Politoloq: İranla ABŞ arasında anlaşmanın əldə olunmasında Vladimir Putinin mühüm rolu olub

İyunun 19-da İsveçrədə ABŞ və İran arasında imzalanacağı planlaşdırılan razılaşma beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Sənədin əsas məqsədinin nüvə silahının yayılmasının qarşısının alınması və Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi olduğu qeyd edilir. Bununla belə, razılaşmanın nəzərdə tutulan tarixdə imzalanıb-imzalanmayacağı ilə bağlı müəyyən tərəddüdlər və narahatlıqlar da qalmaqdadır. 

Bu razılaşmanın əsas şərtləri kimi nüvə silahının yayılmasının qarşısının alınması və Hörmüz boğazında azad gəmiçiliyin davam etdirilməsi göstərilir. Qarşı tərəf olan İranın da sazişi təsdiqlədiyi, BMT Baş katibi Antonio Quterreşin isə belə bir razılaşmanı alqışladığı bildirilir.

Siyasi şərhçi Vüqar Dadaşov Sherg.az-a bildirib ki, bu sazişin İranın, yoxsa ABŞ-ın strateji-hərbi və diplomatik qələbəsi kimi qiymətləndirilməsi ətrafında müxtəlif fikirlər mövcuddur. Əslində isə vəziyyət daha mürəkkəbdir:

"İran bu qarşıdurmada ağır hərbi, humanitar və inzibati infrastruktur itkiləri ilə üzləşib. Müharibənin ilk günündə İranın 50-dən çox yüksək vəzifəli şəxsinin öldürülməsi və ölkənin faktiki olaraq idarəetmə baxımından başsız qalması İranın hərbi məğlubiyyətinin danılmaz göstəricisidir. Ancaq bu hərbi məğlubiyyət fonunda ABŞ-ın qələbə qazandığını söyləmək də birmənalı deyil. Çünki ABŞ Prezidenti Donald Tramp məhz ilk prezidentliyi dövründə İranla nüvə sazişindən çıxmışdı. Həmin qərarın nəticəsində İran öz nüvə proqramını daha sürətlə inkişaf etdirməyə başlamışdı. Bu baxımdan, bu gün əldə olunduğu bildirilən saziş əslində Donald Trampın ilk prezidentlik dövründə verdiyi yanlış qərarın (08.05.2018-ci il (JCPOA) doğurduğu nəticələrin etirafı kimi də qiymətləndirilə bilər. Əgər əvvəlki nüvə sazişində İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında daha geniş və əhatəli öhdəliklər mövcud idisə, yeni razılaşmanın həmin şərtlərlə müqayisədə daha zəif olduğu və İranın maraqlarına daha uyğun formalaşdığı göz qabağındadır".

V. Dadaşov bildirib ki, ABŞ İranla bu müharibədən iqtisadi gəlirlərlə yanaşı, həm də Çinə qarşı müəyyən uğur əldə edib:

"Pekinin artıq iqtisadi inkişaf tempi nəzərəçarpacaq dərəcədə azalıb. Bu faktı isə idxal etdiyi neft və qaz həcminin azalması sübut edir. Yeri gəlmişkən, bu müharibədə ən çox udan tərəf İsrail və Rusiya oldu. Ancaq ABŞ hərbi baxımdan üstünlük əldə etsə də, Donald Tramp hakimiyyətinin İran qarşısında siyasi və strateji məğlubiyyəti daha aydın görünür. Artıq ABŞ Yaxın Şərqin, ərəb dünyasının hegemonu deyil, İran ABŞ-a müqaviməti ilə Körfəz ölkələri üzərində "leverage" (təsir və təzyiq imkanı) qazandı".

Razılaşmaya gəldikdə isə, siyasi şərhçi bildirib ki, Pakistanın vasitəçilik rolu böyükdür. Lakin analizlər göstərir ki, İranla ABŞ arasında anlaşmanın əldə olunmasında Rusiyanın, prezident Vladimir Putinin mühüm rolu olub: 

"Razılaşmadan dərhal sonra Donald Trampın Vladimir Putinlə telefon danışığı aparması, daha sonra isə ABŞ və Rusiya nümayəndələri arasında Moskvada yeni görüşlərin planlaşdırılması bu ehtimalları gücləndirir. Son dövrlərdə Rusiya–Ukrayna müharibəsində ABŞ-ın və xüsusilə Trampın proseslərə təsir imkanlarının azalması, Ukraynanın hərbi sənayesinin nəzərəçarpacaq dərəcədə güclənməsi Rusiyanı mürəkkəb vəziyyətlə üz-üzə qoyub. Bu fonda belə bir fikir də səslənir ki, İran məsələsində Trampın nüfuzuna ağır siyasi zərbə dəyməsinin qarşısını alan əsas amillərdən biri məhz Rusiyanın pərdəarxası vasitəçiliyi olub. Demək, gələcəkdə Kremlin bunun müqabilində ABŞ-dan müəyyən siyasi kompensasiya gözləməsi istisna deyil. Və təbii ki, əsas istiqamət Ukrayna məsələsi ola bilər. Lakin mövcud geosiyasi vəziyyət, Ukraynanın müstəqil hərbi imkanlarının güclənməsi onu göstərir ki, artıq Ukrayna ilə bağlı proseslər Trampın birbaşa təsir imkanlarından kənara çıxır".