövriyyənin artırılması, qarşılıqlı investisiyaların təşviqi, enerji, müdafiə sənayesi, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Bununla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, İtaliyanın enerji və tranzit imkanları, eləcə də Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunan əsas mövzulardandır. Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi və TRIPP layihəsinə də toxunulması İtaliyanın Cənubi Qafqazda gedən proseslərə və regionun nəqliyyat-kommunikasiya imkanlarına marağını nümayiş etdirir. Bütün bunlar Azərbaycan-İtaliya münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və beynəlxalq müstəvidə əhəmiyyətinin artdığını göstərir.
Politoloq Asif Nərimanlı Sherg.az-a söyləyib ki, İtaliya Avropada Azərbaycanın ən yaxın münasibətlərə malik olduğu ölkələrdən biridir:

“Hər iki ölkənin həm siyasi, həm də ticarət əlaqələrinə baxdıqda, bu əlaqələrin inkişaf edən xətt üzrə davam etdiyini görürük. Təbii ki, ticarət dövriyyəsinin daha da artması, ümumiyyətlə, həm humanitar, həm müdafiə sənayesi, həm kənd təsərrüfatı, həm də sənaye kimi istiqamətlərdə əməkdaşlıq perspektivləri var. Hesab edirəm ki, bu cür görüşlər ticarət əlaqələrinin daha da inkişaf etməsinə, bu istiqamətlər üzrə əlaqələrin qurulmasına və genişlənməsinə zəmin yaradacaq.
İtaliya və Azərbaycanın enerji sektorundakı əməkdaşlığı Azərbaycan üçün yeni perspektivlər açır. Bunu qeyd etmək lazımdır. Çünki İtaliya bilir ki, Azərbaycan Avropanın enerji təchizatında əsas rol oynayan ölkələrdən biridir və Avropa İttifaqının üzvü olan ondan çox ölkəyə enerji, qaz ixrac edir.
İtaliya bu məsələdə Mərkəzi Asiya, həmçinin Mərkəzi və Qərbi Avropa ölkələrinə Azərbaycan enerji resurslarının çatdırılmasında qapı rolunu oynaya bilər. Cənub Qaz Dəhlizi məhz TAP layihəsi vasitəsilə İtaliyadan Avropaya çıxır”.
Analitik bildirib ki, İtaliya bir növ Avropanın enerji bazarında Azərbaycanın rolunun artmasında paylayıcı mərkəz rolunu da oynaya bilər:
“Təbii ki, burada İtaliyanın özü də qazın gəldiyi tranzit imkanları baxımından, o cümlədən özünün enerji təminatında Azərbaycan enerji resurslarından istifadə etməklə fayda əldə edir. Bununla yanaşı, Azərbaycan İtaliya və İtaliyanın tranzit imkanları sayəsində Avropa bazarında öz mövqelərini gücləndirə bilər. İtaliya bu baxımdan Azərbaycan üçün strateji əhəmiyyətə malik bir ölkədir. Təbii ki, Azərbaycanın Avropanın enerji bazarında mövqelərini gücləndirməsi və bu bazarda daha da irəliləməsi üçün İtaliya yeni bir qapı, yeni bir çıxış imkanıdır”.
Ekspert qeyd edib ki, burada ən önəmli məsələ Azərbaycan-İtaliya münasibətlərinin iqtisadi və digər enerji strukturları üzrə əməkdaşlığının güclənməsi, siyasi münasibətlərin inkişaf etməsidir:
“İtaliya Avropa siyasətinin əsas ölçülərindən biridir, eyni zamanda NATO üzvüdür. Bu ölkənin Avropa siyasətində müəyyən bir ağırlığı var. Belə bir ölkə ilə əməkdaşlıq Azərbaycanın Avropadakı siyasi mövqelərini daha da gücləndirir. Eyni zamanda, İtaliyanın Qafqazdakı proseslərə maraq göstərməsi, Azərbaycanla münasibətlərin qurulması, nəqliyyat dəhlizinin inkişaf etməsi və TRIPP layihəsinə maraq göstərməsi, təbii ki, Avropanın regionla bağlı mövqeyinə təsir edə biləcək amillərdəndir. Bu da bizim xeyrimizədir, regionun xeyrinə olan amillərdəndir. Azərbaycan-Ermənistan arasında artıq sülh prosesi böyük ölçüdə inkişaf edir və bunun ən önəmli parçalarından biri nəqliyyat dəhlizinin açılması, TRIPP layihəsinin həyata keçirilməsidir. Regiondakı kommunikasiyaların qurulması ardınca Orta Dəhlizin də perspektivlərini gücləndirən amildir. Təbii ki, Orta Dəhlizin gücləndirilməsi Avropanın da marağında olan bir layihədir. Avropanı Orta Dəhlizin əsas çıxdığı bazar olaraq qiymətləndirə bilərik. Bu mənada Avropanın sözügedən dəhlizə, marşruta, layihəyə maraq göstərməsi onun perspektivlərini gücləndirir. Təbii ki, bu proses Azərbaycan üçün önəmlidir. Çünki Azərbaycan Orta Dəhlizin əsas həlqələrindən biridir və Azərbaycanın marağındadır ki, Orta Dəhliz daha da inkişaf etsin və gələcəkdə Avropa ilə Asiya arasında əsas tranzit xəttinə çevrilsin. Çünki bu baş verəcəyi təqdirdə Azərbaycan əsas tranzit xətlərindən biri kimi həm siyasi, həm də iqtisadi imkanlarını genişləndirəcək.
Bu prosesdə İtaliyanın bölgəyə və bölgədəki nəqliyyat dəhlizinə maraq göstərməsi, ümumiyyətlə, Avropanın bölgəyə, həmçinin Orta Dəhlizə marağını artırmağa zəmin yaradan amillərdəndir”.